11 Noyabr 2019

“Soğan olsun, nəqd olsun” fikriylə yaşayan xalqın “İlhamdan başqa kimsə...” deməsinə...

Diqqət!!! Mətndə soğan var! Ona görə də “soğan yeməmisən için niyə göynəyir” deyiminə layiq olan insanlara əvvəlcədən xəbərdarlıq edirik ki, oxumasınlar. Çünki soğan kimi acı, yəni həqiqət olan sözləri “yeyəndən” sonra içləri beşbətər göynəyəcək. Odur ki, TROLLAR, GÖZƏGİRNLƏR uzaq olsun.

Qardaş, bineyi-qədimdən bizim xalq “soğan olsun, nəqd olsun” fikriylə yaşayır. Turistlərə, bir də bineyi-qədimdə anadan olmayıb, təzə-təzə dilə açan gənc nəsil üçün bu məsəlin harda və necə işlənməsini yazaq. Məsələn, bir azərbaycanlı bütün məmur-nazir ordusuna tüpürüb, nefti üzünə çəkənlərin, gözünə soxanların, balışının altına qoyub yatanların, bir sözlə xalqa verməyənlərin yeddi arxa dönəninə söyüb gedib 15 saat inşaatda günü 15 manata işləyəndən sonra inşaat briqadiri ona “pul bu gün yoxdur, gələn həftə veriləcək” deyəndə o da deyir ki, əşşi nə qədər var verginən, soğan olsun amma nəqd olsun.

İndi ay qardaş, “soğan olsun nəqd olsun” fikriylə soğan çörək yeyib yatan və acından günorta duran xalqın “əşşi, o da gəlsə İlham kimi xalqı soyub talayacaq” deməsini eşidəndə soğandan gözü çıxan adam kimi gözlərin yaşarmaması, soğan yeməyən yox e, elə soğan yeyən kimi için-çölün göynəməməsi mümkün deyil.

Deməli, həyatın bütün sahələrində “soğan olsun nəqd olsun” deyən adamlar növbə mitinqə çıxmağa çatanda deyir ki, əşşi, o da gəlib İlham kimi soyub soğana çevirəcək. Heç olmasa İlham Əliyev bu qədər soyub gözləri doyub. O gəlsə daha betər soyulacağıq. Əlbəttə, söhbətin dərinliyinə gedəndə belə deyənlərin 80 faizinin polislər, mtnşiklər tərəfindən dərisinin soğan kimi soyulmaması üçün belə dediyi gün kimi aydındır. Yoxsa hamı bilir ki, hələ gəlməyən adamın gəlib necə olacağını bilmək olmaz, sadəcə təxmin etmək olar. İlham Əliyev isə nəqdi gəlib, təxmin yox, yəqin, dəqiq bilirik ki, 16 ildir özü, ondan əvvəl 10 il də dədəsi xalqa etdiyini edib. Həyatın bütün sahələrində “soğan olsun nəqd olsun” deyən xalq bu yerdə “nəqd zülmü” soğan atəşinə tutmur, nisyənin pisliyindən danışır.

İnqilab etməyin yolu isə soğandan imtina etməkdən keçir. Biz soğandan mütləq şəkildə imtina etməliyik. Çünki soğan yeməyə razı olduqca zalım elə bilir ki, elə bu cür də olmalıdır. Soğandan imtina etsək mitinqlərə “ağzımdan soğan iyi gəldiyi üçün danışa bilmirəm” bəhanəsiylə getməmək kimi bir kompleksimiz də olmayacaq. Rahatca gəlib meydanlara “rədd ol”, “istefa” deyə biləcəyik.
Bəlkə də bədbəxt xalqı elə günə qoyublar ki, nəqd Əliyev zülmünü qoyub nisyə qeyri-Əliyev zülmünü qarşılamaq istəmir. Yəni bu yerdə də “soğan olsun nəqd olsun” nəzəriyyəsi ilə yaşayır, amma kəlləmayallaq bir şəkildə tətbiq edir. Odur ki, 26 ildir soğan çörək yeyib Allahlarına şükür edirlər.


1456 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP