19 Oktyabr 2019
Gəncəli anaların başına gələn bütün anaların başına gələ bilər yox, elə gəlib də

Azərbaycanda artıq etirazlar baş qaldırıb. İqtidar saytları, trolları, GÖZƏGİRƏNLƏRİ özləri də etiraf edir ki, artıq xalq oyanır. Hətta hakimiyyətə öz yaltaqlığı ilə xüsusi seçilən Müsavat qəzeti də İlham Əliyevin yeni Azərbaycan modelina dair işlər görməsi anonsunu verir.
Azərbaycanın müxtəlif regionlarında, xüsusiylə də Bakıda gəncəli anaların fəryadına hay vermək lazımdır. Bu iş, şərlənmək, zülmə məruz qalmaq əlbəttə bir gün digər anaların da başına gələ bilər. Əlbəttə gələ bilər yox, gəlib də. Çünki bu ölkədə bir ananın balası elə bütöv xalqın balasıdır. Çünki o bala hərbi xidmətə gedib vətəni düşməndən qoruyarkən təkcə öz anasını deyil, bütün anaları, ataları, balaları qoruyursa həbs ediləndə, zülmə məruz qalanda da hamının borcudur ki, onu müdafiyə eləsin. Onsuz da ölkədə zülmə məruz qalmayan bir ailə tapmaq mümkün deyil. Xalq məhkəmələrin rüşvətxorluğundan, şikayət ərizələrinə baxılmamasından, bütün dövlət idarələrin rüşvətlə işləməsindən, maaşların azlığından, işsizlikdən, acından ölməkdən şikayət edir. Bir zamanlar siyasi baxışlarına görə insanlar həbs edilirdisə, artıq dini inancına görə də həbs edilir.
Bizim xalqda iki şeyin olmasını hamı deyir. Biri vəhdətsizlik, digəri dözümlülük. Hələ o vaxtdan indiki yaramaz rejimin banisi ata Əliyev “Azərbaycan xalqı dözümlü xalqdır” deməklə bu məsələyə işarə etmişdi. Amma bıçaq sümüyə dirəndiyi vəziyyətdə dözümlü olmaq mümkün deyil. Nə Qarabağın ermənilər tərəfindən işğalına, nə də yerdə qalan 80 faizin bir ailə hakimiyyəti tərəfindən işğala məruz qalmasına xalq göz yummamalıdır. Oturub gözləməməliyik ki, gəlib bizim də balalarımızı həbs etsinlər, sonra biz də etiraz edək. Əgər bu məntiqlə yaşasaq, bu gün balası zülmə məruz qalan gəncəli ananın fəryadına “mənim neyimə lazımdır?” məntiqiylə cavab verməsək, sabah bizim də balalarımız həbs ediləndə onlar bu məntiqdən çıxış edəcəklər. Beləliklə də vəhdətsizlik, pərakəndəlik, yəni zəiflik və süstlük daha da dərinləşəcək.