20 Sentyabr 2019

Rəhmətlik Murad Köhnəqalanın Əli Həsənovla bağlı unutduğu bir həqiqət

Əli Həsənov digər YAP üzvləri, hakimiyyət nümayəndələri, İlham Əliyevin yaxın köməkçiləri kimi sosial şəbəkədə tənqidə, Murad Köhnəqala demişkən, bəzən də təhqirlərə məruz qalır. Həsənovun bu istiqamətdə yeganə çıxış yolu istefa verib xalqın tərəfinə keçməkdir. Elə digərlərinin də.
Murad Köhnəqala məqaləsində başı batmış, jurnalistlərin burnundan gəlmiş ev məsələsinə toxunaraq əvvəlcə özünü sığortalayır. Deyir ki, Əli Həsənovu tanımadığı üçün yazdıqlarının (yəni yaltaqlıqlarının) ona ev verilməsiylə heç bir əlaqəsi yoxdur. Zatən elə digər jurnalistlər də mövzuya ya bu cür giriş edir, ya da çıxanda bu cür nostalji bitirir mövzunu.

Bir şey isə həqiqət olaraq qalmaqdadır. Bu YAP, xüsusilə Əli Həsənov, Siyavuş Novruzov kimi insanlar xalqın gözündən o qədər düşüb ki, onları nəinki tərifləyən GÖZƏGİRƏNLƏR hətta adını çəkəndə lənət göndərməyən, ən azından adının qabağına “yaramaz” yazmayan insanların yazısı çap olunanda onlara ya “trol” deyilir, ya da GÖZƏGİRƏN. Murad kimi yazarlar da ha çalışır ehtiyatlı yazsın, Əli Həsənovun güdəzına getməsin, amma alınmır. Bu məmurlar o qədər alçalmış insanlardır ki, hətta ev verdikləri insanlar belə xalqın onlara “yaltaq” deməsindən çəkindikləri üçün onları müdafiə etmək istəmir, bu işi özlərinə “zapadlo” bilirlər. Belə də olmalıydı, siz xalqı süründürün, xalq da sizə “çox sağ ol” deyəcəkdi?

Amma Murad Köhnəqalaya köhnədənqalma fikirləri barədə xatırlatmaq istədiyimiz həqiqət bu deyil.

Həqiqət bundan ibarətdir ki, o deyir: “Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm.” Bu cümlələrin özündə ləkələmə vardır. Çünki adam gözəl bilir ki, onların haqqında tənqidlər, lap təhqirləri yazanlar da xalqdır. Köhnəqala isə xalqı bu cür aşağılamaqla elə evə görə Həsənova qahmar çıxan insan təsiri bağışlayır. Bundan da keçirik. Ən mühüm məsələ budur ki, hörmətli ev alan yazıçı fikirlərini Aristoteli heyrətdə qoyacaq bir fəlsəfəylə tamamlayır. Deyir: “Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardır.” 

Xatırlatmaq istədiyimiz həqiqət budur ki, Əli Həsənov dövlət də deyil, dövlət simvolu da. Dövləti dövlət kimi formalaşdıran xalqdır. Xalq istəsə bu dəqiqə nəinki Həsənovu, İlham Əliyevi vəzifədən kənarlaşdırıb öz istədiyi, arzu etdiyi dövləti qurar. Ərazilərdə tarix boyu müxtəlif hakimiyyətlər və dövlətlər olmuş, hətta köhnə qanunları dəyişib yeni qanunlar gətirmişlər. Əli Həsənovu tənqid edən, hətta təhqir edən insanlar isə onu dövlətin simvolu yox, siçovulu, vətənin oğlu yox, oğrusu bilən adamlardır. Onlar belə etiqadda olduqları üçün Həsənovu tənqid edirlər. Onların fikrinə görə Həsənov dövlət düşməni, vətən xainidir. Yəqindir ki, Həsənovu Köhnəqala dediyi kimi simvol, nə bilim gerb, himn bilsəydilər belə etməzdilər. Bu bəsit məsələni Köhnəqala anlaya bilmirsə... Anlaya bilmir yox, gözəl anlayır, amma çarəsini ev kəsir.

Bu cür yaltaqlanmağıyla Köhnəqala özünü mənəvi ucalıqdan atıb öldürdü. Bizik haqqında “rəhmətlik” sözünü yazırıq. Başqası onun dediklərini oxusa onu da Həsənovun olduğu siyahiyə salar.


2931 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP