25 Mart 2019
Ədalətmərkəzlilik
إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara yaxşılıq etməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və zülm etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız." (Nəhl, 90).
İzah: Yuxarıdakı ayə dini cəmiyyət üçün ən əhatəli əxlaqi göstərişləri ehtiva edir. Bu ayədə söhbət açılan altı mühüm (əxlaqi) prinsip aşağıdakılardır: ədalət, yaxşılıq, qohumlara yaxşılıq, iyrənc işlər görməmək, pis əməllərdən çəkinmək və zülm etməmək. Ədalət hər şeyi öz yerində, öz məqsədi istiqamətində yerləşdirməkdir. Ədalətin həm fərdi yönü var, həm də ictimai. Yuxarıdakı ayə ictimai ədalətə, yəni cəmiyyətdə insanlara ləyaqətinə görə önəm verilməsinə işarə edir. Yaxşılıqda məqsəd başqasına yaxşılıq etməkdir. Bu, dini cəmiyyətin problemlərinin həlli istiqamətində mühüm bir ehtiyacdır. Bu yaxşılığın bariz nümunələrindən biri qohumlara yaxşılıqdır və böyük önəminə görə xüsusi qeyd edilmişdir.
Hədis: İslam peyğəmbəri (s): “Təqva, Allahın bu kəlamında xülasə olunmuşdur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara yaxşılıq etməyi əmr edir ...” (Məcməül-bəyan, c. 1, səh. 118).