11 Yanvar 2019
Allahın rəhmətinin qəzəbini önləməsi
Allahın qəzəbi də Onun ümumi mərhəmətinin nümunələrindəndir

غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ لَا إِلَٰهَ إِلَّا هُوَ إِلَيْهِ الْمَصِيرُ
"(Bu), günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır." (Ğafir, 3).
İzah: Bildiyimiz kimi Allah-Taala bir sıra sifətlərə malikdir ki, onun bəşəri nümunələri ziddiyyətli görünür. Misal üçün, Allah rəhmət və qəzəb sifətlərinə malikdir. Buna baxmayaraq, Allahın rəhməti daim qəzəbindən öndədir. Hətta dəqiq yanaşarsaq, Allahın qəzəbi də Onun ümumi mərhəmətinin nümunələrindəndir. Çünki o olmadan yaradılış sistemi pozular və zalımlar yeri tamamilə fəsada sürükləyərlər. Yuxarıdakı ayədə Allahın rəhmət və qəzəb sifəti yanaşı qeyd olunmuşdur ki, bəndələri ümid və qorxu arasında saxlasın. Bu sifətlərin arasında Allahın qəzəb sifəti (شَدِيدِ الْعِقَاب) Onun bir neçə rəhmət sifətinin arasında verilmişdir və bu da dünyanın əsas etibarilə Allahın mərhəməti üzərində qurulmasına bir dəlildir.
Hədis: İmam Səccaddan (ə) soruşdular: “Həsən Bəsri deyir ki, Qiyamətdə kimsə həlak olarsa, təəccüblənməyin. Kiminsə nicat tapması təəccüblüdür”. Buyurdu: “Mən isə deyirəm ki, kimsənin nicat tapmasına təəccüblənməyin. Ona təəccüblənin ki, Allahın rəhməti bu qədər geniş olduğu halda necə həlak olmuşdur?” (Əmali, Mürtəza, c. 1, səh. 162).