06 Yanvar 2019
Allahın möminlərə məxsus rəhməti
Allah bəndələrinə rəhm edən, hətta Ona itaət etməsələr də onlara ruzi verən Rəhmandır
يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
"O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir." (Ali-İmran, 74).
İzah: Qeyd olunduğu kimi Allahın rəhmət süfrəsi dünyanın bütün məxluqatı üçün açılmış, hamını qidalandırır və faydalandırır. Amma eyni zamanda Allahın möminlərə və ilahi övliyalara məxsus xüsusi lütf və rəhməti də vardır. Bu rəhmətin bariz nümunələri kimi daha çox ibadət və bəndəlikdə uğur qazanmağı, Əhli-beyt (ə) vilayətini, axirət mükafatına nail olmağı və s. göstərmək olar. Bu rəhmətin möminlərə məxsus olmasına səbəb odur ki, onlar ilahi rəhmətdən doğru yolda istifadə etmiş və buna görə də ilahi rəhmət və lütfə nail olmaq üçün daha çox qabiliyyət və istedada malikdirlər. Başqa sözlə, məhz kafirlər ilahi nemətlərin qarşılığında naşükürlük etməklə Allahın lütf qapılarını öz üzlərinə bağlayır və daha çox nemətdən məhrum olurlar.
Hədis: İmam Həsən Əsgəri (ə): “Allah bəndələrinə rəhm edən, hətta Ona itaət etməsələr də onlara ruzi verən Rəhmandır. O həm də Rəhimdir. Çünki möminlərin ibadətlərini yüngülləşdirmişdir.” (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 34, hədis: 12).