12 Dekabr 2018
Böyük günahları tərk etmək kiçik günahların məhvinə səbəb olur
Bilərəkdən kiçik günah etmək insanda böyük günah etməyə də cəsarət yaradır
إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا
"Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik." (Nisa, 31).
İzah: Yuxarıdakı ayə günahkar bəndələrə bu müjdəni verir ki, böyük günahlardan çəkindikləri halda onların kiçik günahları da bağışlanacaqdır. Böyük günahlarda məqsəd – məşhur versiyaya görə, – Quranda əzab vəd edilən günahlardır. Allahın bu gözəl vədi bəndələrin böyük günahlardan çəkinməyə daha çox diqqət etməsinə, özünütərbiyə və nəfsi saflaşdırmaq istiqamətində naümid olmamasına səbəb olur. Diqqət etmək lazımdır ki, sözügedən ayə heç bir vəchlə kiçik günahları etmək icazəsi deyil. Çünki birincisi, kiçik günahlar israr və təkrarla böyük günaha çevrilir. İkincisi, bilərəkdən kiçik günah etmək insanda böyük günah etməyə də cəsarət yaradır. Üçüncüsü, günahı kiçik sanmaq və ona laqeyd yanaşmaq özü də böyük bir günahdır.
Hədis: İmam Sadiq (ə): “Qiyamət günü günahkar mömin gətiriləcək və Allah onu sorğulayacaq. ... Belə ki, onu bütün günahlarından xəbərdar edəcək. O isə davamlı olaraq deyəcək: “Bilirəm”. Sonra ona buyuracaq: “Dünyada sənin günahlarının üstünü örtdüm. Bu gün isə onları bağışlayıram. Bəndəmin günahlarını yaxşılığa çevirin.” (Məhasin, səh. 170, hədis: 136).