04 May 2018
İLAHİ VƏDLƏRİN HƏYATA KEÇMƏ ŞƏRAİTİ
«İlahi göstərişlərə əməl edənlər bizim dostumuz, etməyənlər isə düşmənlərimizdir!»
İmam Sadiq (ə) öz ardıcıllarına xəbərdarlıq edir ki, şeytan ilahi vədələrin gerçəkləşmə şəraitindən nəzərinizi yayındırmaqla sizi aldada bilər. Tarixdə insanların ilahi vədələrdən düzgün faydalanmaması faktı çoxdur. Məsələn, Bəni-İsrail Firon tərəfdarlarının caynağında olarkən Allah onlara vəd edir ki, iman gətirsəniz xilas olacaqsınız. «Bəqərə» surəsinin 47-ci ayəsində buyurulur: «Ey İsrail övladı, sizə bəxş etdiyim nemətlərimi və sizi aləmdə xəlq olunmuşlardan üstün tutduğumu yadınıza salın». Bəni-İsrail bu ayədən belə nəticə çıxarmışdı ki, daha onlar üçün axirət əzabı olmayacaq. Uyğun surənin 80-cı ayəsində Allah-təala buyurur: «Siz Allahdan belə bir vəd almısınızmı?!». «Maidə» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Yəhudilər və xaçpərəstlər deyir ki, biz Allahın oğulları və sevimliləriyik. Onlardan soruş ki, bəs nə üçün Allah günahlarınıza görə sizə əzab verir?» Bu gün də yəhudilər özlərini digər millətlərdən üstün bilib onlara ağalıq etmək üçün plan çızırlar. Məsum imamların dövründə də «murciə» adlanan tayfa əzabdan qurtulmaq üçün iman gətirməyi kifayət hesab edirdilər. Təəssüf ki, Əhli-beyt (ə) ardıcılları arasında da belə yanlış qənaətə gələnlər də var. Bəziləri elə düşünür ki, cəhənnəm əzabından qurtarmaq üçün Əhli-beyti sevmək kifayətdir. Hətta imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə də belələri olub. Hansı ki, imam Baqir (ə) buyurmuşdur: «İlahi göstərişlərə əməl edənlər bizim dostumuz, etməyənlər isə düşmənlərimizdir!». («Biharul-ənvar», cild 70.)
İnsanları Əhli-beyt məhəbbətinə dəvət etməkdə məqsəd günah qorxusunu qəlblərdən çıxarmaq deyil. Əgər Əhli-beyt yolu Allaha yaxınlaşma yoludursa, necə ola bilər ki, Əhli-beyti sevən insan günaha bata?! İmam Baqirin (ə) buyuruğundan belə nəticə çıxarmaq olar ki, Əhli-beyt məhəbbəti insanın əməl və rəftarından hiss olunmalıdır. Bir sözlə «sevirəm» demək kifayət deyil.
İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Bütün şiələrə çatdır ki, məqsədsiz vurnuxub yolu itirməsinlər. Günahdan çəkinib, vəzifələrə ciddi əməl etmədən bizim vilayətə yetişmək olmaz. Vilayətə yetişməyin digər şərti mömin qardaşının ehtiyacını aradan qaldırmaqdır». İnsan öz səadəti üçün çalışdığı kimi mömin qardaşının səadəti üçün də çalışmalıdır. Eləcə də, başqalarına zülm edən Əhli-beyt şiəsi ola bilməz. Əhli-beytə məhəbbətin izharı, onlar haqqında şeir oxuyub əzadarlıq etmək, vilayət əhli olmaq üçün azdır. Sözsüz ki, bir damla Əhli-beyt məhəbbəti də qənimətdir. Amma həqiqi şiəlik üçün təkcə məhəbbət kifayət deyil.