Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2017

DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!

Buyurulur ki, insanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur.
Əmirəlmömininin İmam Əli (ə) öz övladlarına həyatının son anlarındakı vəsiyyətində buyurur: 

«Dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin.»

Yəni, insan dünya ləzzətlərinə uyub axirəti yaddan çıxarmamalı, Allaha ibadət-itaət sayəsində əldə olunan kamilliklərdən məhrum olmamalıdır. İnsan təbiətən dünya və onun ləzzətlərinə əlaqəli olduğundan insanı bu bağlılıqdan və əsarətdən çəkindirən ayə və rəvayətləri nəzərdən keçirdik. İşarə etdik ki, dünya müəyyən şərtlər çərçivəsində pislənilir. Yəni dünya özü özlüyündə Allahın yaratdığıdır və onda heç bir nöqsan yoxdur. Məzəmmət olunan dünya yox, ona bağlılıq, ona aldanışdır.
Buyurulur ki, insanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur. Yəni elə bir hal ki, dünyaya maraq axirət maraqlarına mane olur. Bəziləri dünyanı məzəmmət edən ayə və rəvayətlərdən belə bir nəticə çıxarır ki, insan dünya həyatını boşlayıb bir kənara çəkilməli və yalnız ibadətə məşğul olmalıdır. Əlbəttə ki, belə bir qənaət kökündən yanlışdır və İslam təlimləri ilə bir araya sığmır. Məqsəd insanın tərki-dünya olması deyil. Biz dünyada vəzifələrimizi yerinə yetirməli, işlərimizdə Allahın razılığını nəzərdə tutmalıyıq. Əgər dünya ləzzətlərinə əsir olub bir növ «ləzzətpərəst» olsaq, tədricən haram işlərə də yol verərik. Bəli, əgər vəzifəmizi yerinə yetirib ilahi göstərişlərə itaət etsək təbii şəkildə halal ləzzətlərdən də faydalanacağıq. Bir sözlə, insan dünya ləzzətlərini özünə həyat məqsədi seçməməlidir.
Dünyadakı işləri Allah razılığı üçün yerinə yetirmək bir o qədər də çətin deyil. Rəvayətlərdə qeyd olunduğu kimi, ailənin ehtiyaclarını təmin etmək özü bir ibadətdir: «Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan insan Allah yolunda vuruşan insan kimidir.» ("Biharul-ənvar", c.96, s.324, rəvayət 13, bab 42.)
Şübhəsiz ki, İslam cəmiyyətində işlərin idarəsi üçün sənətə, əkinçiliyə, ticarətə və bu qəbildən olan digər işlərə ehtiyac var. İslam cəmiyyətinin ehtiyaclarını təmin etmək məqsədi ilə bu sahələrdə çalışan insanın işi ibadətdir. Belə bir təlaş zahirən dünya işi kimi görünsə də, əslində axirət məqsədlidir. Dövrümüzdə bu məsələ özünü daha qabarıq göstərir. İslam cəmiyyətinin inkişafı elm və sənət, əkinçilik və ticarət sahəsində gecə-gündüz təlaşlardan asılıdır. Uyğun sahələrdə çalışmalar olmadan bir millətin gerçəkdən müstəqil olması mümkünsüzdür. Buna görə də istənilən bir şəxs istənilən bir sahədə İslam cəmiyyətinə xidmət məqsədi ilə çalışarsa, onun hər dəqiqəsi axirət yönümlüdür. Abdullah ibn Əbu-Yəqur nəql edir: İmam Sadiqə (ə) ərz etdim ki, siz bizi dünya məhəbbətindən çəkindirsəniz də biz dünyanı sevirik. Həzrət buyurdu: «Dünya və onun malını nə məqsədlə istəyirsən?» Ərz etdim ki, Həccə getmək, sədəqə vermək, yaxınlarıma və qohumlarıma əl tutmaq, yoxsullara yardım göstərmək üçün.» Həzrət buyurdu: «Bu dünya yox, axirət üçün çalışmaqdır.» ("Biharul-ənvar", c.96, s.62, rəvayət 30, bab 122.)
Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir. Daha pisi odur ki, insan haram işlər üçün pul soraqlaya.


5290 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP