22 Sentyabr 2017
PEYĞƏMBƏRİN (S) VƏFATINDAN SONRA XÜSUSİ İNSANLAR QRUPUNUN BÜDRƏMƏSİ
Öncə İslamda xidməti olanlar - səhabələr və Peyğəmbər (s) dövrünün müharibələrində iştirak etmiş şəxslər xüsusi imtiyazlardan bəhrələndilər
Haqq tərəfdarı olan xüsusi insanlar qrupunun azma dövrü Peğəmbərin vəfatından təxminən 7-8 il sonra başladı. Xilafət məsələsi ilə ümumiyyətlə işimiz yoxdur. Xilafət məsələsi indi demək istədiyim çox təhlükəli cərəyandan fərqli bir məsələdir. Hadisələr Peyğəmbərin (s) vəfatından sonra 10 ildən az bir zamanda başlandı. Öncə İslamda xidməti olanlar - səhabələr və Peyğəmbər (s) dövrünün müharibələrində iştirak etmiş şəxslər xüsusi imtiyazlardan bəhrələndilər. Beytül-maldan daha artıq maddi bəhrələnmə o imtiyazlardan biri idi. Deyirdilər ki, onların digərləri ilə bərabər olması düzgün deyil, onları digərləri ilə eyni bilmək olmaz. Bu birinci təməl idi. Yayınma ilə nəticələnən hərəkətlər belə az nöqtədən başlanır və sonra hər bir addım sonrakını daha da sürətləndirir. Yayınmalar bu nöqtədən başladı, nəhayət Osmanın dövrünün ortalarına qədər çatdı. Üçüncü xəlifənin dövründə vəziyyət elə oldu ki, Peyğəmbərin (s) böyük səhabələri öz dövrlərinin ən böyük sərmayədarlarından sayıldılar. Diqqət yetirirsiniz? Yəni adları məşhur olan bu uca məqamlı səhabələrin - Təlhənin, Zübeyrin, Səd ibn Əbu Vəqqasın və digərlərinin hər birinin Bədrdə, Hüneyndə və Ühüddə qalın bir kitablıq iftixarlı keçmişi vardı. Onlar İslamın sərmayədarlarının birinci sırasında yer aldılar. Onların biri öldükdə ondan qalmış qızılları varisləri arasında bölmək istəyəndə əvvəlcə qızıl külçə formasına saldılar və sonra balta ilə qırıb bölməyə başladılar; balta ilə kiçik parçalara bölünən odun kimi. Qızılı adətən misqalla ölçürlər. Görün nə qədər olub ki, onu balta ilə qırırmışlar. Bunlar tarixdə qeyd olunmuşdur. Elə məsələlər deyil ki, şiələrin öz kitablarında yazdıqlarını deyək. Bunlar hamının yazmağa və qeyd etməyə çalışdığı həqiqətlərdir. Onlardan qalan dirhəm və dinarların miqdarı fantastik idi.