Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2017

İslam sizi nə kökə salıb ki, yoldaş Məmmədov (2-ci yazı)

Sözü İslamla başlayıb müsəlmanla qurtarmaq hansı məntiqə sığır?
Yoldaş Məmmədov! Ötən yazımızda sizə sual ünvanladıq, əgər səmimisinizsə həmin suala cavab verin. Yəni şəriətdən bir hökm göstərin ki, sizin “gücünüzü” zəiflədir. 57 müsəlman ölkəsində olan naqisliklərin İslamdan qaynaqlandığını iddia etdiniz, İslamın əsas kitabı olan Qurandan ayələr təqdim etdik və sadaladıqlarınızın Quran tərəfindən tənqid edildiyini, hətta çıxış yolunun göstərildiyini sizə yazdıq.
Daha sonra Həzrət Süleyman peyğəmbərdən sitat gətirib deyirsiniz: “Süleyman peyğəmbərin gözəl bir sözü var, perspektivini görməyən millətin sonu yoxdur.” Təəccüblüdür, bir yandan İslamı bəyənmirsiniz, digər yandan Həzrət Süleymanın (ə) peyğəmbər olduğunu etiraf edirsiniz. Halbuki İslam sonuncu dindir və Həzrət Süleymandan (ə) əsrlər sonra zühur etmişdir. Yəni digər dinlərə baxanda İslam dini – sizin təbirinizcə - daha müasirdir. Üstəlik əgər elmdən məqsədiniz texnikadırsa, heç Süleyman peyğəmbərin dövründə də bu günkü texnika yox idi. Amma O Həzrəti (ə) peyğəmbər kimi qəbul edirsinizsə bilməlisiniz ki, peyğəmbər Allahdan insanlara xəbər aparan insana deyərlər. Deməli Allahı da qəbul edirsiniz. Bəs o zaman Allahın dini olan İslamı niyə qəbul etmirsiniz? İslamın insanların uydurması olduğunu düşünürsünüzsə o zaman Həzrət Süleymanın (ə) Allahın peyğəmbəri olduğunu necə bildiniz? Hansı mənbələrə istinad etdiniz? Halbuki Həzrət Süleymanın (ə) varlığını və ətrafında elm əhlinin toplaşdığını Quran da bəyan edir. “Kitabdan bir qədər xəbəri olan birisi dedi: ‘Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!’ (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: ‘Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam!” (“Nəml” 40)
Daha sonra deyirsiniz: “İslam bizi elə kökə salmışdır ki, bir addım belə irəli getməyə imkanımız yoxdu.” Bu əsassız iddianızı sübut etmək üçün arqument gətirməyiniz məntiqli, ağıllı iş olardı. Amma bu sözlərin ardınca dediyiniz ifadələrdə deyəsən dəlil gətirməyə çalışmısınız: “Orta əsrlərdə Avropalılar yeni qitələr kəşf edib, yeni dövlətlər quranda müsəlmanlar kiçik daxma və comalarda Allaha yalvaran kimi "Allah bizi bu şeytanlardan qoru", yeni dövrlərdə Avropalılar fəzanı kəşf edəndə müsəlmanlar kimi əlini allaha tutub yalvaran "Allah sənin işinə qarışan "şeytanlardan qoru" kimi xülyalarla yaşamaq vaxtı deyil” Pahoo, bu olmadı axı yoldaş Məmmədov, cığallıq edirisiniz. Buna deyirlər “sözün qurtardığı yer”, ya da “aşığın sözü qurtaranda dalay-dalay deyər.” Sözü İslamla başlayıb müsəlmanla qurtarmaq hansı məntiqə sığır? Deyirsiniz İslam bizi bu kökə salıb, sonra müsəlmanın etdiyini misal gətirib sözünüzü isbat etməyə, özünüzə bəraət qazandırmağa çalışırsınız. Probleminiz çox dərindir. Məsələ burasındadır ki, məsələn, yoldaş Məmmədovun iqtisadiyyata vurduğu zərbələr iqtisadiyyatın pis olması anlamına gəlməz. Problem yoldaş Məmmədovdadır ki, işini bacarmır və düzgünlüyə riayət etmir. Daha iqtisadiyyatın nə günahı? İndi müsəlman “səhv edirsə” İslamın nə günahı. Dəliliniz varsa İslamdan, Qurandan, hədisdən, Peyğəmbərdən (s) gətirin!
Ən böyük müsibətiniz buradadır: “dünya, elm, texnika, tərəqqi dillərini öyrənməliyik, dünyaya qovuşmalıyıq, yeni məkanların, onların saysız-hesabsız resurslarında payımızı almalıyıq. Yer kürəsinin 10%-ni, yer kürəsinin və digər planetlərin əsas hissəsini, resurslarını mənimsəyən, özü də sürətlə azalmaqda davam edən, həm də bu millətə elm öyrədən, islam cəhalətindən qoparıb 100% oxuma-yazma öyrədən millətin dilini öyrənməliyik.” – deyirsiniz. Yaxşı, indi sizə sual ünvanlanır: bütün bu dedikləriniz etmək üçün sizə islamın harası, hansı hökmü mane olur. Siz kosmosda restoran açmaq istədiniz, İslam imkan vermədi? Siz elm oxuyub, baş işlədib kosmosa gedin, orada restoran açın, restoranınıza dindarlar da gələcək. Narahat olmayın, bizim bu dindarlara hətta kosmosda namaz vaxtını təyin edən dinimiz bunu heç zaman qadağan etməz. Bir də ki, siz 19-20-ci əsrlərin məhsulu olan texnikanı ərsəyə gətirən avropalıların dilini öyrənməzdən əvvəl, məgər əsrlər əvvəl yaşamış mədəniyyət, ədəbiyyat adamlarımızın, tarixçilərimizin, siaysətçilərimizin dilini öyrənmisinizmi? Nizamini, Füzulini, Məhəmmədəmin Rəsulzadəni ərəbcədən, farscadan oxuya bilirsinizmi?
Bütün bu deyilənlər haqqında düşünmürsünüzsə heç olmasa indi yazacağım sətirləri diqqətlə, düşünərək oxuyun. İslamın şəxsən sizi dala saldığını düşünürsünüz. Deməli, əgər bir din bir insanı, xüsusən də sizin kimi qitisadçı alimi geriyə aparırsa, ağıl-məntiq bunu deməyə əsas verir ki, siz bu dindən özünüzü hər fürsətdə uzaq tutmağa çalışacaqsınız. Doğrudurmu? Axı bu din sizi dala çəkir və siz inkişaf etmək istəyirsiniz. Yaxşı bəs sizi dala çəkən dindən uzaq durmaqla keçirdiyiniz ömrünüzdə, bu 50-60 ildə bir az əvvəl dediyiniz işlərin hansını etmisiniz? Niyə dünya, elm, texnika, tərəqqi dillərini öyrənməmisiniz? Öyrənmisinizsə niyə Allahın bidənə elektron milçəköldürənini düzəldə bilməmisiniz? Niyə “onların saysız-hesabsız resurslarında “ öz payınızı almamısınız? Niyə dünyaya qovuşmamısınız və yeni məkanlar kəşf etməmisiniz? Etsəydiniz Kolumbdan daha məşhur olardınız. Cavab verin, bu ahıl yaşınıza qədər niyə bir planetə gedib çıxmamısınız? Sizin ki, ömür boyu islamla işiniz olmayıb, böyük ehtimalla namaz, oruc, həclə də məşğul olmamısınız ki, bu dini ayinlərin sizi elmdən uzaqlaşdırdığını iddia edəsiniz! Bir də “islam cəhalətindən qoparıb...” ifadəsini işlədirsiniz. Əslində cahilin yekəsi sizsiniz, bilirsiniz niyə? Çünki siz iddia etdiyiniz kimi elm adamısınız, elmi nailiyyətləriniz var. Birinci yazımızda da sizə bu ayəni yazdıq: “De: 'Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar” (“Zümər” 9) Görün siz nə qədər cahil insansınız ki, sizinlə (iqtisadçı ilə) elmi olmayan insanlar arasında fərq qoyan bir dini – İslamı “cəhalət” adlandırırsınız. Bundan böyük cəhalət ola bilərmi? “Oxu” deyən (“Ələq” surəsi, ayə 1) dinin harasında cəhalət ola bilər? Siz heç ömrünüzdə sizə uşaqlıqda “a bala, elm oxu, cəmiyyətə fayda ver” deyən ağsaqqalınıza “cahil” demisinizmi?
Unutmayın ki, sizin cüzi də olsa elmi nailiyyətləriniz varsa bu sizin İslamdan uzaq olmağınızla bağlı deyil. Belə olsaydı texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti Rafiq Əliyev də sizin kimi islamı cəhalət adlandırardı. (Hər halda siz onun yanında “Biləcəridən o tərəfə” deyilsiniz!) O boyda Rafiq Əliyev “Din və qeyri-səlis məntiq” məqaləsini yazandan sonra İslam dinşünası ilə məsləhətləşir, məqalədə dini mövzuda səhvin olub-olmaması barədə məsləhətlər alırkən, siz İslamı cəhalət adlandırırsınız. Rafiq Əliyevi qəbul etməsəniz, daha böyük şəxsiyyəti - Xacə Nəsrəddin Tusini də misal vurmaq olar. Rəhmətlik mömin olub və əqaid (dini əqidələr) mövzusunda (İslam əqidəsindən) bəhs edən və dini hövzələrdə oxunan yüksək səviyyəli “Təcridul-etiqad” adlı kitab yazıb. (Yeri gəlmişkən o kitabı oxumağa çalışın, bəlkə hidayət tapdınız) Eyni zamanda mömin, islamçı, din alimi olması onun məşhur Nəsrəddin Tusi olmasına maneə olmamışdır.
Sonda yazıb “cahil pxisologiyası” adlandırdığınız Quran ayəsinə ("Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin") gəlincə, orada möminlərə, Allaha imanı olanlara xitab edilir. Allaha imanı olanların Allahı qoyub qeyrisinə itaət etməsi cahillikdir. Sizin üçün çətin olsa da gün gələr anlayarsınız.


9115 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP