28 May 2017
«TƏHQİR» – GÜNAHIN DAHA BİR AMİLİ
Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar.

Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar. Valideyn bir sözlə uşağın şəxsiyyətinə toxunan sözlərdən və işlərdən çəkinməli və həmişə övladlarına yaxşı nümunə olmalıdırlar. Eyni zamanda yaşlı adamların da qüruruna toxunan hərəkətlərdən qaçılmalıdır. Bütün insanların ehtiramı lazımi qədər saxlanmalıdır ki, onlar özlərində həqarət hissi keçirməsinlər. Çünki mənliyi tapdalanan, şəxsiyyəti təhqir olunan insanlarda qəzəb həddini aşır və kin güclənir. İnsanlarda yaranan bu hisslər isə çoxlu günahların törənməsinə gətirib çıxarır.
İmam Hadi (ə) buyurur:
«Özünü şəxsiyyətsiz hesab edən adamın şərrindən uzaq olun». (Töhəfül-üqul, 574-cü səh.)
İmam Əli (ə) buyurur:
«Özünü şəxsiyyətli hesab edən adam heç vaxt öz şəxsiyyətini günahla məhv etməz». (Biharul-ənvar, 72-ci cild )
İslam Peyğəmbəri (s) buyurur:
«Yalançı adam özünə şəxsiyyət verməmək səbəbindən yalan danışır».
Nəticə alırıq ki, heç bir insanı təhqir etmək olmaz. Çünki bu vaxt o öz şəxsiyyətini əskik bilir və bunun üçün çoxlu günahlara qurşanır.
İslam Peyğəmbəri (s) və Məsum imamlar uşağı tərbiyə edərkən heç vaxt onun şəxsiyyətini təhqir etmirdilər. Əksinə onların ehtiramını saxlamaqla onlardan güclü şəxsiyyət formalaşmasına nail olurdular.
İslam Peyğəmbəri (s) buyurur: «Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin ki, Allah sizin günahlarınızı bağışlasın».
Bundan əlavə, islam dinində uşaqların tərbiyə prosesində bir neçə mərhələnin də yerinə yetirilməsi vacib sayılır. Məsələn: Onların arasında fərq qoymayın, onların arasında bərabərliyə riayət edin, onlara yaxşı sözlər danışın, pis ad qoymayın, pis ləqəblərlə çağırmayın və s. Sadalananların əksi də uşaqlarda mənfi hallar yaradar və nəticəsi həm ailə, həm də cəmiyyət üçün pis olar.