10 May 2017
TƏKƏBBÜR
Təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır

Bəli, özünü başqalarından üstün bilmək, özünü hamıdan ağıllı hesab etmək, ilahi göstərişlərə itaətdən boyun qaçırmaq böyük günahdır və bu günahın müqabilində ağır əzab vəd edilmişdir. İnsanın öz biliyinə ibadətinə, saleh əməlinə, əsil-nəcabətinə, gözəlliyinə, var-dövlətinə, övladlarına, dostlarına rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin işdir. İmam Sadiq (ə) buyurur: «İzzət və əzəmət, üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. Özünü belə göstərmək istəyənləri Allah cəhənnəmə atar». («Biharul-ənvar», 70-ci cild, səh-213.)
Həzrət Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə daxil olmaz». («Kafi», 2-ci cild, səh-310.) İmam Sadiq (ə) buyurur: «Doğrudan da, cəhənnəmdə təkəbbürlülərə məxsus «səqər» adlı yer var. Buranın istisindən Allaha şikayət edər, nəfəs almaq üçün icazə istəyərlər. Elə ki, nəfəs çəkərlər, nəticədə cəhənnəm alışar. («Kafi», 2-ci cild, səh-310.)
Əbdül-Əla deyir: «İmam Sadiqdən (ə) soruşdum ki, təkəbbür nədir? İmam (ə) buyurdu ki, təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu ki, onu anlamayıb, əhlinə tənə etmək.» («Kafi», 2-ci cild səh-311.)