18 Aprel 2014
İşğal olunmuş ərazilərdə vəziyyət səsə qoyulanda...

Rusiyanın bu yaxınlarda Krımı referendum yolu ilə ilhaq etməsinin ardınca dünya dövlətlərinin rəyini öyrənmək üçün 2014-cü il martın 27-də BMT Baş Məclisində keçirilən səsvermədə 11 ölkə birbaşa Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməklə Putinin beynəlxalq normalara zidd əməlinə bəraət qazandırmaq istədi. 24 dövlət o cümlədən İsrail isə qətnamənin lehinə səs verən 100 ölkədən fərqli olaraq başqa metodu seçdilər. Onlar səsvermədə iştirak etməməklə -necə deyərlər- Rusiyanın xətrinə dəymək istəmədilər.
Birləşmiş Millətlər Təşkilatının mövcud ənənəsinə görə səsvermədə iştirak etməmək ikinci dərəcəli əleyhdarlıq hesab olunur. Zira hansısa ölkə kiminsə tərəfində deyilsə, bitərəf mövqe sərgiləməlidir. İndi ölkələrin təmsilçiləri səsvermədə iştirak etmirlərsə, bu dolayısı ilə təklif olunmuş qətnamənin əleyhinə mövqe tutmaq mənasındadır, lakin bu əleyhdarlığı müəyyən məsələlərə, eləcə də öz milli maraqlarına xatir açıq şəkildə bəyan etməkdən çəkinirlər. Bu məntiqlə İsrail də ABŞ-ın bir nömrəli müttəfiqi olduğu və təhlükəsizlik məsələsində ona güvəndiyi halda qərblilərin dəstəklədiyi qətnamədə sırf öz milli maraqlarını üstün tutdu və nə qədər qəribə görünsə də, Rusiyanı qane edəcək mövqe sərgiləyib səsverməyə qatılmadı. Bununla da İsrail hökuməti bir tərəfdən öz milli maraqlarını ənənəvi müttəfiqlərinin istəyindən üstün tutdu, başqa tərəfdən isə müstəqil dövlətlərin ərazi bütövlüyü prinsipinə sayğısız yanaşdığını nümayiş etdirdi. Yeri gəlmişkən deyək ki, İsrail bitərəf mövqe tutsaydı belə ruslar ondan inciməyəcəkdilər və bu mövqe həm Qərbi, həm də Rusiyanı qane edəcəkdi. Buna baxmayaraq İsrail son mövqeyi ilə postsovet məkanında daha çox Rusiyaya meylli olduğuna və oxşar səsvermələrdə yenə də Kremlin maraqlarını nəzərə alacağına eyham vurdu. Bundan əvvəl BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” məsələsi səsə qoyulanda da İsraildən həmin mövqe müşahidə olunumuşdu. Məsələn 2005-ci ildə İsrailin adı səsvermədə iştirak etməyən ölkələrin siyahısında yer alırdı ( o zaman ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ , Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdilər). Oxşar mövqe sonrakı illərdə də davam etdi və rəsmi Bakı Təl-Əvivdən şikayətlənmək yerinə onunla bütün sahələrdə əməkdaşlıqları inkişaf etdirməyə səy göstərdi.
İndi Ukraynanın ərazi bütövlüyü məsələsində İsrail nümayəndələri öz mövqelərini əsaslandırmağa çalışırlar. Onlar heç nə olmayıbmış kimi Ukraynanın ərazi bütövlüyünə dair səsvermədə iştirak etmədiklərini sadəcə olaraq əsaslandırmaqla məşğuldurlar. Martın 6-da «Fox Businnes News» kanalı ilə müsahibədə İsraili baş naziri Benyamin Netanyahu belə deyib: “Ümid edirəm ki, Ukrayna məsələsi dinc yolla həll olunsun. Bizim öz qayğılarımız və problemlərimiz var.”
İsrail xarici işlər naziri Aviqdor Liberman isə heç nədən çəkinmədən məsələyə aydınlıq gətirib və İsraili həm ABŞ-a, həm də Rusiyaya dost ölkə adlandırıb . O, İsrail Televiziyasının 9-cu kanalı ilə müsahibədə deyib: “Hər iki dövlətlə münasibətlərimizdə müsbət təcrübəyə malikik. Elə olduqda, İsrailin bu məsələyə qarışması mənasızdır.”
Beləliklə də İsrailin postsovet respublikaları ilə əlaqələrində həmişə olduğu kimi bundan sonra da mütləq Moskvanın həssasiyyətlərini nəzərə alacağına şübhə etmək olmaz. Bunun səbəblərinə gəlincə İsrail və Rusiyanın dövlət maraqlarının bir çox məsələlərdə üst-üstə düşməsini və İsrailin Rusiya ilə xüsusi əlaqələrə malik olduğunu göstərmək olar. Bu əlaqələr SSRİ dağılandan sonra yüksələn xəttlə inkişaf etməyə başladı və 100 minlərlə rusiyalı yəhudi İsrailə (İşğal olunmuş Ərazilər) köçürüldü, siyasi hakimiyyətdə onlara etibar edildi. Məsələn, İsrail XİN başçısı Aviqdor Libermanın özü Moldova paytaxtında doğulub və bu ölkənin Sovet İttifaqı tərkibində olduğu zaman 1979-da ailəsi ilə birlikdə İsrailə mühacirət edib.
Hər zaman hökumətin yuxarı eşalonlarında olmağa can atan Liberman aprelin 7-də Nyu-Yorkun Cənubi Bruklin məhəlləsində məskunlaşan Sovetdən gəlmə yəhudilərlə görüşdə bildirib ki, yaxın gələcəkdə İsrailin baş naziri və prezidenti rus dilli siyasətçilərdən olacaq.
Maraqlıdır ki, A.Liberman Rusiya prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovla görüşəndə onlarla adətən rus dilində danışır və Rusiyaya meylli olduğunu göstərir.
Statistikalara görə keçmiş SSRİ-dən 1.2 milyon yəhudi İsrailə mühacirət edib və onların böyük əksəriyyəti B.Netanyahunun və həmçinin A.Libermanın sağçı Likud və “Yəhudi Evi” partiyalarında təmsil olunurlar. Bu isə o deməkdir ki, rus-yəhudi lobbisi İsraildə həddən artıq güclüdür və bu lobbi Təl-Əvivin keçmiş SSRİ respublikaları ilə bağlı strategiyasını müəyyənləşdirir.
Bu faktları nəzərə alaraq İsrailin gələcəkdə postsovet məkanında baş verə biləcək mümkün münaqişələrdə Rusiyaya və eyni zamanda onun Ermənistan kimi oyuncaqlarına tam məharətlə dəstək verəcəyinə əsla şübhə etmək olmaz.
Qəhrəman Nurani
bizimyol