Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Cavabsız qalan təvəkkül

Nə üçün bəzən Allaha təvəkkül, Ona güvənmək cavabsız qalır?

“Həkimə müraciət və müalicədən sonra deyə bilərsən ki, Pərvərdigara, mən vəzifəmə əməl etdim, Sən necə istəyirsənsə elə olsun. Həqiqi təvəkkül budur.”

“Qanuna əməl etsən, Allah səni qoruyar.”


Ayətullah Seyid Rəzi Şirazi ilə müsahibə

Böyük ustad, fəqih və filosof Ayətullah Seyid Rəzi Şirazi 1929-cu ildə İraqın Nəcəf şəhərində, dünyanın böyük elm mərkəzində, elm və təqva sahibi olan ailədə dünyaya göz açıb. O, ata tərəfdən Böyük Mirza Şirazi, ana tərəfdən Ayətullah-üzma Şeyx Məhəmməd Kazim Şirazilərin övladıdır.
Ayətullah Seyid Rəzi Şirazi əsas təhsilini Nəcəfdə alıb. Ayətullah-üzma Şeyx Məhəmməd Kazim Şirazi kimi böyük alimlərdən fiqh və üsul öyrənib. Tehran və Qəzvində böyük alimlərin hüzurunda hikmət və irfanın sirlərinə yiyələnib. Ayətullah Seyid Əbülhəsən Rəfii Qəzvini, Mirza Əhməd Aştiyani, Mirza Əbülhəsən Şerani, Məhəmməd Əli Həkim Şirazi, Ayətullah Mehdi İlahi Qomşei, Şeyx Hüseyn Fazil Tuni onun ustadlarındandır.

* * *

Sual: Təvəkkül nədir? Talaq suarəsinin 7-ci ayəsinə necə əməl edilməlidir? Ayə: Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.( وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا)

Cavab: İş insanın istəyi ilə düzəlmir, qanunlar, ölçülər var. Varlıq aləmi nizamsız deyil, qanunlar əsasında dolanır. Gözəl olmaq istəsən, varlı olmaq istəsən, filosof olmaq istəsən, qanuna əməl etməlisən. Məktəbdə təhsil almamış Həzrət Peyğəmbər (s) 1400 il qabaq buyurub: “Hər şeyin ölçüsü var.” Bəli, təsadüfi iş yoxdur, dünyaya qanunlar hakimdir. “Allahın istəyi” deyəndə Onun qanunları nəzərdə tutulur. Quran ağıl və düşüncə kitabıdır. Dfin də ağıl üzərində qurulub. Müasir dünya da hər sahə üçün qanunlar nəzərdə tutur. Quran 1400 il qabaq deyib ki, təsadüf yoxdur. Allaha təvəkkül etmək yerində oturub gözləmək yox, səbəblər aləmində Allaha inamla addım atmaqdır. Gecə qapını bağlama yat ki, mən Allaha təvəkkül etmişəm, oğru gələ bilməz? Yox, bu təvəkkül deyil, hərc-mərclikdir. Camaat həqiqi təvəkkülün mənasını anlamır. Təvəkkül odur ki, istəyin həyata keçməsi üçün lazım olan səbəblər ardınca gedəsən və Allahdan yardım istəyəsən. Alim olmaq istəyirsənsə elm yolu ilə getməlisən. Hər işin müqəddiməsi var. Müqəddimə işləri görməklə Allaha güvənsən O sənə yardım edər. Təvəkkül qanunlar yolu ilə hərəkət etməkdir. Bu qanunları Allah yaradıb. Allahın qanunlarına əməl etmək elə özü təvəkküldür. Xəstələnəndə mütəxəssis həkimə müraciət etmək, düzgün müayinə və müalicə təvəkküldən başqa şey deyil. Həkimə müraciət və müalicədən sonra deyə bilərsən ki, Pərvərdigara, mən vəzifəmə əməl etdim, Sən necə istəyirsənsə elə olsun. Həqiqi təvəkkül budur.

Sual: Dindar insan təvəkkülə, dinsiz insan təbiət qanunlarına əməl edir. Hansı düzgündür?

Cavab: Hər ikisi qanunlardan istifadə edir, amma dindar Allaha arxalanır və səhvə yol verəndə Allahın yardımı ilə səhvini düzəldə bilər. İnsan səhv içindədir. Bunu biləndə Allahdan yardım istəməlidir. Sağlamlıq, ruzi, inkişaf üçün nəzərdə tutulan qanunlara əməl etməklə Allaha sarılsan həqiqi təvəkkül etmiş olursan.

Sual: Quranda buyururlur ki, kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. (وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ) Bu nə deməkdir?

Cavab: Yəni qanuna əməl etsən, Allah səni qoruyar.

Sual: Allah kafiri də qoruyurmu?

Cavab: Dünya həyatında qanunlara əməl edəni Allah qoruyur və bu sahədə möminlə kafir arasında fərq yoxdur. Fərq axirət məslələrindədir. Allah yalnız mömini doğru yola hidayət edir, istiqamətləndirir.

Sual: “Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!” (وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ) ayəsinə görə təvəkkül vacib olmurmu?

Cavab: Qadir Allaha inanan insanla Ona inanmayan, şəkdə olan insan arasında fərq var. Mömin insanın arxası var bu güclü arxa ona ruhi aramlıq verir. Kafirinsə belə arxası yoxdur. Kafir Allahın yardımından məhrumdur. Mömin aram, kafir nigarandır. Sağalmaq istəyən insan həkimin nüsxəsinə əməl etməlidir. Allahdan yardım istəyən də Ona təvəkkül etməyə borcludur.

Sual: Allahın köməyi olan yerdə qanunlara əməl etmək nə üçündür?

Cavab: Çünki qanunları, səbəbləri yaradan Allah özüdür. Qanun vacibül-vücud deyil, müstəqil deyil, Allahın yaratdığıdır.

Sual: Hansı işlərdə Allaha təvəkkül etmək lazımdır?

Cavab: Bütün işlərdə Allaha təvəkkül etmək lazımdır. İstər asan, istər çətin iş olsun. Allaha iman gətirən insanın özünü Onun hüzurunda görməsi, əməllərindən xəbərdar olduğuna inanması təvəkküldür. İnsan həyatında elə bir an yoxdur ki, Allah həmin andan xəbərsiz olsun. Allahın elmi bütün varlıq aləmi əhatə edir, Allahdan gizli heç nə yoxdur.

Sual: Nə üçün Həzrət İbrahim oda atılanda Cəbrailin köməyindən imtina etdi? Nə üçün bəzi Allah övliyaları vasitələrdən istifadə etmir?

Cavab: Qətiyyən belə deyil. Heç bir peyğəmbər, heç bir övliya vasitələrdən imtina etməyib. Vasitələrdən istifadfə Quran tapşırığıdır. Həzrət İbrahimin rəftarı təvəkkül və Allahdan yardım diləməyin zirvəsidir. İbrahim bəşəriyyətə anlatmaq istəyir ki, Cəbrail özü müstəqil güc deyil, vasitədir. İbrahimin təkcə Allahdan kömək gözləməsi böyük mesajdır: Bütün işlər Allahın əlindədir! Vasitələrə əl atan insanın diqqəti, bağlılığı Allaha olmalıdır. (Əgər möcüzə barədə soruşulsa, deməliyik ki, möcüzə də səbəblərlə baş verir, amma bu səbəblər yalnız Allaha məlumdur)

Sual: Nə üçün bəzən təvəkkül şərtlərinə əməl edən insan nəticə, cavab almır?

Cavab: Bəzən insan özünə zərəli şeylər istəyir. Bir şeyin xeyir-zərərini Allah bilir. Əgər təvəkküldən sonra istək həyata keçmirsə, Allah belə məsləhət görür. Həqiqi təvəkkül edən insan düşünməməlidir ki, nəticə əldə etməyib. Malik olduğumuz bütün nemətləri Allah biz istəmədən verib. İmanlı insan istəyi həyata keçməyəndə şübhə etməməlidir ki, belə məsləhətdir. Bəzən də istək yersiz olur. Bir şəxs təhsil və təcrübəyə malik olmadığı halda müdir olmaq istəyir. Bu qanuni deyil. Qanuni olmayan işdə təvəkkül yoxdur.

Sual: Bəziləri həm çalışır, həm təvəkkül edir, amma nəzərdə tutduğunu qazana bilmir. Nə üçün?

Cavab: Belə görünür ki, həmin şəxs ruziyə çatmaq qanunlarından düzgün istifadə etməyib. Digər tərəfdən ruziyə çatmaq üçün təkcə çalışmaq bəs etmir. Ata-ananın duası, paklıq, qənaət, ibadət təsirli amillərdir. Bunlar özü də qanundur. Bizə deyilib ki, ata-ananın duası təsirlidir. Allah bu duaya təsir verib. İnsanın bilmədiyi səbəblər də olur. Məsələn, atanın xeyir əməllərinin işığı övlad üzərinə düşür. Maddiyyat istəməklə mənəviyyat istəmək arasında fərq var. Bizə tövsiyə edilib ki, maddiyyat ardınca çox qaçmayın. Əgər halal ruzi qazanmaq ibadət sayılıbsa bu o demək deyil ki, mənəvi məqama çatmaq üçün yaradılmış insan bütün ömürünü ruzi qazanmağa sərf etsin. İslam heç bir işdə ifrat və təfriti qəbul etmir.

Sual: Təvəkkül edən insanların dərəcələri fərqlənir?

Cavab: Təbii ki Peyğəmbərin təvəkkülü ilə səhabələrin təvəkkülü arasında fərq var. Qanunlar eyni olsa da Allaha inam və etimadlar fərqlənir. İman dərəcəsi təvəkkül dərəcəsini müəyyən edir. Şairin təbirincə, tər tökməyənə xəzinə yoxdur, xəzinəyə tər axıdan sahib oldu. Quran buyurur ki, insana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! (وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ) Həzrət Peyğəmbər dözülməz əzablardan aşaraq 23 il çalışdı və Allaha təvəkkül etdi.

Sual: İstəyin həyata keçməsi üçün lazım olan bütün vasitələrə əl çatır?

Cavab: Şübhəsiz ki, yox. Biz əlimiz çatan vasitələrdən istifadə edir və nəticəni Allahdan istəyirik. Vasitələrdən istifadə etmədən dua etmək faydasızdır. Həkimə getmədən sağalmaq istəmək, oxumadan elm arzusunda olmaq yanlışdır. Bəzən isə əlimiz heç bir vasitəyə çatmır. Belə məqamlarda yalnız dua etməliyik. (məsələn, komaya düşmüş adama yalnız dua ilə kömək etmək olar)
Sizə tövsiyəm budur ki, mütaliə, ibadətə çox diqqət yetirəsiniz. Yemək, içmək, cinsi ləzzətlər müvəqqəti ömrə aid olan şeylərdir. Düşüncəmizi işlədək. Düşüncə ibadəti fiziki hərəkətlərlə ibadətdən üstündür. Əgər bir insanı qəflətdən oyada bilsək bəşəriyyətə həyat vermiş kimiyik.

Nur-az.com/Tebyan


5743 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP