22 Oktyabr 2013

Qarğış, nifrin kimi tutur?

Bəziləri lənətləməyə, qarğışa adət edib. Birindən azca inciyən kimi ona dua etmək əvəzinə lənət yağdırırlar. Maraqlıdır ki, bu lənətlər yerinə yetirmi?

"Lənət" sözü qovmaq, uzaqlaşdırmaq mənasını bildirir. Yəni Allah birinə qəzəblənib onu özündən uzaqlaşdırır. (Qamusi-Quran). Şübhəsiz ki, bu xoş bir hal deyil. Şəriətdə insanı lənətləmək caiz sayılmır. Yalnız istisna hallarda, istisna şəxsləri lənətləmək icazəlidir. Cameus-səadət kitabında yazılır ki, kafirləri, fitnəkarları, zalımları lənətləmək olar. Zülm və küfr başçılarını lənətləmək müstəhəb sayılır. Başqalarına lənət oxumaq haramdır. Şübhəsiz ki, müsəlman bir insanı qarğımaq onu lənətləmək kimidir. Yalnız müsəlmanın şəri dözülməz həddə çatanda və insan çıxılmaz vəziyyətə düşdükdə onu lənətləyə bilər. Hədisdə nəql olunur ki, bəzən məzlum zalıma o qədər lənət göndərir ki, onun cəzası bu lənətlər olur, hələ artıq da qalır. Bu halda zalım qiyamət günü artıq qalmış lənətin əvəzini istəyir.

Əli ibn Əbuhəmzə İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Lənət ağızdan çıxandan sonra bir müddət ünvansız qalır. Əgər lənət göndərilən şəxs lənətə layiq olsa ona gedir, layiq olmasa lənət edənin özünə qayıdır." İmam Baqir (ə) buyurur: "Lənət ağızdan çıxandan sonra lənətləyənlə lənətlənən adamın arasında qalır. Əgər lənətlənən şəxs layiq olmasa öz sahibinə qayıdır. Mömini lənətləməkdən qorxun, bu lənət özünüzə qayıdar." (Səvabul-əmal).

İmam Səccad (ə) heç vaxt valideynlərinin yanında bir şey yeməzdi. Səbəbi soruşulanda buyurdu: "Qorxuram ki, onların götürmək istədiyi tikəni qabağa düşüb götürəm və onlardan qabağa keçəm."

İmam Həsən Əsgərinin (ə) təfsirində deyilir ki, iki nəfər arasında mübahisə düşəndə bir-birlərini lənətləsələr lənət yuxarı qalxar və layiq şəxsə çatmaq üçün Allahdan izn istəyər. Allah mələklərinə buyurar: "Əgər onlardan biri lənətə layiq deyilsə hər iki lənəti o birinə göndərin. Əgər hər ikisi lənətə layiqsə hər birinin lənətini o birinə çatdırın. Əgər heç biri lənətə layiq olmasa onların lənətlərini Peyğəmbər və Əlinin ilahi sifətlərini inkar edən yəhudi və məsihilərə ünvanlayın." (Biharul-ənvar).

Dünyasını dəyişmiş adamları lənətləməyə icazə verilmir. Həzrət Peyğəmbər (s) buyurur ki, ölüləri lənətləməyin, onlar cəzalarına çatıblar. Bitki və heyvanları lənətləmək də pis sayılır.

Həzrət Peyğəmbər (s) buyurur: "Atanızın sizi lənətləməsindən qorxun. Belə bir lənət buludları parçalayar və ərşə qalxar. Allahın qarşısına gələndə Allah buyurar ki, onu yerinə yetirəcəyəm. Atanızın sizə lənətindən qorxun, bu lənət qılıncdan itidir." (Əl-Nəvadir).

İmam Həsən Əsgərinin (ə) təfsirində qeyd olunur ki, lənət kimin ağzından çıxsa da layiq olana çatar. Ənkəbut ayəsinin 8-ci ayəsində oxuyuruq: "Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!" Ayədən aydın olur ki, valideynin buyruqlarından qaçırmaq olmaz. Yalnız şirk və küfr təklifləri qarşısında övlad ata-anaya itaət etməməlidir.

Valideynlə ünsiyyətdə səbirli olmaq, güzəştə getmək tapşırılır. Onlar sənin zəhmətini çox çəkib. İndi kiçik əziyyətlərinə dözmək vəzifəndir. Valideyn yaşlaşdıqca onunla mehriban olmaq, çətinliklərinə dözmək lazımdır. Səsi valideynin səsindən yuxarıya qaldırmaq olmaz. Valideynə yaxşılıq Allaha yaxşılıqdır. Əgər valideynə mehriban olsan Allah da səninlə mehriban olar. Bu nöqtələrə riayət etmədikdə insan valideynin narazılığı ilə üzləşir. Narazılığın lənətə çevrilməsi təhlükəsi böyükdür. Əvvəlcə kiçik diqqətsizliklə özünü göstərən münasibət sonradan kobudluğa çevrilir və insan valideynin lənətinə düçar olur. Bundan qorxun!

Ey insan, məzlumun lənətindən qorx! Onun lənəti gecənin qaranlıqlarından ox kimi ötüb sənə sancılar. Sən yuxudasan, zülm etdiyin şəxs oyaqdır. Allah da oyaqdır və onun lənətlərini eşidir. (Divani-Əmirəlmöminin)

Nur-az.com


7333 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP