25 Mart 2014

"Malik Əştər": Porşe hara, biz hara!

Müsəlman dünyasında "Malik Əştər" kimi tanınmış İran aktyoru Daryuş Ərcümənd dini çevrələrdə İslam sevgisi ilə tanınmış şəxslərdəndir. İran qəzeti sevimli aktyorla müsahibəni təqdim edir.

Sual: Hər hansı bir aktyorla söhbətdə onun sevdiyi obrazı soruşsaq olsun ki, o milyonlarla tamaşaçının yaddaşına həkk olunmuş rolu yox, başqa bir rolu yada salacaq. Amma Malik Əştər rolu doğrudan da İran kinosunun ən yaddaqalan obrazıdır. Malik Əştər rolu aktyorun həyatını dəyişə bilən bir roldur. Olsun ki, bu rol Daryuş Ərcüməndə də təsirsiz ötüşməyib. Sizin kino, teatr və televiziyada böyük təcrübəniz var. Necə düşünürsünüz, bu gün seriallar və filmlərimiz siyasət və mədəniyyətimizə uyğudurmu?

Daryuş Ərcümənd: Düşünmürəm ki, mənim ölkəmdə fərqli siyasət var. Məncə, işdə səliqələr fərqlidir. Siyasət deyəndə bir hadisəyə hərtərəfli baxış nəzərdə tutulur. Mənim zənnimcə, bu torpaqda ən üstün seçki, ən münasib yol meyarları tarixin əvvəlindən qüvvədə olub. Hamıda maraq var ki, hər şeyin onun istədiyi kimi olsun. "Nə üçün" mərhələsinə çatanda mübahisələr başlayır. Mədəniyyətimiz haqqında onu deyə bilərəm ki, "Porşe" (dəbdə olan qiymətli avtomobil) dalınca qaçmaq bizim mədəniyyətimizə münasib deyil. Olsun ki, sözlərim çoxunun xoşuna gəlməyəcək. Bu sözlərdən sonra məsələn televiziyaya yolumu bağlaya bilərlər. Amma bu əhəmiyyətli deyil. Mən bu ölkəni, bu dövləti sevirəm. Təbii ki, həqiqəti daha artıq!



Necə olur ki, "Sərzəmini kohən" serialı üzərində 5, 6 il iş gedir, sonra aydın olur ki, mədəniyyətimizə zidd addım atılıb?! Bu filmə ssenari yazılıb, onu şura təsdiq edib, filmə nəzarətçi var. Amma filmin nümayişi zamanı dəyərli Bəxtiyari tayfası ayağa qalxdı, etiraz etdi. Dərhal məsullar bu xalqdan üzr istədi. Bu nə deməkdir? Əgər mədəniyyət siyasəti varsa belə hal baş verməməlidir. Əgər həmin dövrü görmüş insanlar hələ yaşayırsa zəhmət çəkib dəyərli iş görmək olar. İndi mən sizdən soruşuram, bizim televiziyada mədəniyyət siyasəti varmı?

Sual: Kinoda necə, kinoda mədəniyyət siyasəti varmı?

Daryuş Ərcümənd: Əgər desəm ki, kinoda vəziyyət yaxşıdır, anarixzmdə ittiham olunaram. Bir nöqtəni qeyd edim ki, mədəniyyət və mədəniyyət siyasəti 3-5 nəfərin səliqəsi əsasında yaranmamalıdır.

Sual: Kino evində fərqli fikirlərdən dolayı mübahisələr var. Bu mübahisələr mədəniyyət yönlüdür, yoxsa siyasət?

Daryuş Ərcümənd: Mübahisəni aradan qaldırmaq üçün hadisəyə müştərək tərif verilməlidir. Əlbəttə ki, həqiqət əsasında! Təəssüf ki ölkəmizdə mədəniyyət siyasətinin vahid tərifi yoxdur. Hərə öz başa düşdüyü kimi tərif verir. Hamı da dinin müdafiəsi iddiasındadır. Əlbəttə ki, fərqli fikir öz-özlüyündə yaxşıdır. Amma unutmamalıyıq ki, bu müqəddəs din bizə Allahın ipindən yapışmağı, parçalanmamağı tapşırıb. Dinimiz bizə tapşırır ki, bir-birimizi yaxşı dinləyək. Ayrı-ayrı şuralarda insanlar fikrini bildirir. Mövlana 700 il əvvəl deyib ki, hər kəs öz gümanına görə məni sevdi və mənim içimdəki sirrə baxmadı. Bir filmin təsiri nə qədərdir ki, biz onun haqqında bu qədər mübahisə edirik?! İnanın ki, müqəddəs İslam dininə bir film yox, 50 film zərrəcə zərbə vura bilməz. Əgər belə olmasaydı, dindən əsər əlamət qalmazdı.

Sual: Bəzi televiziya verilişlərində senzuranın tətbiqinə necə baxırsınız? Fəcr film festivalının məclisini misal göstərə bilərik.

Daryuş Ərcümənd: Öz düşüncələri əsasında məhdudiyyət qoyurlar. Sanki göydən enən bir daşın qabağını almaq istəyirlər. Ölkəmizin kostitusiyası, parlamenti, dövləti var. Nazir millət vəkilləri tərəfindən təsdiq olunub. Mən bu məhdudiyyətlərdə siysət görmürəm.



Sual: Həzrət Əli (ə) filminin çəkilişindən 20 il ötüb. Siz bu filmdə hamının sevdiyi Malik Əştər rolunu yaratmısınız. Yenə də bu filmi ölkənin ən üstün tarixi filmi sayırsınız?

Daryuş Ərcümənd: Bu filmin yükü, mənası o qədər ağır idi ki, kimsə onun altından imza qoymağa cürət etmirdi. Yalnız Rəhbər Ayətullah Xamenei bu işi görə bildi. Cənab Rəhbər iki irad bildirməklə filmin çəkilişinə icazə verdi, hətta çəkilişdən sonra bütün işi nəzərdən keçirdi. Qoyun zaman ötsün. Bəzi işlər zaman ötəndə həqiqi qiymətini tapır. Həzrət Əli filmi də bu qəbildəndir. İnsanlar cəmiyyətdə məni görəndə Malik Əştər kimi qəbul edir. Başqa rolları sevsələr də Malik Əştərə eşqləri başqadır.



Sual: Düşünmürsünüz ki, insanların belə ciddi münasibəti sizin sonrakı rollarınıza təsir göstərir?

Daryuş Ərcümənd: Təbiidir.

Sual: Amma insanların çox həssaslığı problem də yarad bilər. Sizin "İranlısayağı izdivac" filmindəki rolunuz birmənalı qarşılanmadı.

Daryuş Ərcümənd: Mən heç bir əxlaqsız filmə çəkilməmişəm. Olsun ki, siz də həmin filmə başqa prizmadan baxırsınız. Amma mən həmin rolla mədəniyyətimizi göstərmişəm. Məgər iranlı kişi qeyri-iranlı qadınla ailə qurmur?! Biz mədəniyyətli xalq olmuşuq. Mən "olmuşuq" deyirəm. Hazırda tarixin dörd yol ayrıcındayıq. Bütün dünya tarixi bizim ölkədən ötüb keçir.

Sual: Sizin nəzərinizcə, zəngin mədəniyyətimiz sorağınca gedən neçə film çəkilib?

Daryuş Ərcümənd: Mən qəbul edirəm ki, məhdudiyyətlər var. Yoxsa bizim mənbələrimiz zəngindir. Bizə 500 il vaxt lazımdır ki, şahnamə üzərində işləyək. Dünyada bu əsərin misli yoxdur. Milyardlarla dollar sərmayəyə ehtiyac var ki, şahnamə lazımı səviyyədə çəkilsin. Bu əsəri şiə bir müsəlman yazıb. Əgər bu işi müəyyən şərtləri gözləmədən yerinə yetirsək əsəri məhv edərik. Hazırda bu əsərə əl vurmamaq daha yaxşıdır.

Sual: Doğrudanmı sizin etiqadınız kino həyatınıza hakim olub?

Daryuş Ərcümənd: Ədliyyə orqanlarında çalışan dostlarımdan biri dedi ki, Malik Əştər rolu səni dəyişib. Dedim ki, belə çıxır əvvəl müsəlman olmamışam?! Düşünmürəm ki, belədir. Malik Əştərdən əvvəl də etiqadım bu günkü kimi olub. Əgər "İransayağı izdivac" kimi komediyaya çəkilmişəmsə bunun üçün yetərli dəlillərim var.

Sual: Bəziləri düşünür ki, siz təklif olunan rolları fərqli yaradırsınız. Yəni ssenaridə nəzərdə tutulduğu kimi olmur.

Daryuş Ərcümənd: Mən savadsız deyiləm ki, kimsə məni doğru yoldan çəkindirsin. Mən yol vermərəm ki, hansısa rejissor mənə rolu qəbul etdirdiyini düşünsün. Malik Əştər rolu mənim uzun illər səbrimin mükafatı idi. 25 il Məşhəddə oturub bütün təkliflərə rədd cavabı verməyimin cavabını aldım. Mənim işim aktyorluq deyil, film yaratmaqdır. Mən bu yoldan əl çəkmərəm. Mən bu xalqın xidmətçisiyəm və öz işimdən ləzzət alıram. Bəzilərindən fərqli olaraq sənətdə xalqın xidmətçisi olduğumu unutmuram. Mənim istedadımı kəşf edən ilk şəxs anam olub. Amma mən aktyor olmaq istəmirdim. Anamın misilsiz tarzənlik istedadı vardı. Heç vaxt hansısa məclisəd ifa etməmişdi. Bu istedadı əsasında məndə olanı görmüşdü. Hər dəfə teatrdan sonra evdə çarpayımın üzərindəki hədiyyədən anamın razı qaldığını başa düşürdüm. O adətən mənə üzük hədiyyə verirdi.

Sual: Həyat yolunuz necə keçib?

Daryuş Ərcümənd: Məktəbdən sonra universitetə daxil oldum. Doktor Əli Şəriəti ilə tanış oldum. Tarix ixtisasını düşüncəli şəkildə seçdim. Aktyor olmaq qərarına gəldim. Başa düşürdüm ki, tarixi bilmədən bu işdə müvəffəqiyyət qazanmaq olmaz. Tarix məni məqsədimə çatdıracaq ən münasib ixtisas idi. Beləcə Əli Şəriətinin şagirdi oldum. Sonra kinoya gəldim və Malik Əştər rolu ilə məsuliyyətimi yerinə yetirdim.

Sual: Siz etiqadınız əsasında sənətinizə məhdudiyyətlər qoymusunuz. Ailədə necə, yaxşı ata, yaxşı həyat yoldaşı rolunu düzgün ifa edə bilirsinizmi?

Daryuş Ərcümənd: Mən ailəmin xidmətçisiyəm. İnanmaq çətindir ki, 8 ay öncəyə qədər icarənişin idim. Amma bu mühüm deyil. İnanmayan inanmasın. Kimsədən nəsə istəmirəm. Problem buradadır ki, mən hər dəvəti qəbul edə bilmirəm. Hətta hər yerə gedə bilmirəm. Məsələ onda deyil ki, haradasa əksimin çəkilib yayılmasından qorxuram. Sadəcə özümü mövzuya çevirmək istəmirəm.

Sual: Ailəniz bilirdimi ki, həzrət Əli filminə çəkildikdən sonra rollarınız məhdudlaşacaq? Onlar buna etiraz etdimi?

Daryuş Ərcümənd: Onlar hər şeyi bilirdilər. Düşünməyəsiniz ki, mən ailəmə maddi çətinlik yaşatmışam. Həyat yoldaşım tələbə yoldaşımdır, o da ustad Şəriətinin şagirdidir. Həyata baxışlarımız oxşar olduğundan maddiyyat bizim üçün əsas deyil. Maddi durumumuzu yaxşılaşdıracaq təkliflər çox olub. Malik Əştər rolundan sonra mənə böyük sərvət gətirəcək rollar təklif olunub. Böyük banklardan birindən administrator vəzifəsi təklifi də aldım. Mən əqidəm əsasında yaşamışam və belə işlərə gedə bilmərəm.

Sual: Övladlarınız özünü xoşbəxt hesab edirmi?

Daryuş Ərcümənd: Mən onların təhsil xərcini ödəmişəm. Xoşbəxtlikdən övladlarım da fərqlidir. Onların günahı yalnız budur ki, Daryuş Ərcüməndin övladlarıdırlar.

Sual: Övladınız və qardaşınız oğlu sənətdədir. Onların sənətinə ciddi yanaşırsınızmı?

Daryuş Ərcümənd: Mən oğlum haqqında danışa bilərəm. Oğlum mənim çəkildiyim filmə gəlmək istəmir. İstəmir atasının kölgəsində olsun. Qardaşım oğlunun ona yaxşı müəllim olası atası var. Mən öz övladlarıma cavabdehəm. Mən evimdən başqa yerdə danışmıram. Daha çox dinləməyi sevirəm. Bir də kimin necə aktyor olmasını xalq təyin edir. Əgər kimsə məni bəyənməsə bunun eybi yoxdur. Mən elan edirəm ki, hər rolu qəbul etmirəm. Məsələn Mehran Müdirini qəbul etmirəm. Təbii ki, onun da işi sənətdir. Mənə rol təklif edib, imtina etmişəm. Çünki onda yenilik görmürəm. Fövqəladə bir işi olsa düşünərəm. Mən bu əqidəmlə fəxr edirəm. Hazır deyiləm ki, Porşeyə minmək xatirinə hər təklifə müsbət cavab verim. Sənətkarın əxlaqı belə olmamalıdır. Əlbəttə ki, sənətkar iki milyardlıq maşına minə bilər. Amma bu mənim məmləkətimin mədəniyyəti deyil. Çünki bu ölkədə kino və ya teatra baxmaq üçün bilet almağa iki min tüməni olmayan insan kifayət qədərdir. Bu düşüncəmlə, övladlarım və həyat yoldaşımla fəxr edirəm.



Sual: Sənət yolu sizi "Sitayiş" serialında Hişmət Firdovs roluna gətirib çıxardı. Bu serialı uğurlu sayırsınızmı?

Daryuş Ərcümənd: Yüz faiz! Hazırkı hissələr birincidən daha çox sevilir.

Sual: Həftədə bir hissənin ekrana çıxması sizi razı salırmı?

Daryuş Ərcümənd: Mən hər gecə bir hissənin verilməsinə müxalifəm. Film çörək dükanı deyil ki, hər hissəni təndirdən çıxarıb mizin üstünə atasan. Onun hər epizodu üçün can qoyulub. Bir il əzab çəkdiyimiz 25 hissəni üç həftəyə ekrana çıxaraq?! Əlbəttə ki, bəzi filmləri hər gün ekrana çıxarmağın eybi yoxdur. 20 seriyanı 15 günə çəkiblərsə onu hər gün yayımlamaq olar.

Sual: Bəziləri düşünür ki, hissələrin fasilərlə verilməsi marağı azaldır. "Avayi-baran" serialının uğurunu onun hər gün yayımlanması ilə izah edirlər.



Daryuş Ərcümənd: Siz hansı uğurdan danışırsınız?! Siz düşünmürsünüz ki, bu dağ bazarda məna və məfhum məhv olub gedir?! Türkiyə serialları bu qəbildəndir. Hətta tarixi filmləri güclü olmur.

Sual: Bir serialın hansı həddə qədər uzanmısını qəbul edirsiniz?

Daryuş Ərcümənd: Filmin uzunluğu mühüm deyil. Əsas məsələ dəyərdir. Kiçik bir film dəyərsiz, uzun bir serial dəyərli ola bilər. Bizim işimiz adətən trilogiya formatında tamamlanır. Lost kimi filmlərdə müəllif olmur. Rejissor əhvalatları ekranlaşdırır, vəssalam. Bizim isə Səid Mütəllibi kimi güclü yazıçımız var.

Sual: Hişmət Firdovsu sevirsinizmi?

Daryuş Ərcümənd: Mən onun aşiqiyəm.

Sual: Nərgiz Mühəmmədi ilə həmkarlığı davam etdirməkdən məmnunsunuzmu?

Daryuş Ərcümənd: Yeganə şəxs olmuşam ki, onun ifası üzərində möhkəm dayanmışam. O doğrudan da gözəl oynayıb.

Sual: Bəziləri deyir ki, filmdə Hişmət Firdovsa o qədər istinad edilib ki, filmin adını Sitayiş yox, Firdovs qoymaq olardı. Nə düşünürsünüz?

Daryuş Ərcümənd: Məntiqi baxımdan Sitayiş olmasaydı Hişmətin rolu gözə görünməzdi, mənasız olardı. Təbii ki, Sitayiş də Hişmət Firdovssuz alınmazdı. Mənim əqidəm budur ki, insan öz işini eşqlə görməlidir. Təsadüfü deyil ki, işi ilə bağlı ləqəb almış adamlar var. Nə işlə məşğul olmaq yox, necə məşğul olmaq mühümdür. Sən maşın mexaniki ol, amma işini sev!

Nur-az.com


9755 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP