24 Mart 2014

Quran və rəvayətlər nankorluq haqqında

İnsanı yaradıb tərbiyə edən Allah-Taala onu kamillik mərtəbəsinə çatdırmaq istəyir. Bu məqsədlə insana nemətlər verilmişdir. İnsan Allahın verdiyi nemətlərdən düzgün istifadə etməklə öz məqamını yüksəldə bilər. Allahın əmr və qadağalarına itaət edən insan əsl şükrü yerinə yetirmiş olur. Təbii ki, nemətlər müqabilində şükr etmək vəzifədir. Təəssüf ki, bir çox insanlar Allahın nemətlərindən düzgün yolda faydalanmır, bununla da nankorluq etmiş olur. Bəzi lüğətlərdə "küfr" sözü imanın inkarı kimi mənalandırılıb. Bəzi lüğətlərdə isə şükrdə nöqsan küfr sayılıb. Nemətə qarşı küfr, nankorluq onun müqabilində şükr etməməkdir. Rağib bu barədə yazır: "Küfrün lüğət mənası bir şeyi örtməkdir. Şükr etməməklə insan nemətin üzərinə pərdə çəkmiş olur. "Küfran" sözü nemətin inkarı mənasında çox işlədilir. Dinin inkarı küfr adlandırılır."

Nemətin qədrini bilmək Rağib İsfəhaninin lüğətində müsbət hal kimi mənalandırılır. "Qamusi-Quran"da deyilir ki, nemət yaxşı və qəlbə yatan olduğu üçün nemət adlandırılıb.

Şükr haqqında deyilir ki, bu hal neməti təsəvvür edib onu dilə gətirməkdir. Şükr küfrün antonimidir. Şükr neməti aşkara çıxarmaq, küfr neməti örtməkdir. Şükr üç qrupa ayrılıb: Nemətin təsəvvüründən ibarət olan qəlb şükrü, nemətin dilə gətirilməsindən ibarət olan dil şükrü, nemətin düzgün istifadəsindən ibarət olan əməl şükrü.

Şükrün növlərindən nankorluğun da növləri aydın olur. Şəhid Dəstğeyb bu barədə yazır: "Nankorluq üç növdür: Nemətə münasibətdə cəhalət (bu növ o birilərindən daha ağırdır), nemət müqabilində bədbinlik, Allaha ümidsizlik (əslində insan nemətə çatanda xoşhal olmalıdır), əzaların küfrü. Nemətə münasibətdə cəhalət odur ki, insan çatdığı nemətlərə diqqətsiz olur, onlara əhəmiyyət vermir. İkinci növ nankorluqda nemətə çatmış insanın ümidsiz halı müşahidə olunur. Əzaların küfrü dedikdə insanın əməldə Allahın qadağalarını pozması, əmrlərini yerinə yetirməməsi başa düşülür.

Nemətə qarşı küfr həm də Allah bəndələrinin yaxşılıqlarını dəyərləndirməməkdir. İmam Səccad (ə) buyurur: "Allah qiyamət günü bəndəsindən soruşar ki, sənə yaxlılıq edənə təşəkkür etdinmi? Bəndə cavab verər ki, mən Sənə şükr etdim. Allah buyurar ki, ona təşəkkür etməməyin Mənə təşəkkür etməməyindir. Sizin aranızda şükr edənlərin ən yaxşısı insanlara təşəkkür edəninizdir." (Üsuli-Kafi).

Allah bəndələrinə təşəkkür sırasında insanın öz valideyninə təşəkkürü əsas yer alır. Loğman, 14: "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" İmam Rizadan (ə) nəql olunmuş hədisdə valideynə təşəkkürün əhəmiyyəti vurğulanır. (Mizanul-hikmə). Allah bəndələrinə təşəkkür etməməyin ilahi nemətə qarşı küfrdən sayılması barədə hədislər çoxdur.

İnsanın yaxşılığının əvəzi ona ehsandır. Ər-Rəhman, 60: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!" Əlbəttə ki, yaxşılıq müqabilində ehsan gücü yoxsa dillə təşəkkür bəs edir.

Çox insanlar Allahın nemətlərinə münasibətdə nankordur. Səba, 13: "Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!" Şükrün mərtəbələri var və bəzilərində bu mərtəbələr olmadığından nemətə münasibətdə nankor sayılırlar. İnsanların biliyi, baxışı fərqli olduğundan onların şükrü də fərqlənir.

Təbii ki, insanı istənilən bir hal və işə sövq edən amillər var. Bəs nankorluq amilləri nədir?

1.Cəhalət

Nankorluğun əsas səbəblərindən biri cəhalətdir. Həzrət Əli (ə) buyurur ki, insan cahil olmasa nankorluq etməz. (Ğurərul-hikəm).

2.Nemət sahibini tanımamaq

İmam Xomeyni (r) "Çehel hədis" kitabında yazır: "Hadisənin vasitələrinə baxan, yaranmışların müstəqil təsirinə inanan şəxs Allahı nemət sahibi görmür bu səbəbdən Allahın nemətlərinə nankorluq göstərir. Bəzən insan işdə müvəffəqiyyəti öz adına yazır. Düşünür ki, nəticə ondan asılıdır. O nemət sahibi olaraq bəzən təbiəti, bəzən bütləri təsirli görür."

3.İlahi yardımdan məhrumluq

İnsan ilahi tövfiq sayəsində uğur qazanır. Allahın yardımı olmasa insan müvəffəq ola bilməz. Həzrət Əli (ə) buyurur: "İlahi tövfiqdən məhrumluq nankroluğa səbəb olur." (Ğurərul-hikəm).

4.Qəflət

İnsan ilahi nemətlər ağuşundadır. Bu rahatlıq onda qəflət yarada bilər. Məsumlar öz dualarında şükr halı, qəflətdən uzaqlıq istəyirlər. Minacati şəbaniyyə duasında oxuyuruq: "Mənə o insanlardan qərar ver ki, ardıcıl şəkildə Səni yada salır, Sənə şükrdən qəflətdə deyil."

Nankorluq insanın şəxsiyyətsizliyindən qaynaqlanır. İmam Həsən (ə) buyurur: "Alçaqlıq odur ki, nemətə, yaxşılığa qarşı şükr, təşəkkür olmasın." (Mizanul-hikmə). Nemətə münasibətdə nankor olan insan Allah və bəndələr tərəfindən məzəmmət edilir. Həzrət Əli (ə) buyurur ki, nankor insan Allah və xalqın qınağındadır. (Ğurərul-hikəm).

Nankor insan ən pis insan kimi tanıtdırılır. Həzrət Əli (ə) buyurur ki, nemət qarşısında şükr etməyən şəxs insanların ən pisidir. İmam Səccad (ə) buyurur: "Əgər Allah bəndələrinə sitayiş və şükr tövfiqi verməsəydi onlar nemətlər içində ikən sitayiş etməz, nemətlərin şükrünü yerinə yetirməzdilər. Bu zaman insanlıqdan çıxardılar." İbrahim, 7: (Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" Ayələrdə bildirilir ki, nankor insan heyvandan da aşağıdır.

Əgər insan düşünsə, yaranış səbəbini axtarsa özünü tanıyar və dərk edər ki, onu yaradan var. Nemət sahibi Allahdır və varlıq aləmində baş verən hadisələr Onun iradəsi ilə baş verir.

Rum, 44: "Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar..." Nankorluq insanın şəxsiyyətsizliyini göstərməklə yanaşı ona dünya həyatında bədbəxtliklər gətirir. Nankorluq səbəbindən insan nemətdən məhrum olur. Quran ayələrində buyurulur ki, insan nemətə münasibətdə küfr səbəbindən həmin nemətlərdən məhrum olur. Həzrət Əli (ə) buyurur: "Allah qarşısında vəzifələrin yerinə yetirilməməsi, nankorluq insanı nemətdən məhrum edir... Allah bəndədən neməti almaq istəyəndə əvvəlcə ağlını alır..."

Nankorluq nəticəsində insan Allahın intiqamı ilə üzləşir. Həzrət Əli (ə) buyurur ki, nemətə münasibətdə nankorluq ilahi intiqamın gəlişinə zəmin olur. (Ğurərul-hikəm).

İnsan nankorluq səbəbindən axirətdə də bədbəxtçiliklə üzləşir. İbrahim, 28, 29: "(Ya Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?; Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!"

Nankor insan Allahın hədələri ilə üzbəüzdür. Rum, 33, 34: " İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar; Bizim onlara verdiyimiz nemətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq biləcəksiniz!"

Nankor insanlara qarşı şahidlərdən biri həmin nemətlərdir. Əgər insan nankorluğa tövbə etməsə həmin nemətlər ona qarşı şahidlik edər. Həzrət Əli (ə) buyurur: "Müqabilində şükr olunmamış nemətlər verildiyi insana şahid dayanar." (Vəsaliuş-şiə).

Nankor insana təyin olunmuş cəzalardan biri qəbir sıxıntısıdır. İmam Sadiq (ə) buyurur: "Mömin şükr etmədiyi nemətlərin kəffarəsi olaraq qəbir sıxıntısına düçar olar." (Biharul-ənvar).

Nankor insanın duaları qəbul olunmaz. Həzrət Əli (ə) buyurur: "Nemətə qarşı küfr kəbirə günahlardandır və duanın qəbuluna yol verməz." (Ğurərul-hikəm). Nankor insan nemətlərə qarşı küfrü səbəbindən özbaşına buraxılar, ilahi hidayətdən məhrum olar. İmam Hüseyn (ə) buyurur: "Nankorluğun cəzalarından biri bəndənin özbaşına buraxılması, dünya nemətlərinə qərq olub günah artırmasıdır." (Mizanul-hikmə). Aydın olur ki, bir insanın nemətdə qərq olmasının səbəbi təkcə onun yaxşılığı deyil. Bəzən insan cəza olaraq nemətə qərq edilər. İnsan şükr etməməklə şükrün böyük bərəkətlərindən məhrum olur. İnsan şükrlə imanın ali mərtəbəsinə çatır, doğru yolda qərar tutur. Şükrün müsbət əsərləri ictimai həyatda da özünü göstərir. Nankor insanlar şükr edənlərdən fərqli olaraq bir çox ilahi bərəkətlərdən məhrumdur.

Nur-az.com


6219 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP