19 Mart 2014

Nəhcül-bəlağə və şeyxeyn (Vəhhabiyə cavab)

Nəhcül-bəlağə və şeyxeyn (Əbu Bəkr və Ömər) təxminən İmam Əli və şeyxeyn deməkdir. Bu isə bəzi müsəlmanlar arasında nifrət yaratdığına görə lazımsız mövzu sayılır. Amma bunun yanlış qaydalarla oynayan dəcəl vəhhabilər üçün heç bir fərqi yoxdur. Çünki onlar "müsəlman" deyəndə nəinki bütün müsəlmanları, heç bütün vəhhabiləri də deyil, yalnız öz çevrələrini, eynilə özləri kimi düşünənləri nəzərdə tuturlar. Onların dəcəlliyi isə hamının inancına sataşmaqda, başa düşmədiklərini ələ salmaqda, kimi gəldi bidətçi, kafir adlandırmaqdadır. Soruşan lazım, başqasının inancından sizə nə? Siz Allahmısınız, yoxsa Onun peyğəmbəri?!

Nəhcül-bəlağə nə qədər mötəbərdir?

Özünü əllamə sayan belə dəcəllərdən biri deyir ki, Nəhcül-bəlağə ilə Şiə etiqadlarını darmadağın etmək olar. Guya bu kitab Əhli-beyt məzhəbində qeyd-şərtsiz höccət sayılır. Bu isə ən azı kobud səhvdir və sözügedən məzhəb haqda məlumatsızlıqdan irəli gəlir. Onlar ənənəvi səhvlərini burada da təkrarlayır, Əhli-beyt firqəsini ona aid olmayan, yaxud ondan ayrılmış kiçik qruplara aid fikirlərdə ittiham edirlər. Bir vaxtlar deyirdilər ki, şiələrin Quranı bizimkindən fərqlidir, onlar Quranı dəyişdiriblər; deyirdilər ki, onlar namazın salamlarından sonra 3 dəfə "Xanəl-Əmin" deyirlər; yəni guya Cəbrayıl əslində Quranı Əliyə gətirəcəkmiş, amma xəyanət edərək Məhəmmədə (s) aparıb. Belə ittihamlar çox olub, lakin əlaqələr gücləndikcə, şiələrlə yaxından tanış olduqca onların yalan və düşmən hiyləsi olduğu aşkara çıxıb.

Onlar indi də özlərinə əziyyət verib məsələni dərindən araşdırmır və əsasən Səfəvilər dövründə yayılmış Əxbariliyə xas görüşləri bütün Əhli-beyt davamçılarına aid edirlər.

Xatırladaq ki, Nəhcül-bəlağənin bütün hədisləri düzgün və səhih hesab olunmur. Ümumiyyətlə, Şiə məzhəbində heç bir

kitabın adını Səhih qoymayıblar. Çünki bu məzhəbdə kitaba, alimə, hədisşünasa pərəstiş deyilən bir şey yoxdur, fiqhdə olduğu kimi, hədis elmində də ictihad qapısı açıqdır, Qurandan başqa bütün mətnlərin istinadı rical, dirayə, tarix və mənbəşünaslıq kimi elmlər əsasında araşdırılır. Şiənin ən mötəbər hədis kitablarından biri əl-Kafidir. Onu toplayan mərhum Kuleyni nə qədər yaxşı və etimadlı adam olsa da, bu gün eyni məzhəbin hədis və rical alimləri çox asanlıqla bu hədislərin yarıdan çoxu üzərindən xətt çəkirlər. Əhli-beyt məzhəbi həm də buna görə dinamik, hər zaman yeni və mütərəqqidir.

Vəhhabi tapmacası

Deyir ki, İmam Əli oğlu Həsənə yazdığı məktubda birinci və ya ikinci xəlifəni tərifləyib, hətta məsum həddinə çatdırıb və sair. Əvvəla qeyd edək ki, sitat İmam Həsənə məktubdan deyil, dilimizə çevrilmiş Nəhcül-bəlağədəki sıralamaya görə 219-cu yerdə duran bir xütbədəndir. Orada deyilir:

"Filankəsə eşq olsun! (Allah filankəsi yetişdirən torpağa bərəkət versin!) O, əyriliyi düzəltdi, xəstəliyi sağaltdı, sünnəni bərqərar etdi, fitnəni arxaya atdı, pak şəkildə və az eyiblə dünyadan getdi, dünyanın xeyrinə çatdı və şərindən qurtuldu, Allaha itaət etdi və lazımınca Ondan çəkindi. O, dünyadan köçdü, müsəlmanları isə elə haçalanmış yollar qarşısında qoydu ki, nə yolunu azan hidayət, nə də hidayət olmuş yəqinlik tapar".

İmam Əli kimi tərifləyirdi?

Birincisi, bu xütbədə ad çəkilməmiş, "filankəs" sözü işlənmiş və bu da müxtəlif versiyalara yol açmışdır. Nəhcül-bəlağəyə şərh yazmış Əhli-sünnə alimləri, o cümlədən İbn Əbilhədid və Məhəmməd Əbdüh burada ikinci xəlifə Ömərin, Zeydi firqəsinin bir qolu olan Carudilər rişxənd və tənə formasında Osmanın, sünni alimi Sübhi Saleh, Nəhcülbəlağəni bir vasitə ilə Seyid

Mürtəzanın qızından nəql edən Qütb Ravəndi, digər şiə alimləri Haşimi Xoi, Dəşti və digərləri Malik Əjdərin, Salman Farsinin, yaxud başqa bir səhabənin nəzərdə tutulduğunu, Təbəri, Şüştəri, Şəhid Mütəhhəri və digərləri isə bu sözlərin İmam Əliyə aid olmadığını söyləyirlər.

Bu vəhhabi isə şiələrin burada ya Əbu Bəkrin, ya da Ömərin nəzərdə tutulduğuna dair icma etdiklərini söyləyib "bunun bizə isti-soyuğu yoxdur" demişdi. Lakin görünən budur ki, yaman isti-soyuğu var; çünki ümumiyyətlə belə bir icmadan söhbət gedə bilməz.

Məqsəd ilk xəlifələrdən biridirmi?

Xütbəni İmam Əliyə məxsus hesab edən Şiə alimlərinə görə, burada ya ilk iki xəlifə deyil, başqa birisi nəzərdə tutulub, ya da bu sözlər hörmət məqsədilə deyilməyib. Əlbəttə, ona görə yox ki, bu onların tarixən oturuşmuş inamlarına ziddir. Əslində İmam Əlinin şeyxeyn barədə dediyi bütün sözlərə kompleks baxış bunu tələb edir. Çünki belə bir şeyin mümkün olması üçün Əli ziddiyyətli danışan, sabit mövqesiz biri olmalıdır ki, əsla belə deyil. Bu baxımdan, məqsədin ilk xəlifələrdən biri olduğunu qəbul və ya ehtimal edən bəzi şərhçilər bu sözlərin ya təqiyyə üzündən, yəni xəlifənin tərəfdarlarının könlünü almaq üçün, ya da tənə məqsədilə söyləndiyini deyiblər.

İndi gəlin Nəhcül-bəlağədə ilk xəlifələr haqda deyilmiş bəzi sözlərə nəzər salaq. Bu kitabın Şiqşiqiyyə adlanan üçüncü xütbəsində deyilir:

"Allaha and olsun ki, filankəs (bəzi nüsxələrdə: Əbu Quhafənin oğlu) (Əbu Bəkr) mənim xəlifəlikdən ötrü dəyirmanın oxu kimi oduğumu bildiyi halda onu köynək kimi əyninə geydi... Fikirləşdim ki, boş əllə vuruşum (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran, qocaldan və möminlərin ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa dözüm. Dözməyin ağıllı iş

olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbir etdim. Mirasımın tarac olunduğunu isə görürdüm.

Birincisi öz yolunun sonuna çatıb xəlifəliyi digərinin (Ömərin) boynuna atdı. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini istəyir, ancaq ölümünə bir neçə gün qalmış başqasını xəlifə təyin edir. Onlar xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər. (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (sərt adama tapşırdı). O (ikinci xəlifə) sərt və acıdil idi, onunla görüş əziyyətverici, (dini məsələlərdə) səhvləri və istədiyi üzrlər saysız-hesabsız idi... Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə düşdü və doğru yola qədəm qoymadan haqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum".

Nəhcül-bəlağə kitabına ən böyük və güclü şərhlərdən birinin müəllifi olan sünni alimi İbn Əbilhədid Şiqşiqiyyə xütbəsinin İmam Əliyə deyil, Şərif Rəziyə aid olması barədə şübhəni rədd edərək müəlliminin müəllimi olmuş İbn Xəşşabın belə söylədiyini yazır: "Biz Rəzinin nəsr üslubunu bilirik. Bu tamam başqa bir şeydir və (Nəhcül-bəlağənin digər xütbələri ilə) eyni üslubdadır... And olsun Allaha, mən bu xütbəni Rəzinin anadan olmasından 200 il qabaq yazılmış kitablarda, atasından öncə yaşamış alim və ədiblərin əlyazmalarında görmüşəm". ("Şərhu Nəhcil-bəlağə", cild: 1, səh: 205)

Xatırladaq ki, bu xütbə ilk xəlifələr haqda yeganə tənqidi fikir deyil. Bu kitabda, həmçinin hər iki firqənin mötəbər hədis və tarix mənbələrində onların barəsində daha sərt ifadələr də var ki, biz təfərrüatına varmağa lüzum görmürük. Və təbii ki, normal, qərəzsiz araşdırmaçı bunların hamısını nəzərə almalı və mövcud ziddiyyəti ürəyi istəyən kimi yox, elmi əsaslarla həll etməlidir.

Meysəm Bəhraniyə iftira

Vəhhabi deyir ki, guya Bəhrani burada çətin vəziyyətə düşür, xütbənin səhih olduğunu deyə bilmədiyi üçün "kişinin oğlu ictihad edir" və imamın bu sözləri təqiyyə səbəbindən dediyini bildirir. Halbuki bu vəhhabi gözlərini açıb diqqətlə oxusaydı – təbii ki, əgər oxuyubsa və kimdənsə eşidib əzbərləməyibsə - görərdi ki, o, lap öncə Şiə alimlərinin hansısa bir səhabənin nəzərdə tutulmasına dair versiyasını qeyd etmişdir. Yalnız bundan sonra məqsədin ilk iki xəlifədən biri olduğunu düşünənlərin açıqlamasını yazır. Yəni açıq şəkildə bildirir ki, onlar bu xütbənin İmam Əlinin digər sözlərindən yekdilliklə, icma şəklində aldıqları nəticə ilə uyğun gəlmədiyini görüb düşünürlər: Əgər məqsəd sözügedən şəxslərdən biridirsə, imam ya onların tərəfdarlarının könlünü almaq üçün belə deyib, ya da Osmanı qınamaq üçün ondan öncəkiləri tərifləyib. Hər halda, Bəhrani burada heç bir ictihad etməyib və özü bu haqda fikir bildirməyib. Sadəcə olaraq, hansısa kişinin oğlunu tənqid edəndə kişi olub yalandan, iftiradan uzaq durmaq lazımdır.

Tərif, yoxsa tənə

Xütbənin mətni də bir qədər ziddiyyətlidir. Belə ki, əvvəldə təriflənən filankəs sonda pislənir və onun işlərinin köklü, əsaslı deyil, müvəqqəti təsirə malik olduğu ortaya çıxır. Yəni əyriliyi düzəldən, xəstəliyi sağaldan, sünnəni bərqərar edən, fitnəni arxada qoyan bu adam pak şəkildə və az eyiblə dünyadan köçəndə müsəlmanları elə haçalanmış yollar qarşısında qoydu ki, nə yolunu azan hidayət, nə də hidayət olmuş yəqinlik tapdı. Bəzi şərhçilər, o cümlədən Nəvvab Lahici buna əsasən yazır ki, imamın məqsədi Ömərdir, lakin imam onu öymək yox, məzəmmət etmək istəmişdir. Əslində isə Nəhcül-bəlağəyə və İmam Əlinin digər sözlərinə və əxlaqına əsasən, bu versiyanın da yanlış olduğunu söyləmək olar. Məqsədi məzəmmət olan Əli əvvəldə elə açıq

ifadələrlə tərifləməz, məqsədi tərifləmək olan Əli də sonda bu şəkildə qınamazdı.

Xütbənin istinadı

Bu kiçik xütbənin daha bir problemi onun istinadındadır. Daha doğrusu, hədisşünaslıq baxımından zəif olması sözügedən problemləri həll edir. Əslində bütün Nəhcül-bəlağə mürsəl formada qeyd olunsa və hədislərin istinadı göstərilməsə də, tədqiqatçılar onları ən qədim mənbələrdə tapıb "Nəhcül-bəlağənin istinadları" mövzusunda çoxlu kitablar yazmışlar. Bu xütbə həmin mənbələrdən olan Təbəri tarixində gəlib və rəvayətçiləri arasında Əhli-beytə düşmən olan Müğeyrə ibn Şöbənin yer aldığına görə zəif və etibarsız sayılır. Təbəridən də göründüyü kimi, bu sözləri xəlifə Ömərin ölümündən sonra Bint Əbi Həsmə adlı növhəxan bir qadın deyib. (Tabəri, cild: 3, səh: 285)

Nəticə

Yekun olaraq deyə bilərik ki, əvvəla bu xütbə İmam Əliyə aid deyil. Lakin hətta aid olsa belə, burada "filankəs" sözündə ikinci xəlifənin nəzərdə tutulduğuna dair dəlil yoxdur. Digər tərəfdən, xütbənin özü ziddiyyətlidir və əsl məqsədin tərif, yoxsa tənqid olduğunun anlaşılmazlığı bir yana, söz ustası olan İmam Əlinin uyğun metoddan belə naşıcasına istifadəsi ağlabatan görünmür.

P.S. Yuxarıdakı qeydlərdən bəlli oldu ki, vəhhabinin iradları tamamilə əsassız, təəssüflü olsa da, həqiqətə zidd və böhtan xarakterlidir. Belələrinin qəsdən yalan danışdığına əmin olmasaq da, danışdıqlarını dəqiqləşdirmədiyinə və 2 dəqiqə ərzində bu qədər yanlışa yol verdiyinə görə yalançı və iftiraçı qədər məsuliyyət daşıdığına şübhəmiz yoxdur.

Nur-az üçün

Abdullah Arif


7104 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP