Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Ərdəbilin cümə namazı – 7 fevral (18 bəhmən)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İlahi təqva dünya və axirətdə insana asayiş yaradır. Duxan, 51: "Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə". İnsanın əbədi həyatda asayişdə olması kiçik iş deyil. Allah-Taala axirət və axirət sorğusundan elə danışır ki, həzrət Peyğəmbər (s) və bütün başqa peyğəmbərlər qorxuya düşür. Allah-Taala həzrət Peyğəmbərə (s) aşkar göstəriş verir ki, axirətdən qorxduğunu elan etsin. (bax: Ənam, 15). Bu, təqva əhlinin xüsusiyyətlərindəndir. Onlar vəzifələrini tam yerinə yetirdikdə belə, narahatdırlar, qorxurlar. Muminun, 60: "Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər." Böyük şəxsiyyətə malik olan Peyğəmbər (s) qorxur və deyir ki, aqibətimin necə olacağını bilmirəm, sizin də aqibətinizdən xəbərsizəm. (bax: Əhqaf, 9). Həzrət (s) narahatdır ki, onunla necə rəftar ediləcək. Həzrət (s) ömrünün son anlarında buyurur: "Mən də (Allaha qarşı) üsyan qaldırsam həlak olacağam. Bu işdə istisna yoxdur." Kimsə bu sahədə sığortalanmayıb. (bax: Nisa, 123). Əgər insan günah, xətaya yol versə, varlıq aləmi elə bir nizamda qurulub ki, hər şey ona qarşı çıxacaq. İmam Səccad (ə) Allahla raz-niyazda deyir ki, ey kaş, aqibətimi biləydim. Adi insanların vəziyyəti məlumdur. Şairin təbirincə, iti küləyin haraya aparacağı bilinməyən saman çöpüyəm.
Dualara baxsaq görərik ki, "ey kaş" sözü çox işlədilir. İnsan Allahdan aqibəti ilə bağlı agahlıq istəyir. Sonradan biləcəyimizi vaxtında bilmək lütf olardı.
Ötən həftələrdə insanın dəyəri, şərafəti haqqında danışdıq. Dedik ki, insanın dəyəri onun hansı həddə istedad qazanmasındadır. İnsan nə qədər ibadət, minacat, raz-niyaz baxımından məqamını yüksəldərsə bir o qədər dəyərli olar. Minacat sadəcə danışmaq deyil. Telefonla danışmaq minacat sayılmır. Minacatda yaxınlaşmaq şərtdir. İnsan Allaha yaxınlaşdıqdan sonra minacat dili əldə edir. (bax: Məryəm, 52). Namazın əzəmət və yeri burada üzə çıxır. Namaz ruhiyyəsi insanı minacat məqamında saxlaya bilməlidir. Allahla minacatdan gələn nur insanı paklamalıdır. "Şərabən təhura" dedikdə insanı paklayan şey nəzərdə tutulur. (bax: İnsan, 21). Əgər namazı nəyəsə bənzətmək istəsək Peyğəmbərin (s) təbiri yerinə düşər. Həzrət (s) buyurur ki, namaz insanın evi qarşısından keçən çay kimidir. İnsan gün uzunu beş dəfə bu çayda yuyunur. Bu fonda günahı insanın bulaşdığı çirkaba bənzədə bilərik. Namaz sudursa, çirkab da günahdır. İnsan iki gündə bir dəfə yuyunsa bədəni təmiz olar. Amma ruhu beş dəfə yumaq lazım gəlir. Ruh olduqca tez bulaşır, pas atır. Şairin təbirincə, qəlbin gözünü örtən pas onu sirlərdən xəbərsiz saxladı.
O namaz insanı paklayır ki, namaz ruhiyyəsi ilə yanaşı olsun. İnsan kiminlə danışdığını, kimin qarşısında dayandığını bilməlidir. Həzrət buyurur ki, bəzən birinin 70 il qıldığı namaz başqa birinin iki rəkət namazı dəyərində olmur. Çünki namazda kimin qarşısında dayandığını bilməyib. Necə də pisdir ki, insanın 60, 70 yaşı ola, bir kamil namaz qılmaya. Əgər namaz insanın ruhunu başqa bir aləmə aparmırsa, ruhu da cismi kimi bu dünyada qalırsa bu çox ağrılı haldır. (bax: Nəhcül-bəlağə, hikmət 147).
Namazlar arasında gecə namazı xüsusi yer tutur. Gecə namazı xəlvətdə, gecənin tənhalığında qılınsa yaxşıdır. Gecənin, xəlvətin, sükutun öz dili var. Gecə raz-niyaz üçün, dərdi bölüşmək üçün, sirrini demək üçün münasib fürsətdir. İnsanın sahibi var. İnsanı dünyaya gətirən varlıq onun üçün məqsəd nəzərdə tutub. Bu məqsədə çatmaq üçün vasitələr qərar verilib. Ənfal, 23: "Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər." Allah istedadı olan insanı başına buraxmır. Mənəvi məqama çatan insan Allahla xəlvəti söhbətilə məqam qazanır. Şair deyir ki, bu halda insanın qəlbindən minlərlə tərcüman baş qaldırır.
Bəzilərinin savadı yoxdur, dərs oxumayıb. Bununla belə Allahla danışmaq istedadları var. Şair bunu sözsüz, kəlməsiz danışıq adlandırır. İnsan o zaman aramlıqa çatır ki, onun ruhu Allahın hüzurunda torpağa bağlı zəncirlərdən (dünya həvəslərindən) azad olur. Aişə deyir ki, namaz vaxtı çatanda Peyğəmbər (s) tələsik Bilala azan verməyi tapşırardı. Buyurardı ki, Bilal bizi rahat et. İmam Səccad (ə) Allaha ərz edir ki, Xudaya, rahatlığım Səninlə raz-niyazdadır.
Əzizlər, namaz vəzifə yox, şərəfdir. Həzrət buyurur ki, insanın ruhunu üç şey aramlaşdırar. Biri acı doyurmaqdır. Elə bir ac ki, heç yerdən köməyi yoxdur. Acı doyurmağın ləzzəti var. Bu maddi ləzzət deyil, mənəvi ləzzətdir. Ruha aramlıq gətirən ikinci amil insanlar yatdığı zaman gecə namazı qılmaq, Allahla raz-niyaz etmək, ağlamaqdır. İnsana aramlıq gətirən başqa bir səbəb onun möminlərlə ünsiyyətidir. İmam Səccad (ə) gecəni sübhədək ibadət edər, sübh vaxtı Allaha ərz edərdi ki, gecə ötdü, amma Səninlə ibadətdən doymadım. Gecə namazı insana ruhi qüdrət verir. Həzrət Əli (ə) buyurur ki, gecə namazı cismdən götürüb ruh üzərinə qoymaqdır. İnsan cəmiyyət arasına çıxanda müxtəlif insanlarla ünsiyyətdə olur. Hər insanın öz qiyməti var. Bəziləri özünü ucuz satır. Bəzilərini isə almaq çətindir. Onlar çox möhkəmdir. Həzrət Əli (ə) buyurur: "Maddi cisminizdən götürün və nəfsinizi gücləndirmək üçün ruhunuza əlavə edin. Torpaq və cismə maraq səbəbindən nəfsinizi təkamüldən saxlamayın." (Nəhcül-bəlağə, hikmət 183).
Rəvayətdə deyilir ki, Allahı ən çox qəzəbləndirən insan çox yatan insandır. Ərəblər deyir ki, yatmaq faydalı olsaydı, hamıdan çox fayda ölülərə düşərdi. Çox yemək də belədir. Bədən ağırlaşdıqca mənəvi səfər çətinləşir. Şair deyir ki, nə çətinlik varsa cismindəndir, cismin ağırlığındandır.
Allah-Taala cism və ruhu elə yaradıb ki, cismə əziyyət veriləndə ruh yüksəyə qalxır. Ruha əziyyət verilsə cism inkişaf edir. Ruh və cism tərəzinin iki gözü kimidir. Bədənə əziyyət veriləndə, insan gecə oyaq qalanda ruhun gücü artır. Qəlb safalandıqda ruh pərvaz edir. Amma günah, haram yemək, əxlaqsız filmlərə baxmaq ruha əzab verir. Bu zaman cism böyüyür və o böyüyəndə ruhun ona gücü çatmır. Belə bir ruh insanı məqsədə çatdıra bilməz. Eyni zamanda belə bir cism insanı bədbəxtliyə aparar.
Allahdan istəyimiz budur ki, bizi dini həqiqətlərlə daha artıq tanış etsin.

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Əzizlər, Allah-Taala Quranda bəzən and içir. And içir ki, məbada kimsədə şəkk qala. Allah and içir ki, peyğəmbər göndərilən ümmətlər sorğuya çəkiləcək. (bax: Əraf, 6). Buyurur ki, ümmətlərdən də, peyğəmbərlərdən də soruşacağam. (bax: Hicr, 92). İnsan gördüyü işə görə cavabdehdir. Hər addımı ilə bağlı sorğuya çəkiləcək. Beləcə, Allah insanların bu mövzuya ciddi yanaşmasını istəyir və bu barədə xəbərdarlıq edir.
Maidə, 116: "(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!" Maidə, 117: "Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!" Bəli, insan sorğuya çəkiləcək və bu sorğudan uğurla çıxmaq yolu təqvalı yaşamaqdır.
Əzizlər! Bir millətin şərəf və ləyaqəti neçə amillə bağlıdır. Yəni milli ləyaqətin meyarları var. İslam İnqilabı bizim məmləkət üçün bu zəminəni yaradıb. Birinci amil elmi tərəqqidir. Millətin iftixarlarından biri onun elmi inkişafıdır. Əgər bir millət elmi tərəqqi ilə ayaqlaşmasa öz gələcəyini qura bilməz. Milli hakimiyyətini qorumaqda aciz qalar. Millətin ləyaqəti budur ki, elm istehsalında dünya miqyasında payı olsun. İslam İnqilabı bizim millət üçün töhfələr verib. İnqilab əzəmətli bir fürsət yaradıb. İstənilən elm sahəsində bacardığınız qədər irəli gedə bilərsiniz. Ölkəmizdə böyük elmi inkişaflar tam şəkildə inqilabdan sonra əldə olunub.
Millətin ikinci əzəmət göstəricisi həqiqi demokratiya, azadlığın cəmiyyətə hakim olmasıdır. Yəni ölkə boyu millətin rəyi, toplum düşüncə meyar olmalıdır. Millətin rəyinə hörmət göstərilməlidir. Böyük Rəhbər buyurur: "Xalqın rəyi, səsi həqqünnasdır (xalqın toxunulmaz haqqıdır). Ölkəmizdə İnqilabdan sonra müntəzəm seçkilər keçirilib. Bu seçkilərin dünyada oxşarı yoxdur. Bütün postlara İslam İnqilabı sayəsində xalqın rəyi ilə təyinat verilir. Bu münasibət xalqa böyük ehtiram göstəricisidir. Xalqdan bu haqqı alamq ona qarşı ən böyük xəyanətdir. Şah dövründə xalqa bu qəbildən xəyanət edilib və bu xəyanətlər yaddan çıxmaz. Bəhai Hüveyda (şah hökumət rəsmisi) televiziyada belə elan etdi: "Şaha birinci şəxs deməyin, bu təbir düzgün deyil. Məgər bu ölkədə ikinci şəxs də var ki, şaha birinci şəxs deyəsiniz."
Həqiqi milli və demokratik hakimiyyət o zaman yaranır ki, bütün həssas məqamlarda xalq qərar çıxarır. Əgər xalqın bir, rəhbərin başqa meyarı olsa nə etmək lazımdır? Nümunəsi İnqilabda göründü. İmam Xomeyni Bəni Sədrlə müxalif mövqedə dayanmışdı. İmam buyururdu ki, əvvəlcədən onun seçiminə qarşı olub. Amma xalq Bəni Sədrə səs verdi və İmam xalqın səsinə ehtiramla yanaşdı. Amma görün dünyada nə məzhəkələr baş verir. Özünü demokratik dünya adlandıranlarda demokratiyadan əsər-əlamət yoxdur. Harada seçki gedirsə Amerika seçki qutusu üzərində dayanıb İsrail və qərbə işləyən namizədin xeyrinə səs çıxarır. Yeni termin icad ediblər. Deyirlər ki, legitimlik, qanunilik təkcə xalqın rəyinə bağlı deyil. Guya dünya birliyinin siyasi mövqeyi legitimliyi təyin edir.
Millətin siyasi istiqlala malik olması onun ləyaqət göstəricisidir. Yəni millət özü öz taleyini həll etməlidir. Xalqın milli əzmini heç bir güc qıra bilməz. Əgər dünyada belə bir əzmkarlıq axtarsanız onu İranda taparsınız. Ölkələrin bəzisi əmr verir, bəziləri itaət edir. Bütün kiçik ölkələr böyük ölkələrin siyasəti ardınca gedir və müstəqil siyasət yürüdə bilmir. Bu günə qədər üçüncü dünya ölkələri adlanan ölkələr arasında İran qədər siyasi müstəqillik əldə edən, "nə şərq, nə də qərb" deyə fəryad qoparan olmayıb.
Bu tilsimi yalnız bizim millət qıra bildi. İslam İnqilabı sayəsində siyasi müstəqillik əldə etdik. İnqilabdan qabaq belə deyildi. Böyük Rəhbər buyurur: "Amerika doktor Əminini İranda baş nazir postuna təyin etmək istəyəndə Əmini Amerikaya səfərə getdi, öhdəçilik götürdü və yalnız bundan sonra Amerika onu təsdiqlədi. İki il sonra şah Əminidən narazı qaldı. Bu dəfə şah Amerikaya getdi, icazə istədi ki, Əminini işdən uzaqlaşdırsın. Bir ölkənin başçısı, hətta şah vəzifə təyinatında biganələrə tabedirsə bu millətin halına ağlamaq lazımdır!"
Millətin dördüncü əzəmət göstəricisi beynəlxalq aləmdə söz sahibi olmasıdır. Qlobal hadisələrdə söz sahibi olmalısan. Bir millətin belə bir nüfuzu yoxsa sıradan millət sayılır. Millətin siyasi çəkisi olmalı, regional və beynəlxalq problemlərin həllində onun mövqeyi nəzərə alınmalıdır. Bu halda milli qürur qorunur, millət başqa millətlərin nəzərində müstəqil sayılır. İnqilab bizə bunu verdi. Obama Böyük Rəhbərə məktubunda yazır: "Mən əmin olmuşam ki, beynəlxalq problemlərin həllində iki dövlətin rabitələri aparıcı rol oynayır." Biz belə bir nüfuzun şükrünü yerinə yetirməkdə acizik. Yəni ABŞ başçısı İran İslam Respublikasının iqtidarını etiraf edir. Yaponiyanın xarici işlər naziri deyir: "İran regionun super gücüdür." "21-ci əsrin super gücləri" kitabının müəllifi Amerikanın tanınmış jurnalistidir. Bu kitabı tapsanız oxuyun. Kitabda yazılır ki, 21-ci əsrdə dünyada üç güc mərkəzi olacaq və bunun biri İran İslam Respublikasıdır.
Beşinci əzəmət göstəricisi iqtisadi potensial, iqtisadi müstəqillikdir. Altıncı əzəmət meyarı milli bəsirətdir. Millət düşmənin oyunlarından, hiyləgər siyasətlərindən baş çıxarmalıdır. Düşmənlər meydana xeyirxah simasında, gözəl libasda daxil olur. Bəli, bəziləri anadan mehriban dayə kimi çıxış edir. Onlar öz çikrin niyyətlərini həyata keçirmək üçün xalqın hislərindən istifadə edirlər. Həzrət Əli (ə) buyurur: "Fitnənin səsi yoxdur. Ötüb keçəndən sonra xalq fitnədən xəbər tutur." Çox millətləri fitnəkarlıqla azdırıblar. Bəsirət olmasa fitnə məmləkəti məhv edər. 35 ildir ki, qərbin informasiya imperiyası bütün gücünü ortaya qoyub, böyük şeytan kiçik şeytanları başına yığıb təlaş göstərir. Necə ki həzrət Peyğəmbərin (s) dövründə böyük şeytan kiçik şeytanlarla Peyğəmbərə (s) qarşı məsləhətləşirdi. Həzrət İmam (r) Amerikaya böyük şeytan ləğəbi verdi. Dünyada hansı ölkəyə qarşı 180 şəbəkə işləyir?! Hansı millət 180 şəbəkənin şərindən qoruna bilər?! Bu bəsirət və agahlıq İslam İnqilabı sayəsində əldə olunub. Yeddinci meyar budur ki, millətdə fədakarlıq, zülmə müqavimət, şəhadətsevərlik ruhiyyəsi olsun. Millət hər quldur qarşısında geri çəkilməsin. Beynəlxalq müstəvidə baş verən zorakılıqlara müqavimət gücü olsun. Millət özünə inanmalı, bilməlidir ki, qorxsa uduzacaq. Yaddan çıxarmayın ki, zirvədən qorxan insan həmişə çalada qalır. Bu gün müharibə iradələr müharibəsidir. İradədə uduzan millət dəyər sahibi olmur.
Səkkizinci meyar budur ki, məmləkətin saleh, müdrik, şücaətli rəhbəri olsun. Rəhbər xalqa can yandırmalıdır. Tövbə, 128: " (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!"
Doqquzuncu meyar əzəmətli mədəniyyətə malik olmaqdır. Millət üçün iftixarlardan biri dünyanın üz tutduğu milli mədəniyyətə malik olmaqdır. Amerika və qərblə savaşımız buna görədir. Onlar öz mədəniyyətini aparıcı sayır. Onların nəzərincə toy şənlikləri, geyim, adət-ənənələr onların mədəniyyətinə tabe olmalıdır. Onlar boşanma üçün də şadlıq keçirir. Düşünürlər ki, boşanmaq da azadlığa çıxmağın bir növüdür. Bizim qərblə ixtilafımız yaxşı və pisin təyinindədir. Qərbdə yaxşı və pis yerini dəyişib.
Onuncu meyar budur ki, ölkənin hərbi iqtidarı olsun, ərazi bütövlüyünü qoruya bilsin. Əzizlər! Bu gün ordu, hərbi hava qüvvələri günüdür. Biz keçmişdə hərbi qüdrətimiz olmadığından çox zərbə almışıq. Şahın xalqın hesabına səxavətini yada salsaq hər bir iranlı dəsmal çıxarıb ağlamalıdır. Sədabad müqaviləsinə əsasən şah ikinci Pəhləvi Sistan və Bəluçestanın bir hissəsini Əfqanıstana verdi. İndi bizim Sistan və Bəluçestandan milli gəlirimiz 40 milyon tüməndir. Bu elə bir pul deyil ki, müqabilində torpaq verilə. Bizim bir qarış torpağımız milyardlarla tümənə dəyər. Hazırda Əfqanıstanla su hövzəsi problemimiz var. Müqavilə əsasında İrana ötürüləsi suyun qabağı alınıb. İranın torpağının bir hissəsini şah Türkiyəyə verdi. İraqa da torpaq payı çatdı. Bu mövzunu sonadək araşdırmaq imkanımız yoxdur. Saray naziri xatirələrində yazır ki, şah ölkənin torpağını verəndə sanki bədənimizdən ət qoparıb itə atırdı. Britaniya səfiri elan etdi ki, Bəhreyn İrandan ayrılmalıdır. Şahdan Bəhreynin istiqlalını imzalamaq tələb olundu. Bəhreyn İranın ən strateji nöqtəsidir. Həmin vaxt hərbi gücümüz yox idi. Bu günki kimi HHQ, SEPAH, Bəsic kimi qüvvələrimiz yox idi. Bu günki kimi saleh, uzaqgörən rəhbərimiz yox idi. Britaniya səfiri şaha sənədi imzalamağı əmr edəndə şah demişdi ki, bu mənim üçün intihara bərabərdir. Şah da bunu xəyanət sayırdı. Amma onun müqavimət gücü yox idi. Tarix boyu məmləkətimizin çox torpağı müharibəsiz-filansız biganələrə verilib. Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan, Əfqanıstan, Tacikistan, Bəhreyn İrandan qoparılıb. Qafqazın 17 şəhəri İrandan qoparılmış şəhərlərdir. Qafqaz əhalisi müctəhidlərə məktub yazıb namuslarının ruslardan qorunmasını istəyirdilər. Alimlər qiyam qaldırdılar. Amma Qacar hökuməti qorxdu ki, həmin 17 şəhərin alimləri uğur qazansa xalq onları rəhbər kimi tanıyacaq. Britaniya Qacar hökumətinə dedi ki, Nəcəfdən gəlmiş Seyid Məhəmməd Mücahid Rusiyanı elə sıxışdırıb ki, müvəffəq olsa, xalq sizi tanımayacaq. Beləcə Qacar dövləti Seyid Məhəmməd Mücahidin himayəsindən çəkindi. Bunlar böyük faciədir. İnqilab bu rəzalətlərə son qoydu. Ölkəmiz regionun hərbi və texnoloji liderinə çevrildi.
Hazırda Fars körfəzində 80 döyüş gəmisi var. Amma birində cürət yoxdur ki, bizə doğru bir güllə atsın. İran strateji nöqtədə yerləşib. Buna görə də daim iperialistlərin hədəfi olub. İrana o qədər təcavüz edilib ki, İrandan o qədər torpaq qopardılıb ki, Səfəvilər dövlətinin nəzarətində olan torpağın yarısı da qalmayıb. Biz 500 il yatmışıq, böyük fürsətlər əldən çıxıb. İnqilab bir kanadalı araşdırmaçının təbirincə, 500 illik geriliyi aradan qaldırıb. Əzizlər, özüm məhrəmanə bir video görüntüdə 12 ef 18 ABŞ qırıcısının Fars körfəzində bir İran pilotsuzuna necə əsir olduğunu görmüşəm.
On birinci meyar budur ki, ölkədə söz azadlığı olsun. Xalq vəzifədə olan şəxsi tənqid edə bilməlidir. Həzrət Əli (ə) məmuru otaqdan çıxarıb məzlumu dinləyərdi. Buyurardı ki, məmur qarşısında məzlumun dili tutular, sözünü deyə bilməz. Həzrət Əli (ə) hakimiyyətə gəldiyi gün elan etdi ki, bu günə qədər ağzı bağlı qalanlar sözünü deyə bilər. Bu gün dünyada söz azadlığının durumu faciəlidir. İnqilabımızın əzəməti haqqında təkcə bunu demək bəs edər ki, özünü siyasi məhbus sayanlar da həbsxanadan azad bəyanat yaya bilir.
On ikinci meyar budur ki, millət dini, həyati, əxlaqi dəyərləri yaşatsın. Cəmiyyət, hökumət, təhsil müəssisələri öz işini səmavi dəyərlər üzərində qursun. Bütün bunları bizə İnqilab bağışlayıb.
On üçüncü meyar budur ki, millətin məqsədi, şüarı ali və beynəlmiləl olsun. Millətin amalı bütün məktəblər, bütün ideologiyalar, bütün izmlərin fövqündə dayansın. Düşmənin arqumentləri puça çıxarılsın. Millət üçün bu meyar böyük şərəfdir. Ən böyük tərkisilah ideoloji, dəlillərdə tərkisilahdır.
Millət üçün on dördüncü imtiyaz budur ki, milli birlik olsun. Millət müxtəlif siyasi qruplardan, millətlərdən, məzhəblərdən təşkil olunsa da daxili birlik qorunmalıdır. İranda milli və dini kolorid çeşidlidir, bununla belə düşmən bir iş görə bilməyib.
Əzizlər! Biz bu dəyərləri göz bəbəyi kimi qorumalıyıq. Nə vaxt millət meydanda olmasa məmləkəti parçalayacaqlar. Tarixdə belə məqamlarda vurulan zərbələrin əsəri hələ də qalır. Çıxış yollarından biri 22 bəhmən aksiyasına qatılmaqdır. ABŞ xarici işlər nazirinin müavini milli və dini qürurumuza əl uzadıb. O son söhbətlərindən birində deyib: "İranın nəyi varsa ABŞ-ın nəzarəti altında olmalıdır. Hətta elmi araşdırmalar, regional müamilələrə ABŞ icazə verməlidir. İran Suriyada gördüyü işlərdən dolayı Amerikadan icazə almalıdır. İranın nüvə enerjisi proqramı, ölkədə insan haqları durumuna Amerika nəzarət etməlidir. İranın ballistik raketləri barədə də Amerika qərar çıxarmalıdır. Hər kəsin qəlbində zərrəcə milli qürur varsa 22 bəhmən aksiyalarında iştirak etməlidir. Biz bu aksiyalarda iştirakımızla Amerikaya səhvini başa salmalıyıq. Onlar çox böyük səhvə yol veriblər. Düşünürlər ki, məcbur olub müzakirələrə getmişik. Nə qədər ki, bu fikirdən daşınmayıblar müzakirələr çətin olacaq. Onlar çalışırlar ki, milləti yorsunlar, məsulları və alimləri ümidsizləşdirsinlər. Millətlə dövlət arasında uçrum yaratmaq istəyirlər. Milləti yormaqla müqavimətimizi qırmağa çalışırlar. İnşaallah xalqın iştirakı ilə bütün planları boşa çıxacaq.
Allah-Taala buyurur: "Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!" Bəli, Allah düşməni qəzəbləndirən addımları ibadət sayır.
Dövlətə təşəkkür edirik ki, ərzaq səbətinin bölgüsünə görə üzürxahlıq etdi. Bu yetərsiz müdiriyyət həssas bir məqama düşdü, belə olmamalıydı. Amma dövlətin bu işdə səhvini etiraf edib üzr istəməsi təqdirə layiqdir. Amma düşmən təbliğat vasitələrinin əlinə mövzu düşdü. Gün uzunu bundan danışırlar. Dövlət başçısından istəyimiz budur ki, bu sahədə səhvə yol verənləri, ən böyük milli sərvət olan milli etimada kölgə salanları cəzalandırsın. Xalqdan istəyimiz budur ki, dövlətə inamı olsun, deməsinlər ki, gec tərpənsək ərzaq səbəti əlimizdən çıxacaq. Milli etimad dövlətimizin əsl sərmayəsidir. Allah-Taala öz xeyir və bərəkətini məmləkətimizə nazil etsin. İnşaallah.

Nur-az.com


7307 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP