İmam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil

Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. Çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.
Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.
Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.