Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Hansı Quran?

Dedi: -Sizin Quranınızın bizim Quranla fərqi var. Dedim: -Subhanəllah! Quranda biz və siz yoxdur
"Dedim, dedi" silsiləsindən olan bu dialoqlar müxtəlif illərdə həcc ziyarəti zamanı görkəmli şiə alimi Höccətül-islam vəl-müslimin Cavad Mühəddisi ilə vəhhabilər arasında baş vermiş ixtilaflı məsələlərə aydınlıq gətirir. Dialoqlar asan dildə və müəyyən həddə sənədli şəkildə cənab Mühəddisi tərəfindən ziyarətdən sonra qələmə alınıb. Nur-az.com saytı "Hansı Quran?" dialoqunu "Dedim, dedi" kitabçasından sizin üçün təqdim edir:

Səudiyyə Ərəbistanının Cəddə aeroportunda məmurlar bizim çanta və əşyalarımızı gəzirdilər.
Yanımda bir Quran var idi. Onu da bəzi dua kitabları və həccə aid bəzi kitablarla birgə məndən aldılar.
Dedim: -Daha Quranı niyə aldın? Bu da qadağandır?
Dedi: -Müqəddəs iki hərəmdə (Məkkə və Mədinə hərəmlərində) ürəyin istəyən qədər Quran var. Götürərsən, onlardan oxuyarsan.
Dedim: -Bu mənim şəxsi Quranımdır. İstəyirəm həmişə yanımda olsun. Məsciddə, yolda və qalacağım yerdə oxumaq istəyirəm.
Dedi: -Sizin Quranınızın bizim Quranla fərqi var.
Dedim: -Subhanəllah! Quranda biz və siz yoxdur. Yer üzündəki bütün müsəlmanların Quranı bir dənədir və heç bir təfavütü yoxdur. Qəbul etmirsənsə uyğunlaşdır. Bu Quranın sizin Quranla hətta bir kəlmə, bir fəthə-kəsrə əlamətində də fərqi yoxdur. Ümumiyyətlə sizin Quranların xəttatı olan "Osman Taha" xətti ilə çap edilib.
Dedi: -Siz şiələrin başqa Quranı var. Sizin əqidənizə görə Quran təhrif edilib və bu Peyğəmbərə (s) nazil olan həmin Quran deyil.
Dedim: -Bu töhmət və yalandır. Bunu kim deyib? Biz Quranın təhrif olunmadığına və azaldılıb-artırılmamasına etiqad bəsləyirik. Ümumiyyətlə Quranın təhrif edildiyini demək olarmı? Əvvəla; Quranın özü Allah tərəfindən buyurur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"(1) İkincisi; Peyğəmbərin (s) səhabələri və Quran hafizləri İslamın ilk dövründə bu səmavi kitaba qarşı o qədər həssas idilər ki, bir dəfə üçüncü xəlifənin zamanında bir ayənin (2) əvvəlində "vav" hərfinin olub-olmaması barədə az qalırdı ki, bəzi şəxslər qılınc çəksinlər ki, kimsə "vav" hərfini silməsin. Şiə alimlərinin əqidəsi budur ki, Quran təhrifdən amanda qalmışdır. Fəzl ibn Şazan, Şeyx Səduq, Şeyx Müfid, Seyid Mürtəza, Şeyx Tusi, mərhum Təbrəsi, Əllamə Hilli və sair böyük şiə alimlərinin kitablarında bu əqidə rəsmi olaraq elan edilmişdir. Ola bilər ki, qıraq-bucaqda bəziləri nə isə desinlər ki, təhrif kimi başa düşülsün. Lakin onu şiə məzhəbinin adına yazmaq olmaz. İstər bizim imamlarımız, istər bizim böyük alimlərimiz və istər adi şiənin əqidəsi Quranın təhrif olunmadığına dəlalət edir.
Dedi: -Sizin əqidənizə görə bu Qurandan başqa, digər Quranlar da olmuşdur.
Dedim: -Qətiyyən və əbədi olaraq belə bir şey yoxdur.
Dedi: -Onda Əlinin və Fatimənin müshəfi nədir?
Dedim: -Əlinin (ə) müshəfi Quranın bir nüsxəsi idi və onun mətninin bu Quranla bir fərqi olmayıb. Əksinə, o həzrət Səqifə hadisəsindən sonra xanənişin olduğu zaman nazil olmuş surələri toplamağa başladı. Bütün Quranı yeddi hissəyə bölmüşdü, surələrin ardıcıllığı fərqli idi. Onun mətni hazırkı Quranın ayə və surələrilə heç fərqlənmirdi. Lakin Həzrət Fatimənin (s.ə.) müshəfi Quran deyildi. Ümumiyyətlə müshəf sözünün mənası yazılmış və kitab anlamındadır. Çoxlu rəvayətlərə əsasən, Allah rəsulunun (s) vəfatından sonra, Cəbrail mələk təsliyət vermək üçün Həzrət Fatiməyə (s.ə.) nazil olurdu. Mələk xanıma onun Allah yanında olan məqamından, gələcək hadisələrdən və övladlarının başına gələcək hadisələrdən bəzi şeyləri deyirdi. Həzrət Fatimə (s.ə.) onları təkrar söyləyirdi, İmam Əli (ə) isə yazırdı. Bu Fatimə (s.ə.) müshəfinin həqiqətidir. Təəccüblüdür ki, bəziləri bunu bayraq edirlər və deyirlər ki; "Şiələrin başqa Quranı var adı da "Fatimə (s.ə.) müshəfidir!" Bu xəbərsizlikdən qaynaqlanan böhtandır.
Aeroport məmuru bu izahı eşitdikdə fikrə getdi.
Dedim: -Bizim ölkəmizdə çox sayda Quran hafizi var. Bizim qarilər beynəlxalq hifz və qiraət yarışlarında iştirak edir və qalib gəlirlər. Halbuki müxtəlif hakimlər yarışların keçirilməsinə nəzarət edirlər. Əgər bizim Quran fərqli olsaydı, bizim Quran qarimiz bu yarışda birinci yerə necə çıxa bilərdi?
Əlacsız qalıb mənim Quranımı geri qaytardı və üzürxahlıq etdi.
Mən isə belə yalan və əsassız töhmət və iftiraların bunların təfəkküründə yer almasına və buna necə inanmalarına təəssüf etdim.
1. "Hicr" surəsi, 9-cu ayə.
2. "Tövbə" surəsi, 34-cü ayə.


7117 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP