22 Fevral 2015
Təvəssül
Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və İmamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər

Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və İmamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qurani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.