Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2019

Hər bir əməli məna ilə yükləyən amil

Bismilləhir-Rahmənir-Rahim!

Artıq mübarək Ramazan ayının müəyyən hissəsi arxadadır. Bu ay - insana ruhi təravət və yeniləşmə vermə, ruhi oyanış bəxş etmə baxımından misilsiz bir fürsətlər təqdim edir.

Uca Allahdan diləyirik ki, cəmi inanc əhlinə bu mübarək ayın qalan hissəsində fəzilət və nemətlərdən faydalanmaq tövfiqini qismət etsin, inşəallah!

Niyyət - işin təməlidir

Bəhsimizdə əziz Peyğəmbərimizin (s) Ramazan ayı ilə bağlı məşhur xütbəsinin bəzi hissələrinə diqqət edəcəyik. Allahın Rəsulu (s) bu aylar sultanının böyük kəramətlərini mübarək izahında bizlərə bəlli edir: "...Bu ayda aldığınız nəfəslər - zikr, yatmağınız - ibadət, əməlləriniz - qəbul, etdiyiniz dualar - müstəcəb olar..."

Hədisin davamında buyurulur: "Elə isə Allah Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib, sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin».

Buradan aydın olur ki, bu aydan bəhrələnməyin, nemətlərindən istifadə etməyin zəruri və kafi şərti - saf niyyət və səmimi durumdur. Bu şərt əvəzolunmaz xarakter daşıyır və mübarək hədisdən göründüyü kimi, günah və pis əməllərdən qurtulmağın, tövbə, bağışlanma diləməyin, ibadət və itaətlərin insana qismət olmasının bünövrə şərtlərindəndir.

Niyyət - İslamda ən möhkəm institusional əsaslardan, ən əhəmiyyətli mövzulardandır. Niyyət - bir duyğu, emosiya, hiss deyil. Əslində niyyət - müəyyən mənada əməldir və funksional səciyyə daşıyır. Yəni, niyyət iradəvi xüsusiyyətə malikdir.

Bir sıra İslami mətnlərdə biz bunun təsdiqini görürük. Belə ki, bunlarda mərkəzi xətt olaraq nəinki tək əməlin niyyətə bağlılığı keçir, hətta, demək olar ki, əməlin niyyətin təzahürü olaraq, niyyətin məhsulu olaraq təqdimatına rast gəlinir.

Həzrət Əlidən (ə) bu mövzuda çox əlamətdar bir hədis nəql edilir: "Niyyət - işin təməlidir».

İnsan bəndəlik etmək istəsə, ilk növbədə niyyətinə diqqət yetirməlidir. Bəndəlik tək namaza qayıtmır - sözsüz ki, namaz bəndəliyin zirvə təzahürüdür - amma burada mətləb tək namaz deyil. İnsan bəndəlik etmək istəsə, hər nə iş görür, hər nə edir - sırf Allaha xatir etməlidir.

Allaha xatir nə deməkdir?

"Allaha xatir» nə deməkdir? Niyyətin dürüstlüyü - fəqət Mütəal Allahın rizayəti, razılığı üçün hər hansı bir işi görməkdən keçir. İstər ruzi dalınca getmək olsun, istər həyat yoldaşına, balalarına qayğı olsun, qohumlara baş çəkmək, vicdanlı həyat sürmək, düzünü demək, prinsipial vətəndaş mövqeyi sərgiləmək - hər bir işdə ki, insanın qayəsi İlahi əhkamı yaşatmaq, yəni Allahın məsləhət bildiyi işlərə dəstək vermək və bəyənmədiyi işlərdən çəkinməkdir - elə bəndəlik budur.

Başqa məfkurələrdə, dünyagörüşlərində "dini" və "dünyəvi" anlayışlarını bir-birindən ayırırlar. Yəni bunlarda belədir ki, bir var insanın ruhi-mənəvi həyatı, bir də var hansısa digər həyatı. İslam dini belə bölgünü qəbul etmir. İslamın məntiqində insan - tamlıq, harmoniya ifazə edən bir varlıqdır və onun bütün fəaliyyəti vahid ünvana - kamillik hədəfinə yönəli olduqda, əhəmiyyətlidir.

Bəs həyatın ən müxtəlif sahələrində insanın fəaliyyətini tənzimləyən amil nədir? Məhz həmin bu niyyət! Bu, bir mübarək ortaq məxrəcdir ki, insanın bütün əməllərinin tənzimlənməsində müəyyənedici rol oynayır.

İnsan əgər bir iş gördükdə "qürbətən iləllah» - "Allaha yaxınlaşmaq» niyyətini rəhbər tutursa, onda bu işin nəticəsi də bərəkətli olacaq. İşlərin nəticəsinin olması özü nədir? Məlum olduğu kimi, insanın dünya həyatında gördüyü işlər - pisi də, yaxşısı da - onun axirət həyatına inikas olunur. Və bu baxımdan o əmələ o zaman nəticəli demək olar ki, bu, insanın axirətdə karına gəlsin. Əməli nəticəli nə edir? Niyyət, daha doğrusu, niyyətin düzgünlüyü. Təməlsiz, bünövrəsiz heç bir bina mövcud ola bilmədiyi kimi, niyyətsiz də əməl yaşamaz.

Əməlin mövcudluğu niyyətlədir

İmam Səccaddan (ə) nəql edirlər: "Əməl yalnız niyyətlədir".

O əməllərin perspektivi var, o əməllərin Allah Təala qəbul edənidir ki, bunların mənbəyində xalis niyyət dursun. Niyyəti bəndəlik olmayan əməllərin qəbuledəni Allah deyil, lənətlik iblisdir. Bizə tam aydın olur ki, niyyət əməlin bütün mərhələlərində müşaiyətçidir. Əgər insan axıradək gözəl niyyətdə bulunsa, əməli onu ruhani zənginliklərə qovuşduracaq. Əks təqdirdə, insan özünü zillətə salmış olur.

İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə isə tamamilə yeni müstəvi açılır: "Heç bir bədən, niyyəti güclü olduğu şeyi yerinə yetirməkdə aciz deyil».

Niyyətin paklığı, saflığı, təmizliyi o qədər müəyyənedicidir və eyni zamanda o dərəcədə ruhi gücə səbəb olur ki, istənilən gözəl işi insana gördürə bilər. Minlərlə rəzilətlər var ki, insanın taqəti olmaz onlara nəinki qalib gəlsin, hətta güc göstərməyə cəhd etsin. Və minlərlə gözəlliklər var ki, insan onları yerinə yetirməyə aciz olar. Amma niyyəti güclü olduqda, ixlası həqiqi olduqda, bu, onun üçün son dərəcədə asan bir işə çevrilir.

Əbədiyyətin növünü niyyət müəyyən edər

Niyyətlə bağlı digər bir müstəvi, İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə açıqlanır: "Cəhənnəm əhli əslində ona görə (orada) saxlanılır ki, onların dünyada niyyətləri, orada əbədi qalsa idilər, Allaha qarşı həmişə itaətsizlik etmək olub. Behişt əhli də əslində ona görə cənnətdə əbədi qalır ki, onların da niyyətləri, əgər dünyada qalsa idilər, əbədi olaraq Allaha itaət etmək olub. Deməli, hər iki dəstənin əbədiliyinin səbəbi - onların niyyətləridir».

Dinimiz son dərəcədə gözəl bəlağətlə insanın müqəddəratının məhz onun özünün əlində olmasını açıqlayır. İnsan niyyətini dürüst etsə, o, dünyadaykən yaradılış harmoniyasına münasibətdə öz yerini və rolunu müəyyənləşdirir. İnsan edə bilər ki, dağıdıcılıqla məşğul olsun və edə də bilər ki, özünə gözəl aqibət hazırlasın. Zülmət əhli dünyada minillər boyu qalacaqları təqdirdə belə, yenə də öz çirkin məfkurələrini yaşadacaq, insanların haqqını basa-basa zülmə dəstək verəcək, eybəcərliyi törədəcəkdilər.

Amma öz qayəsini insanlara xidmətdə görən, İlahi ədalətin bərqərar olunmasına töhfə verən insan isə, nə qədər çox yaşayacaqsa, ruhi təkamülü onu dünyada da həqiqi gözəlliyə qovuşduracaqdı.

İmam Sadiqdən (ə) nəql edilən digər hədisdə bildirilir: "Allah Təala Qiyamət günü insanları məhşərə niyyətləri əsasında gətirəcəkdir».

Demək, insanın Allah dərgahına dönüş edəcəyi gündə əldə etdiyi varlığı - niyyətinin məhsuludur. Xoş aqibət - insan olaraq öz təklifini anlayan və yerinə yetirən şəxslərlədir.

Allah Təala bizləri də, cəmi insanları da təklifini dərk edib, niyyəti xalis olanlardan qərar versin, inşəallah!

Yaxşı niyyətin özü bir əməldir

Allahın Elçisindən (s) nəql edilən hədisdə bildirilir: "Ey camaat! Əməllər yalnız niyyətlədir. Əslində, hər bir kəsə, niyyətində olduğu şey çatacaqdır».

Həzrət Əlidən (ə) nəql edilir: "Yaxşı niyyətin özü bir əməldir".

Niyyət yalnızca ruhi bir halət deyil. Niyyət yalnızca əməlin xarakterini, əməlin psixoloji aurasını təşkil edən mühüm amil deyil. Niyyət - özü də bir əməldir. Yəni xoş niyyətə nail olmaq - iradəvi bir prosesdir, seçimin məhsuludur və nəticə etibarilə, niyyəti təmizləmək - o niyyətin tənzimlədiyi əməlin özündən də daha əhəmiyyətli bir məsələdir.

Niyyət öz-özünə yaxşı və ya pis ola bilən deyil. Niyyət - qəlbin məhsuludur, insanın rəhbər tutduğu kateqoriyaların, riayət etdiyi həyat fəlsəfəsinin, bir sözlə - insanın ruhi-mənəvi halətini tənzimləyən amillər toplusunun nəticəsidir. Bütün başqa əməllərin başlanğıcı, müqəddiməsi məhz niyyətdir. Bu müqəddimə mübarəkləşməsə, insanın Allaha qovuşmaq amalı ilə tənzimlənməsə, deməli, insanın törəmə əməllərinin nə bərəkəti, nə də bir faydası olacaqdır.

Səhabələrdən biri Həzrət Əliyə (ə) bildirir ki, qardaşının arzusu var idi ki, Cəməl müharibəsində iştirak etsin və Allah Təalanın düşmənləri necə qəhr etməsinin şahidi olsun. Həzrət Əli (ə) o kişidən soruşur: "Qardaşının ürəyi bizimlədir?" Dedi: "Bəli". İmam Əli (ə) buyurdu ki, lOnda o, bizimlə olub».

Əgər insanın qəlbi min kilometrlərlə kənarda haqq mübarizəsi aparan qardaşları ilədirsə, onda Mütəal Allahın nəzərində o, həmin insanlarla birgə hesab edilir. Əlbəttə ki, bunun əksi də doğrudur - insan zülmə qəlbi ilə də belə dəstək verdikdə, həmin zülmə şərik olur.

Digər hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: "Allahın hər bir şəxsə bəxşişi, (onun) niyyəti qədərincədir".

Əlbəttə, Allah bəxşiş edən, hədiyyə edəndir. Amma həmin bəxşişin miqdarı, səviyyəsi - insanın niyyəti qədərdir. Niyyət gözəl olduqca, İlahi rəhmətin dərəcəsi də artır.

Niyyətlə bağlı müəyyən gündəlik tətbiqli məsələlər də vardır. Peyğəmbərimiz (s) ən yaxın səhabələrindən biri olan Əbazər Qəffariyə buyurur: "Ey Əbazər! Bütün məsələlərdə, hətta yemək və yatmağında da pak niyyətli ol!".

Demək, insanın iradəvi durumu, onun bütün həyati məsələlərində, hətta ilk görünüşdə az əhəmiyyətli görünə biləcək işlərdə də tətbiqatını tapır. Həyatın bütün çalarlarında insan Allahın razılığını əldə etməyi düşünməlidir. Yeyəndə də, yatanda da, digər işlərində də insanın niyyəti topladığı enerjini bəşəriyyətə xidmətə, ətrafa işıq yaymağa sərf etmək olmalıdır.

Bu bəhs, İmam Sadiqdən (ə) nəql edilən hədislə gözəl surətdə təsdiqlənir: "İnsan gərək bütün hərəkətlərində və hərəkətsizliyində pak niyyətli olsun. Çünki, əgər ortada bu məna olmasa, (həmin insan) qafillərdəndir».

İnsan bir əməli yerinə yetirəndə də, bundan daşınanda da gərək düzgün niyyəti rəhbər tutsun. Danışmaq lazım gəldikdə də, susmağın zəruri olduğu yerlərdə də həqiqi meyar - Allahın razılığı olmalıdır.

Rəsulallahdan (s) digər yerdə buyrulur: "Ən fəzilətli əməl - düzgün niyyətdir".

Allah Təala bütün insanları pak niyyətlə hərəkət edənlərdən qərar versin, inşəallah!

Gözəl niyyət insanın ruzisini artırar

Həzrət Əlidən (ə) nəql edilən hədisdə isə, niyyətlə insanın daxili aləminin bağlılığına işarə edilir: "Niyyətin gözəlliyi - insanın təbiətinin gözəlliyidir".

Burada biz, niyyətlə insanın daxili aləminin birbaşa əlaqəsini sezirik. İnsan nə qədər saf qəlbli olarsa, onun daxilində ərsəyə çatan niyyət də eynitəbiətli olacaqdır. İnsanın niyyətinin necəliyi, onun daxilinin güzgüsüdür. Daxilində rəzil xislətlər yuva saldıqda, niyyəti də müvafiq olur. Və daxili İlahi məhəbbətdən qaynaqlandıqda, qəlbinin törəməsi olan niyyət də gözəl olur.

Niyyətin yaxın və uzaq müqəddəratlara yetişməkdə rolu isə, Həzrət Əlidən (ə) nəql edilən digər hədisdə göstərilir: "Gözəl niyyət, amal və arzulara çatdırır".

Niyyətlə ruzinin əlaqəsinə dəlalət edən hədisdə isə İmam Cəfər Sadiqdən (ə) nəql edilir: "Kimin niyyəti gözəl olsa, Allah onun ruzusunu artırar".

“İnsan öz vəzifəsini yerinə yetirmək üçün nə qədər ibadət etməlidir?” sualının cavabında İmam Cəfər Sadiq (ə) buyurmuşdur:"İtaətdə gözəl niyyətə malik olmalıdır".

Yəni dinimiz buyurur ki, əgər insan öz ibadət və itaətlərində gözəl niyyətə əsaslanırsa, bu, onun bəndə olaraq vəzifəsinin yerinə yetirməsinə dəlalət edir.

Eyni zamanda dinimiz niyyətin pisliyinin acı nəticələri barədə xəbərdarlıq etməklə də, insanı qəlbi saflığa doğru yönəldir. Həzrət Əlidən (ə) nəql edilən hədisdə bildirilir: "Bədniyyətlilik - gizli bir dərddir".

Digər hədisdə Həzrət Əli (ə) buyurur: "Niyyətin pisliyi ilə bərəkət aradan gedər".

Pis niyyətlər, qəlbi qaralıq fərdlərdən, ailələrdən, toplumlardan bərəkəti sovurub aparar. Nəticə etibarilə, bədniyyət durum bütün mümkün pisliklərin qapısını insanın üzünə açar.

Eyni zamanda niyyətin dəyişən, təkamül-tənəzzülə məruz qalan bir kateqoriya olması da bizə çatdırılır. Həzrət Əlidən (ə) bu mövzuda nəql edilən hədisdə bildirilir: "Niyyət pisləşəndə, qarşıya bəla və çətinliklər çıxar".

Və bəhsin yekununda bir daha Peyğəmbərimizdən (s) nəql edilən tövsiyənin əhəmiyyətinə varaq: "Elə isə Allah Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib, sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin".

Nəzərə alaq ki, bu, bir iradəvi məsələdir və niyyətlərimizi gözəlləşdirək ki, əməllərimiz də gözəl olsun. Allah bu işdə cəmi inanc əhlini müvəffəq etsin!

Allahım, bizləri və bütün inanc əhlini dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə birgə et!

Allahım, millətin və ümmətin qarşısında duran çətinliklərin həll olmasını, işğal altında olan torpaqların azad olmasını, xəstələrin şəfa tapmasını, yoxsulların, acların, müşkülü olanların problemlərinin həllini nəsib et!

Allahım, 12-ci İmam - Həzrət Məhdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini inayət et! Amin!


712 dəfə baxılıb
در حال ارسال اطلاعات...