Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2019

İnsanı digər yaradılmışlardan fərqləndirən 2 meyar

Bismilləhir-Rahmənir-Rahim!

İslamın gücü, İslamın mənqiti, fəlsəfəsi, təfəkkürü o qədər dərin və o qədər qüvvətlidir ki, dünyada bu dinə qarşı nə qədər əks-təbliğat olunsa da, yenə də bu mübarək din bütün dünyada parlayacaq.

Dahi şair Hafizin İslamla, inancla bağlı çox dəyərli beyti var. Deyir: “Mənim gözəlim bazara çıxanda, bütün dükançılar dükanlarını bağlayıb gedirlər”. Yəni demək istəyir ki, əgər insan Allahı dərk edər, əgər insan tövhidi həqiqətən dərk edərsə, Əhli-Beyt (ə) tanıyarsa - İslamın nə qədər böyük gözəlliyə malik olduğunu dərk edər və digər əqidələrin bu dinlə müqayisədə yerini başa döşmüş olar.

Hər hansı bir kamilliyin qədrini tək olan halda bilmək mümkün deyil. Əgər o kamilin yanında naqislər də olarsa, insan müqayisəli yolla bunlardan hansının daha kamil olduğunu dərk edə bilər. İslamın kamilliyi elə bir səviyyədədir ki, heç bir başqa əqidə onun yanında dayana bilmir. Amma bununla yanaşı, dinin qeyrətini çəkmək və onun inkişafı üçün çalışmaq - yenə də olduqca mühümdür. İslamın məntiqində insanın dəyəri - həmin çalışmaqladır. İslam məntiqinə görə, insanın iffəti - onun qeyrəti ilə müəyyən olunur.

İnsanı dəyərli edən iki meyar

Həzrət Əliyə (ə) istinadən nəql edirlər ki, əziz İmam (ə) buyurur: “Bir kişinin qiyməti - onun himmətinin səviyyəsi miqdarındadır. Onun iffəti - onun qeyrətinin miqdarındadır”. Bu sadə bir cümlədə İmam Əli (ə) insanlığa iki həqiqəti çatdırır. Mübarək hədisdə Əmirəlmöminin (ə) insan üçün iki meyar təyin edir. Bu meyarlar insanı digər yaradılmışlardan fərqləndirərək, onu insan edir.

Bu meyarlardan birincisi himmət, yəni çalışmaqdır. İkinci meyar isə qeyrətdir.

Çox maraqlı cəhətdir ki, insanın qiyməti, dəyəri, üstünlük cəhəti onun çalışması ilə bağlıdır. Buradan aydın olur ki, insan nə qədər tənbəlliyə meyillidirsə - bir o qədər onun səviyyəsi aşağı dərəcədədir. Əksinə, insan nə qədər çalışqandırsa, nə qədər fədakarlıq göstərirsə - o qədər həmin insanın yüksəkliyi var. O cümlədən, insanın paklığı, saflığı, mənəviyyatının düzgünlüyü onun qeyrətindən asılıdır. İnsan nə qədər qeyrət məsələsində üstün olarsa, onun iffəti də o qədər yüksək olar.

Ən üstün qeyrət

Bəzən insanlar qeyrəti yalnız ailə çərçivəsi ilə məhdudlaşdırırlar. Əslində isə bu, yalnızca qeyrətin bir formasıdır. Qeyrət - fərdi qeyrətdən başlanır və bunların ən üstünü - iman qeyrətidir. Gərək insan öz dininin, öz əqidəsinin qeyrətini çəksin. Əgər insan öz əqidəsinə qarşı qeyrətli olarsa, bu halda o, təbii olaraq ailə həyatında da, fərdi həyatında da qeyrətli olar. Həmin şəxs hər zaman öz qeyrət məsələsində diqqətli olacaq.

Öz əqidəsinə, dininə qeyrətlə yanaşan şəxsdə vətən və millət qeyrəti də inkişaf edəcək. Bu baxımdan insanın bütün iffəti qeyrətinə bağlıdır. Fərdin bütün problemləri bu məsələdə laqeyd olmaqdan başlayır. İnsan öz əqidəsinin qeyrəti ilə bağlı laqeyd olduqda, yavaş-yavaş digər qeyrətləri - öncə vətən qeyrətini, millət qeyrətini, qohum-əqrəba qeyrətini və s. qeyrətləri əldən verir. Beləliklə, həmin şəxs ölü mislində olur. Qeyrətsiz insan elə ölü kimidir. Ona nə deyirlər, nə edirlər - heç bir reaksiyası olmur.

Az çalışmanın nəticələri

İnsan nə qədər çalışırsa, onun dəyəri bir o qədər yuxarıdır. Bunu anlamaq üçün həyatına nəzər salınması çox mühüm olan İslam şəxsiyyətlərindən biri - Həzrət Həmzədir. Şəvval ayının 8-də Hicri təqvimi ilə 3-cü ildə Mədinə şəhərinin şimalında yerləşən Ühud dağının ətəyində gedən döyüşdə İslam ümməti qeyrət təcəssümü olan Həzrət Həmzəni itirir. İslam ümməti çalışmaqda ideal sayılan bir insanı itirir.

İtirmənin səbəbi nədir? İtirmənin səbəbi o idi ki, həmin döyüşdə müsəlmanlar bir miqdar az çalışdılar. Müsəlmanlar həmin döyüşdə tam lazım olan səviyyədə himmət göstərmədilər. Əziz İslam Peyğəmbəri (s) buyurur: “İnsanların ən üstünü o kəsdir ki, özünün bütün gücünü sərf edər”. İnsanın üstünlüyü - onun gücünün, malik olduğu bacarığının tam sərf edilməsi ilədir. Nə qədər həmin enerjisindən sərf edərsə - bir o qədər fəzilətlidir. İnsan bacarıqlarından nə qədər əsirgəyirsə, səviyyəsi bir o qədər aşağı enir.

Rəsulallah (s) mübarək bir hədisdə buyurur: “Hər bir kəs ki, bir şeyi axtarır, ona doğru can atır, ona çatmaq üçün çalışırsa - onu tapır”. İnsan yalnız çalışaraq, axtararaq, araşdıraraq nəyəsə çata bilər. Dəyərli insanı dəyərsiz insandan ayıran - onun çalışmasıdır.

Tövhidi tanıdan mübarək mətn

İslamı tanımaq, onun qeyrətini çəkmək, əqidə yolunda çalışmaq üçün ilk növbədə bu dinə bələd olmaq lazımdır. Dini tanımaq üçün isə, olduqca mübarək İslami mətnlərə nəzər salmaq lazımdır. Belə bir misilsiz dəyərdə olan mətnlərdən biri - müqəddəs Qurani-Kərimdə yer alan və “Ayətul-kursi” adı ilə tanınan ayələrdir. Əslində bu ayələr Allahı tanımaq üçün gözəl bir tövhid dərsidir. “Ayətul-kursi” - Təkallahlıq dərsidir. Zahiri bütləri də, batini bütləri də sındıran ən mühüm ayələr “Ayətul-kursi”də toplanıb.

Bu ayələlərin “Ayətul-kursi” adlandırılmalarının səbəbi - həmin ayələrdə “kursi” sözünün getməsidir. Bu ad ilk dəfə həmin ayələrə əziz İslam Peyğəmbəri (s) tərəfindən verilib və sonradan da müsəlmanlar tərəfindən qorunub saxlanılıb.

“Ayətul-kursi”də Allah Təala Özünü insanlara tanıdır. Allahı, Onun Özündən başqa lazım olan səviyyədə heç kəs tanıda bilməz. Heç kimin gücü çatmaz ki, Rəbbimizi lazım olan həddə tanıtdıra bilsin. Bu mübarək ayələrdə görürük ki, birbaşa və ya dolayısı ilə on altı dəfə Allahın mübarək adı zikr olunur. Bu, “Ayətul-kursi”nin Qurani-Kərimdə xüsusi yerini və özünəməxsus dərəcəsini göstərir.

Bu üç ayədə Allah Təala qısa tövhid dərsi keçir və şirkdən xilas olmanın yolunu göstərir. Şirk yalnız müəyyən bütlərə tapınan deyil. Müasir dövrün müşriki - pula, vəzifəyə, dünyasının xoş keçməsi üçün digər dəyərsizliklərə tapınandır.

Əhli-Beytin (ə) nəzərində “Ayətul-kursi”

“Ayətul-kursi”nin özünü də tam şəkildə tanımaq, dərk etmək üçün Əhli-Beyt (ə) məktəbinə nəzər salmaq lazımdır.

"Ayətul-kursi"nin mənəvi dəyəri və ruhani yüksəkliyini Rəsulallah (s) belə tanıtdırır: “Qurani Kərimin ən uca ayəsi - "Ayətul-kursi"dir”. Bunu əziz Peyğəmbərimiz (s) digər heç bir ayələr üçün söyləmir. Bu da lAyətul-kursi»nin bir daha yüksək yerindən xəbər verir.

İmam Əli (ə) isə mübarək bir hədisdə buyurur: “Əgər o şərif ayələrin mənəvi təsirlərindən xəbəriniz olsaydı, heç vaxt onu tərk etməzdiniz. Peyğəmbər (s) də bu haqda söyləyib: ”"Ayətul-kursi" ərşin altında yerləşən xüsusi xəzinədən əta olunub. Belə bir şey məndən qabaq heç bir Peyğəmbərə əta olunmamışdı"".

Digər bir hədisdə görürük ki, Həzrət Əli (ə) buyurur: “Eşitdim ki, Rəsulallah buyurur: ”Ya Əli (ə)! Kəlam arasında ən ucası - Qurandır. Quranın ağası - “Bəqərə”dir. “Bəqərə” surəsinin də seyyidi "Ayətul-kursi"dir.

Ya Əli (ə)! Onun içində əlli kəlmə var və hər kəlmədə əlli bərəkət, əlli xeyir var"". Bu mübarək buyuruş "Ayətul-kursi"nin böyük əzəmətindən xəbər verir.

Bir başqa hədisdə isə İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin zirvəsi var. Quranın zirvəsi - "Ayətul-kursi"dir”.

Əhli-Beyt (ə) belə yüksək sözləri ancaq "Ayətul-kursi" haqqında söyləyib.

“Ayətul-kursi” neçə ayədən ibarətdir?

"Ayətul-kursi"nin hissələri ilə bağlı olduqca dəyərli bir bəhs var. Əhli-Beyt (ə) alimləri bildirirlər ki, "Ayətul-kursi"nin “Allahu lə İləhə illə huvə...” ilə başlamasında şəkk yoxdur. Lakin, onun nə ilə yekunlaşması ilə bağlı müəyyən fərqli fikirlər mövcuddur.

Bəzi alimlər söyləyirlər ki, "Ayətul-kursi" bir ayədir. Bəzi alimlər isə əksinə, onun “...hum fiha xalidun” ilə yekunlaşması fikrindədir. Həmin alimlər bəyan edirlər ki, lAyətul-kursi» üç ayədən ibarətdir. Buna görə də, "Ayətul-kursi" ilə qılınması lazım olan namazlarda "Ayətul-kursi"ni məhz üç ayədən ibarət olan şəkildə oxumaq tövsiyə olunur.

Hər iki nəzəri də əsaslandırmaq üçün alimlər müəyyən fikirlər, mülahizələr irəli sürüblər.

Mübarək Quran ayələri ilə tövhid əqidəsi möhkəmlənər

“Ayətul-kursi”nin hədəfi nədir? “Ayətul-kursi”nin məqsədi, hədəfi - insanı tövhid əqidəsində möhkəmlətməkdir. İnsan bu ayələri dərk etməklə bütlərdən uzaqlaşır.

Bir ayədə insana on altı dəfə Allah xatırladılır və insanın düşüncəsi, təfəkkürü tək olan Allaha tərəf yönəldilir.

Həmin ayələrin insanı Allaha necə cəlb etməsini İslam tarixi çox gözəl şəkildə təsvir edir. Hicrətin doqquzuncu ilində müsəlmanlar Təbuk müharibəsindən qələbə ilə geri qayıdırdılar. Həmin vaxtdan İslam dini geniş yayılmağa başlayırdı. Səqif qəbilələrinin başçılarından biri olan Ürvət ibni Məsud Səqəfi, Taif deyilən bir yerdə yaşayırdı. O, Həzrət Peyğəmbərin (s) yanına gəlir. Artıq onun qəlbində iman nuru yer tapmışdı. O, Rəsulun (s) yanına gəlmək, Rəsulallah (s) ilə söhbət etmək və qəlbində olanları onunla bölüşmək intizarında idi.

Ürvə Mədinəyə, Rəsulun (s) hüzuruna gəlir. Artıq Peyğəmbər (s) də Təbukdan Mədinəyə qayıtmışdı. Ürvə Həzrət Peyğəmbərin (s) hüzuruna gələrək, İslamın həqqaniyyətinə şəhadət verir. Müsəlman olmasına şəhadət verdikdən sonra, Taifə qayıtmaq üçün izn verməsini və onu Səqif qəbiləsi üçün mübəlliğ (təbliğatçı) təyin etməsini xahiş edir.

Rəsuli-Əkrəm (s) deyir: “Qorxum budur ki, sən canını bu yolda vermiş olasan”.

Ürvə deyir: “Yox, mən qəbiləmi tanıyıram, onlar məni gözlərindən də çox istəyir. Mən istəyirəm ki, onları olduqları vəziyyətdən çıxardım”.

Ürvə öz qəbiləsinə tərəf dönür. Lakin, qəbiləsi hələ cahiliyyə dövrünün anti-dəyərləri ilə yaşayırdı. O dövrə məxsus təkəbbür və təəssüb onlara, gözlərinin bəbəklərindən də çox sevdikləri Ürvəni də belə, qəbul etməyə imkan vermir. Qəbiləsi Ürvəni şəhid edir...

Lakin bu şəhid qanı həmin qəbilənin insanlarının arasında cahiliyyə xofunun aradan getməsinə və nəticə etibarilə Taif camaatı arasında bir nümayəndə heyətinin Mədinəyə gələrək, Peyğəmbərə (s) beyət etməsinə səbəb olur.

Lakin onlar bir ay müddətinə Peyğəmbərdən (s) möhlət istəyirlər ki, böyük bütxanalarına toxunulmasın, onlar qorunub saxlanılsın. Onlar əsasən Lat adlı bütlərinin dağıdılmasını istəmirdilər. Lakin onlara bu təxirin bir ay deyil, hətta bir anlıq da mümkün olmadığı bildirilir. Çünki bütpərəstlikdən imtina - tövhidi əqidənin əsasıdır.

Belə olan təqdirdə, onlar bütləri özlərinin deyil, başqa şəxslərin sındırmasını istəyirlər. Bu zaman həmin bütü dağıtmaq üçün Əbu Sufyan (lən) göndərilir. Burada tarixi hikmət həm də ondan ibarət idi ki, bir vaxtlar özləri bütlərin inşa edən şəxslər, indi özləri bütləri sındırmalı olurlar. Vaxtilə bütlərə görə Məkkə müşriklərini müsəlmanların üzərinə qaldıran, bütün döyüşlərdə ən irəli cərgələrdə İslamla vuruşan Əbu Süfyan (lən), indi bütləri dağıtmaq üçün vəzifələndirilir və özgə qəbiləyə bu missiya ilə ezam edilir...

Qeyd edilir ki, bu tərəddüd və psixoloji çətinliklərə baxmayaraq, İslamın əzəməti o cümlədən, Səqif qəbilələrini də artıq təslim etmişdi. İslamın nuraniyyəti, Quranın mübarək ayələri insanları özünə valeh etmişdi. Cahiliyyə dövrünün insanları - öz sevimli qəbilə başçılarını bütpərəstlik təəssübündən qətlə yetirən müşriklər də - “Ayətül-kursi” kimi təbərrük ayələrin təsiri ilə hidayət nuruna qərq olunmuş, İslamı qəbul etmişdilər.

Allahım, bizləri İslamın nuraniyyətindən ayrı salma!

Allahım bizləri əqidəsinin qeyrətini çəkənlərdən, əqidə yolunda himmətli olanlardan qərar ver!

Allahım, bizləri Vətəni, ailəni, öz şəxsiyyətini qoruyanlardan qərar ver! Amin!


770 dəfə baxılıb
در حال ارسال اطلاعات...