Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2019

Zibil zibil içində... məmur padşahlıq eylər köhnə zibil içində

Bir gün redaksiyaya zəng gəldi. Dəstəyi götürdüm, göstəyin biri dəstək olmaq əvəzinə qışqıraraq "əə, bə siz niyə bizim hökümətin yaxşı tərəflərini demirsiz əə" dedi. Dedim məsələn, hansı yaxşı tərəf, siz deyin mən yazım. Güya əlimə qələmlə kağız aldım ki, yazım. Kişinin yaxşı tərəf hesab etdiyi bu idi: "Cənab prezident Fazil Məmmədovu, Eldar Mahmudovu, Ziya Məmmədovu iti qovan kimi vəzifədən qovub, bunları niyə götürüb müsbət addım kimi dərc eləmirsiz?" Elə bunları qışqırıb dəstəyi asdı. Qeydlərim barədə düşündüm, düşündüm və onu da düşündüm ki, bəs bu yazıalrı necə düz-qoş edim ki, nə şiş yansın, nə də kabab. Bir yandan istədim elə yazmayım ki, hökümətə tərif kimi çıxsın, yoxsa bu dünyada olmasa da o dünyada fağır-füğəra üzümə tüpürər. Bir tərəfdən də dedim görəsən kişi düzmü deyir. Yəni doğrudan da belə məqamlarda höküməti, İlham Əliyevi alqışlamaq lazımdırmı? Dedim əşşi, yazıya başlayım, dalı özü yavaş-yavaş gələr. Başladım yazmağa. İlk sətirlərdə belə bir cümlə alındı: "Yerli hakimiyyət xəyanətkar məmurları, məsələn, Eldar Mahmudovu, Ziya Məmmədovu və başqa simasızları vəzifədən kənarlaşdırıb." Sonra bu cümlənin dalınca belə bir cümlə gəldi: "Bu insanlar niyə vəzifədən kənarlaşdı?" Bu cümlə də öznüdən sonra belə bir cümlə gətirdi: "Çünki onlar dövlət büdcəsini talayıb pis günə qoymuşdular." Yenə bu cümlə qələmə alındı: "Bəs bunları hakimiyyət niyə bilmirdi?" Ondan sonra belə yazdım: "Bəlkə bilirdi, özü heç nə demirdi." Sonra dedim ki, əgər bilirdisə niyə heç nə demirdi? Sonra yazdım ki, heç nə demirdisə, deməli, bir-birinin yanında zibilləri var idi. Yadıma o şeirdəki sözlər düşdü: Hamam, hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Burda yazını saxladım. Deməli, məlum oldu ki, hakimiyyətdə oturanlar, yekə baş məmurlar balaca məmurların bütün zir-zibilindən xəbərdar olduğu üçün bu xainləri indi tuta bilmirlər. Bununla da belə məlum oldu ki, bu ölkədə hakimiyyətin "yaxşı tərəfindən" yazmaq istəsən yüz faiz söz gedib onun pis tərəfinə çıxacaq. Çünki bizim ölkədə hansısa məmur bir kəndin camaatına şam yeməyində bozbaş ehsan eləsə, camaat şübhələnəcək ki, yəqin kəndin meydanına icra başçısı camaatı ona görə bozbaşa qonaq edib ki, evləri, həyətləri, tövlələri boş qalsın, o tərəfdən hökümətin quldurları evlərə girib qoyun-quzunu oğurlasınlar. Yəni, hakimiyyətin marağı olmasa xalqa baxmaz. Eyniylə də hakimiyyətdəkilərin bir-birinin yanında zibili olmasa işdən çıxartmaz, işdən çıxanın əlini-qolunu sallayıb arxayınca gəzməsinə imkan verməz. Deməli, bunların bir-birinin yanında zibili var. Bunu da şeir diliylə belə deyə bilərik;

Zibil zibil içində krseslo zibil içində,
Məmur padşahlıq eylər, köhnə zibil içində.


İndi isə gələk indiyədək xainlikdə, dövlət büdcəsini talamaqda ittiham edilən, buna görə işdən qovulan məmurların nə üçün doğrudan da tutulması barədə.
Gözəl xalqım, bu məmurların tutulmaması həqiqətən də yuxarıların onların yanında zibillərinin olması səbəbindəndir. Məsələn, məlum oldu ki, keçmiş deputat qadınlardan biri birbaşa Ramiz Mehdiyevə işləyib, saxta mandat üçün camaatdan pul alıb. O tərəfdən məlum olub ki, metro kralı Tağı Əhmədov hər dörd jetondan birini cibinə ötürübmüş. Sonra bilindi ki, Eldar Mahmudov səs dinləyib, onun adamı Akif Çovdarov Tağı kimi "qrexli" insanları hədələyib, şantaj edib, soğan kimi soyurmuş. Bəli, bu murdar insanlardan hər cür alçaq, şərəfsiz əməllər gözləmək olar. Bunların zibilləri olduğu üçün də hakimiyyət bunlara dəyə bilmir. 

Elə bu fikirləri düşünürdüm ki, redaksiyaya yenə zəng gəldi, səs tonundan bildim ki, bir az qabaq zəng vuran kişidir. Kişi mənə dedi ki, ayə, a bala, dediklərimi yazdınmı? Mən də ona dedim ki, ağsaqqal, yazırdım yazmağına, amma hər hara fırlatdımsa, gördüm bu hakimiyyətin yaxşı tərəfini tapa bilmirəm. Əlbəttə loru dildə, sadə bir izahla fikrimi ona belə izah etdim:
Bir şahın dövləti məhvə aparan vəzir-vəkilin şərəfsizliyindən xəbəri yoxdursa, deməli fil qulağında yatıb. Səhv iş görüb hakimiyyətdə qalır. O necə şahdır ki, vəzirdən xəbəri yoxdur. Yox xəbəri varsa və heç nə etmirsə, əgər nəsə edə bilərdisə etmirsə deməli özü də bu xəyanətə şərikdir. Yox əgər doğrudan da heç nə edə bilmirsə sakitcə çəkilib getsin, yerinə başqası gəlib rəhbərlik eləsin. Yəni yuxarı bığdır, aşağı saqqal. Tüpürməyə yer yoxdur – vəzir-vəkil üzündən başqa.


897 dəfə baxılıb
در حال ارسال اطلاعات...