Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2018

Əhli fəzlə bəllidir, kəraməti Hüseynin

Əhli fəzlə bəllidir, kəraməti Hüseynin,
Yer-göyü heyran qoyub, cəlaləti Hüseynin.

Zalıma baş əyməyib zülmə tabe olmadı,
Məşhur olub cahanda cəsarəti Hüseynin.
Kərbəla müsibəti səs salıb aləmlərə,
Həkk oldu qəlblərə, hərarəti Hüseynin.

Əlinin nuri-çeşmi, Peyğəmbər balasıdır,
Fatimənin tacıdır, ləyaqəti Hüseynin.
Haşimilər nəslinin mübarək övladıdır,
Pakdır nəsli, şərəfi, nəcabəti Hüseynin.

Fəda etdi canını, övladını din üçün,
İdraka sığmaz oldu, dəyanəti Hüseynin.
Şəhid oldu dostları, tək qaldı meydan içrə,
Yenə də sarsılmadı, rəşadəti Hüseynin.

Əbbasi namidarə bərabər igid olmaz,
Zeynəbi-Kubrada var, mətanəti Hüseynin.
Şibhi Rəsul olubdu Əli-Əkbər balası,
Keçibdi Ona irsən, şücaəti Hüseynin.

Həbib tək ixtiyari, Qasimi nocəvani,
Əli Əsğərdi gülü, təravəti Hüseynin.
Varis olan elminə, helminə Səccadi var,
Qaldı Rüqaəyyəsində nəzakəti Hüseynin.

Doqquz İmam babası, şəhidlərin Ağası,
Mehdi kimi varıdır, şərafəti Hüseynin.
Altı güşə məzarı aşiqlərə qiblədir,
Arzular qapısıdır, ziyarəti Hüseynin.

Mələkləri heyrətə saldı, Hüseyn şövkəti,
Nə yerdə var, nə göydə şəbahəti Hüseynin.
Yəvmi cəza Xalisə nəzərə qılsa Sahibi,
Nəsib olar halinə, şəfaəti Hüseynin.


229 dəfə baxılıb
در حال ارسال اطلاعات...