Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2018

On bir ayın sultanının tacı - Qədr gecəsi

“Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

(“Qədr” surəsi)

Bismilləhir-Rahmənir-Rahim!

Ramazan ayını bənzətmələrlə bağlı çox maraqlı məqamlar var. Həmin bənzətmələr bu mübarək ayı tanımağa yaxşı kömək edir. Bu bənzətmələr arasında çox önəmli yeri, Ramazan ayının behiştə oxşadılması tutur.

Behiştin bir parçası

İslam arifləri buyurur ki, hərilki mübarək Ramazan ayı - cənnətdən bir parçadır ki, Allah Təala bizim maddi dünyanın cəhənnəminə - yandırıcı fəzasına daxil edir və bizə fürsət verir ki, özümüzü bu İlahi süfrənin başında hiss edək, behiştə daxil olaq.

Bu bənzətmədən görürük ki, dinimizin nəzərində maddi dünya cəhənnəm odunun yandırıcı mahiyyətini özündə daşıyır, lakin, insanın öz ixtiyarındadır: o, bunu behiştə də döndərə bilər, cəhənnəmə də. Bəziləri həmin 30 günü behiştə daxil olurlar. Bəziləri o 30 günün bərəkətindən bütün il boyu faydalanırlar, gələn ilin Ramazan ayına qədər özlərində bu mübarək enerjini daşıyırlar. Bəziləri isə bütün ömürlərini bu behiştdə keçirirlər.

Bəzi insanlar isə bunun kənarından qəflət halında keçirlər ki, bu, çox böyük narahatlıq yaradan bir haldır. Ariflər xatırladır ki, bu ayın ən böyük hədəfi və məqsədi - təqvadır. Və bunu əldə etmək - insanın öz iradəsilədir. İnsan gərək səy etsin, bu ayın bərəkətindən götürə bilsin, özünü islah edə bilsin. Nəinki tək özünü islah etməklə kifayətlənsin, insan gərək bacarsın digərlərinin də islahına təkan versin, yardım etsin.

İnsanın daxilində ki, bu qədər istedad və bacarıq, ucalmaq və təkamül imkanı müəyyən edilib, bunlardan istifadə edərək hədəfinə çata bilməsə, özünü çox təəssüfedici bir duruma salmış olur. Mübarək Ramazan ayı - İlahi ziyafət ayı, bərəkət və rəhmət ayı, “leylətul-Qədr” - Qədr gecəsi ayıdır. Əziz iman əhli bu ziyafətin qonaqları, bu bərəkət və rəhmətin hədəfləridir. Bu, elə bir süfrədir ki, onun saatlarını, dəqiqələrini heç nə ilə müqayisə etmək mümkün deyildir. İnsan bu ayda nə istəsə, Allah Təala Öz lütf və hikmətindən irəli gələn tofiqatla insana əta edər. Allahımız Öz ziyafətinə dəvət etdiyi qonaqlarına bu fürsətlərdən faydalanmaq üçün bütün imkanları təqdim etmişdir. Bu mənəvi ziyafətin ən şah nöqtəsi, ən uca zirvəsi - Qədr gecəsidir.

Özlərini bağışlanmaqdan məhrum edənlər

Qədr gecəsi - İlahi qonaqlığın ən önəmli hissəsidir. Bu qonaqlığın ana qayəsi - insanın ruhi islahatıdır. İnsan əməllərini yenidən qiymətləndirir, öz mənəvi durumuna obyektiv qiymət verməyə çalışır və tövbə, istiğfar vasitəsilə islahatına rəvac verir.

Hər kim ki, öz daxilindəki eybəcərliklərlə, mənfiliklərlə, böyüklü-kiçikli günahlarla vidalaşmaq istəyir - Ramazan ayı bunun üçün ən gözəl fürsətdir. Bu ayın adında, mahiyyətində günahı məhv etmək vardır. Böyük İslam Peyğəmbəri (s) buyurur: “Ramazan (ayı) günahları yandırdığına görə ”Ramazan" adlandırılmışdır".

Dinimizin nəzərində, Ramazan ayında, xüsusilə Qədr gecəsinin əhyalarında bağışlanmayan insan - çox fərasətsiz və uğursuz bir məxluqdur. Rəsuli-Əkrəmdən (s) nəql edirlər: “Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah Təala onu Öz rəhmətindən uzaqlaşdırar”.

Belə insan, sonsuz bərəkətlərlə dolu bir süfrədən əliboş və ac bir vəziyyətdə durmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaqdır?!”. Bu qədər lütfün, nemətin müqabilində bağışlanmayan insana nə ad vermək olar? Həzrət Rəsulullah (s) buyurur: “Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə - bədbəxtdir”.

Demək, bədbəxt o deyil ki, pulu azdır, yaxud vəzifəsi yoxdur. Bədbəxt o deyil ki, zahiri imkanları məhduddur. Cahillər bədbəxtliyi maddi uğursuzluqlarla bağlamağa cəhd edərlər. Bu, onlara “uğur qazanmaq” yönündə minbir alçaqlığa qol qoymağa imkan verir. “Hədəf, vasitəyə bəraət qazandırır” məntiqilə yüz oyundan çıxan ünsürlər, həqiqətdə nə dərəcədə bədbəxt olduqlarının, öz uğursuz durumlarının fərqinə varmırlar.

İldə bir ay Böyük Yaradan bütün insanları Öz ziyafətinə dəvət edir. Bu, sadəcə bir ziyafət deyildir. Bu ziyafətdə ac və susuz olmaq lazımdır, öz nəfsani istəklərini ram edib, mənəvi qidalardan bəhrələnmək lazımdır. Bolluca pay apara bilər insan bu ziyafətdən. Amma, əliboş da qala bilər. Hətta bu ziyafətə dəvəti qəbul etməyə də bilər. Onda gərək insan özünü qınasın. Dünyadaykən zəlil yaşamasına görə, mənəvi aşınmasına, əxlaqi rəzilətlərinə görə özünü tənbeh etsin. Və bütün əməllərin mizandan keçiriləcəyi Qiyamət günündən sonra, özünü davamlı əzaba düçar etdiyi üçün də heç kəsə irad tuta bilməyəcək.

Nuraniyyət bulağı

Ramazan ayı öz böyük təmizləyici və yeniləşdirici mahiyyətilə bizim həyatımıza daxil olur, gündəlik həyatımızın baş qarışdırıcı, fikir yayındırıcı durumuna müdaxilə edərək, özünün bütün nemətlərini bizim ixtiyarımıza təqdim edir. Sanki bir nuraniyyət gətirir həyatımıza mübarək Ramazan ayı. Bacaran insan, bir il bu nuraniyyəti gəzdirir. Elə insan da var ki, bu nuraniyyəti bütün ömrü boyu itirmir. Amma, vay olsun o insanın halına ki, bu nuraniyyəti görməkdən belə məhrumdur, o ki qalsın bunu qəbul etmək əzminə malik olsun. Belə insan özünü həqiqi mənada məhv etmişdir. Belə isə Allahdan istəyək ki, bizə qəflətdən çıxmağı və nuraniyyətə qovuşmağı qismət etsin.

Diqqət etsək, Ramazan ayının gündəlik dualarında mənfiliklərdən qurtulmaq diləkləri ilə yanaşı, müsbətliklərə yönəlməyə yardım üçün dualar da var. Təkcə mədənin, əzaların orucu deyil mübarək Ramazan ayının orucu. Bu, həm də təfəkkürün, düşüncənin orucudur. Təfəkkürün təmizlənməsi, zehni fəaliyyətin müsbətə doğru dəyişməsi üçün insan maksimal surətdə özü ilə məşğul olmalı, öz daxili aləminin ayrı-ayrı tərəflərinin islahına diqqət yetirməlidir.

Alimlər Qədr gecələri ilə bağlı qeyd edirlər ki, bəzən bu gecədəki mənəvi hal insana o qədər təsir qoyur ki, gələnilki Qədr gecəsinə qədər, hətta bəzən ömrünün sonuna qədər onun düşüncəsində, əxlaqında, rəftarında dərin və müsbət bir iz qoyur. Hər kəs öz tutumuna, mənəvi yükü qəbul etmə qabına uyğun olaraq, Qədr gecəsindən nə isə götürə bilər. Hərə öz istedadlarına, imkanlarına müvafiq bu mənəviyyat çeşməsindən qəlbinə doldura bilər.

Bulaq həmişə var, qabı tədarük etmək və doldurmaq istəyi - insandandır. Və çalışıb həmin bu tutumu, qabı artırmalıdır insan. Mənəvi yük götürmə qabiliyyətini yüksəltməlidir insan.

İmam Museyi-Kazim (ə) öz sadiq səhabələrindən olan Hişama buyurmuşdur: “Ey Hişam! Bizdən deyil o kəs ki, özünü hər gün mühasibə etməyə. Bəs yaxşı əməlləri müşahidə etdikdə, bunları artırsın. Və pis əməl müşahidə etdikdə, o əmələ görə Allahdan bağışlanma, istiğfar istəsin və Ona doğru qayıtsın”.

Saleh əməlin 1000 misli

Qədr gecəsinin nuraniyyətini anlamaq üçün bir onu xatırlamaq kifayətdir ki, bütün bəşəriyyətin nicatı üçün nəzərdə tutulmuş Qurani-Kərim bu gecədə nazil olmuşdur. Bu, bir gecədir ki, mələklər dua edən insanları axtararlar. Bu gecədə sübhədək salamatlıq olur. Bu gecənin saleh əməlləri 1000 aydakı saleh əməllərdən daha üstündür. İmam Muhəmməd Baqirdən (ə) sual edirlər: “Qədr gecəsinin 1000 aydan üstün olmasının məqsəd və hədəfi nədir?” İmam (ə) buyurdu: “Bu gecədə yerinə yetirilən namaz, zəkat, sədəqə, infaq və digər müxtəlif saleh əməllər, Qədr gecəsinə (malik) olmayan min ay müddətində yerinə yetirilən hər bir saleh əməldən üstündür”.

Qədr gecəsinin fəzilətləri və əməllərinin üstünlüyü ilə bağlı nəql edilən digər hədisdə İmam Muhəmməd Baqir (ə) buyurur: “Əgər Allah Təala möminlərin əməllərini neçə bərabər etməsə, bunlar kamal həddinə yetişməzlər. Amma Allah Təala (lütfündən irəli gələrək) onların yaxşı əməllərini neçə bərabər buyurur, ta ki, əskikliklərin yeri dolsun”.

İnsanın əməllərinə olduğu kimi yanaşılsa, durumu çətin olar. Amma Allahın qüdrəti, əzəməti, lütfü ilə, yaxşı əməllər bir neçə dəfə artırılır və bununla da əyər-əskikliklər aradan qaldırılır. Və Qədr gecəsinə bu xüsusi lütf verilmişdir. İndi bir kəs bu lütfü, bərəkəti dərk edib, amma bundan bəhrələnə bilməyibsə, onda yazıqlar olsun ona.

Necə ki, Böyük İslam Peyğəmbəri (s) buyurur: “Bir kəs ki, Qədr gecəsini dərk edə və (bununla belə bağışlanmaya) - Allahdan uzuq olsun!”.

Allah Təala insana bu feyzlərdən bəhrələnmək üçün bütün imkanları təqdim etmişdir. Amma insan edə bilər ki, bunları əldə etsin, edə də bilər ki, özünü məhrumiyyətə məruz qoysun.

Rəsuli-Əkrəm (s) buyurur: “Həqiqətən, mübarək Ramazan ayı sizə tərəf üz tutub. Bu ayda bir gecə vardır ki, min aydan üstündür. Hər kim Qədr gecəsinin feyzindən məhrum olmuşdur - bütün xeyirlərdən binəsib qalmışdır. Və özünü məhrum etmiş kəslərdən başqa, heç kəs Qədr gecəsinin bərəkətlərindən məhrum qalmır”.

Allah Təala cəmi insanlara bu mənəvi feyzləri qəbul etmək durumunu nəsib etsin!

Qədr gecəsi ilə bağlı 2 təhlili məqam

Qədr gecəsinin fəlsəfəsinə varılması insanın dünyagörüşü, əqidə və imanının möhkəmliyi üçün o qədər əhəmiyyətlidir ki, əlavə təhlil və araşdırmalara ehtiyac vardır. Qədr gecəsi ilə bağlı iki mühüm nöqtəyə işarə edilir.

Birincisi budur ki, bu gecədə görülən bütün əməllər digər vaxtda edilənlərin 1000 misli qədərdir. Misal üçün, insan 1000 ay tövbə edə, bağışlanmaq istəyə, “Allah qapısı”nı döyə. Və bir Qədr gecəsində həmin əməlləri yerinə yetirə. Təsəvvür edək ki, təsir və nəticə baxımından bu bir gecə 1000 aydan daha üstündür! “Ya Rəbbim! Xətaya yol vermişəm, yanlışlıq etmişəm, bağışla məni, məğfirətini aid et mənə! Qayıdıram Sənə tərəf, bir daha məhvedici yola qədəm qoymayacağam!” - münacat edir bəndə öz Allahı ilə. Və bu bir gecədə etdiyi belə duanın bərəkəti, 80 il edilən yalvarışlardan üstündür - o qədər nemət verib Uca Allah Qədr gecəsinə. Bu gecənin saleh əməli 1000 ayın gözəl işlərindən üstündür.

Elə olur ki, insan çırpınır öz çatışmazlıqlarının torunda, namaza başlaya bilmir, yalandan qurtula bilmir, mənfi vərdişlərdən əl çəkə bilmir, gündəlik primitiv vurnuxmaların buxovundan nicat tapa bilmir. “Mən arzu edirəm Sən istəyən kimi yaşayım, haramlardan qurtulmaq istəyirəm, amma bacara bilmirəm öz zəifliklərimlə, Allahım” - deyə gileylənir bəndə öz durumundan. Və bir gecə var Ramazan ayında ki, xalis və dərin, həqiqi tövbə hesabına insan bilmərrə kənara qoya bilir onu əsarətdə saxlayan, şəxsiyyətini inkişaf etməyə qoymayan xasiyyətlərini. İnqilab edə bilir öz dünyagörüşündə. Atır mənəvi zibilliyə öz eybəcər vərdişlərini. Böyük İlahi rəhmətin zühuru var bu gecədə - Qədr gecəsində.

Qədr gecəsilə bağlı ikinci məqam - insanın varlıq olaraq durumundan irəli gəlir. Zatən, ehtiyaclı və müdafiəsiz bir varlıqdır insan. Xarici faktorlardan, təbii və fizioloji amillərdən yüksək dərəcədə asılı vəziyyətdədir. Və təbii ki, insanın əməlləri də naqisliklər və çatışmazlıqlarla doludur. Namazı, orucu, ibadəti, hərəkəti, rəftarı, əxlaqı Peyğəmbər (s) və Əhli-Beytinə (ə), İlahi övliyalara xas səviyyədə deyildir, qüsurlarla doludur. Dinimizin məntiqində Qədr gecəsi - əməllərin boşluqlarının, əyər-əskikliklərinin, çatışmazlıqlarının cilalanması üçün ən əlverişli məqamdır. İnsan bir iş görür, amma daxilən hiss edir ki, bu, o qədər də Allah istəyən səviyyə deyildir. Qədr gecəsində özülləri qoyulmuş həmin əməllərin boşluqları doldurulur.

Vücudi tutumlar müəyyən olunan gecə

“Qədr” sözünün anlamı - ölçü, tutum, əndazə mənasınadır. Mübarək Ramazan ayının gecələri ilə bağlı istifadə olunan istilahi mənası budur ki, bu gecələrdə hər birimizin vücudi tutumu müəyyənləşir. Bu gecəyə necə gəlmişik? Bu gecəyə hazırıqmı? Bu gecənin hansı ayda olmasının fərqinə varırıqmı? Bu gecədə nəyin nazil olmasının dərkindəyikmi? Bu gecəyə necə daxil olmalıyıq? Bu gecədən hansı vəziyyətdə çıxmalıyıq? Bu haqda hər birimiz fikirləşməliyik. Amma, bir o şübhəsizdir ki, Allah dərgahında olduğunun fərqinə varanlar bu gecəyə fərqli durumda daxil olurlar. Özlərindən və dünyadan şikayətli halda gəlirlər.

İnsan kiminsə qəlbini sındırıbmı? Bu anlamda əhya gecələri fövqəladə imkanlar təqdim edir. Danışaq Rəbbimizlə, ünsiyyət saxlayaq Rəbbimizlə. Çünki bir gecədir Qədr gecəsi ki, 1000 ay mislindədir. Sübhədək insanın fürsətləri var. Allah dərgahında razi-niyaz etsin. Başına gələnlər üzərində düşünsün. Öz başına gətirdikləri haqqında təhlillər aparsın.

Rəbbimizdən özümüzün islahını istəyək. Üzləşdiyimiz bəlalardan qurtulmaq istəyək. Bu gecədə insanın diqqət yetirməli olduğu mövzulardan ən ciddisi - “Mən hansı aydayam?” sorumudur. Bu, bir aydır ki, Allah Təala hər birimizin qapısını döyüb və Öz ziyafətinə dəvəti hər birimiz üçün edib.

Bu ziyafətin qonağının libası - təqva geyimidir

İnsan bir yerə dəvət olunanda, qonaq çağırıldığı yerə uyğun hazırlıq işləri görər. Qədr gecəsini qeyd etmək üçün gələn insan özü ilə Quran, dua kitabları götürür. Heç kəs Qədr gecəsinə gələndə bu gecəyə uyğun olmayan vəziyyətdə gəlməz. Hər kim Qədr gecəsini saxlamaq üçün gəlsə, bu gecənin tutumuna uyğun hazırlıqlar görməyə çalışır. Bir adam idman yarışına gedəndə özü ilə astronomiya kitabı aparmır. Yəni, hər məkanın, hər məqamın özünə uyğun hazırlığı var.

Bəs Allah ayında qonaqlığa dəvət olunan kəsin geyimi nədir? Axı hər hansı bir tədbirin mükafatı ilə o tədbirin ab-havası, qaydaları uyğun gəlməlidir. Allah Təala bizlərə mübarək Ramazan ayında mükafat olaraq nə vəd edibsə, deməli bu İlahi ziyafətdə geyimimiz də həmin mükafata uyğun olmalıdır. Əxlaq ustadları bildirirlər ki, bu ziyafətin libası - təqvadan ibarətdir. Əgər biz Allahın qonağı olmaq istəyiriksə, gərək əynimizə təqva libası geyinək.

Budur bizim Qədr gecəsindən götürə biləcəyimiz ən böyük pay.

Allahım, bizlərə Qədr gecəsini dərk edib, ondan bəhrə götürməyi nəsib et! Amin!


82 dəfə baxılıb
در حال ارسال اطلاعات...