Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

Parlamentin "ağbaş sonaları" və aşığın "hardasan ay Vaqif" harayı - VİDEO



Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!


Molla Pənah Vaqif

Saytımıza bir video qoyulub. İlk baxışdan videoya baxanda elə bilirsən ki, Şuşanı fəth eləmişik. Amma orada yekə qarınlarını tərbədə bilməyən, burcudan ağbaş deputatları görəndə anlayırsan ki, yox burada Qarabağdan filan söz getmir. İlham Əliyev növbəti dəfə hakimiyyətdə qaldı deyə bir dəstə yapist, yapokrat yaputat ortalığa düşük kimi düşüb burcudur. İkisi tam aydın görünür. Biri xalqı təhqir edib müəlliminə günortadan sonra daş hörməyi məsləhət görən Hadı Rəcəblidir, o biri də xalqa yorğanını ayağına görə uzatmasını təklif edən Hüseynbala Mirələmovdur. İkisi də maşallah "pandaya" oxşayır.
Əlbəttə bunların xalqa etdikləri təhqirin müqabilində bizim sadə bir bənzətməmiz təhqir kimi qəbul edilməz. Təhqirin nə olduğunu eşitmək istəyən isə buyurub Mirələmovun deputat seçkilərindəki təşviqat kompaniyasındakı çıxışını izləsin. Orada onun camaatın ünvanına "şərəfsiz" sözünü işlətməsini görsün. Hadını da xüsusi tanıtıma gərək yoxdur. Gəncləri söydüyü üçün Almaniyada mühacirətdə olan gənclər onun nömrəsini bütün ölkədə paylaşıb, onun telefonuna AzTVdə gəncləri söydüyü üçün həmin söyüşü – çox yox üç hərfdən ibarət sözü yazıb göndərmişdilər.
Mənim sözüm başqadır. Deməli bu ağbaş deputatlar İlham Əliyevin növbəti dəfə hakimiyyətdə qalması münasibətilə qaranlıq bir gecə bir aşığın sazının sədaları altında oynayırlar. Aşıq da gözünə döndüyüm bunlar üçün mahnı tapıb oxumağa. Mən aşıqlara qulaq asan deyiləm, amma düşük şou-biznes mahnılarından qatqat abırlı olduğu üçün, həm də meydan kişi meydanı (ər meydanı mənasında yox ha) olduğu üçün bir az baxdım. Amma gördüm ki, aşıq əməlli-başlı Hadı Rəcəbli ilə məzələnib. Belə ki, aşıq bu cür kişi məclisində elə bir mahnı oxumalı idi ki, şir, pələng, nə bilim canavar sözləri adamın qulağına dəysin. Aşığın isə oxuduğu mahnının sözləri belə idi: Sənin kimi gözəl sona, hansı dəryada, göldə var? Dedim a kişi, ayıbdır, həya-abır deyilən bir dəyər var axı. Bu cür yaşı 60-70 olan ağbaş (ağsaqqal yazmıram, çünki Mirələmovla, Rəcəblinin saqqalı yoxdur) kişilər hara, sona sözü hara! Aşıq bu sözləri düz Rəcəblinin gözlərinin içinə baxa-baxa oxuyurdu. Təbii ki, siyasi, iqtisadi ekspertlər bu məsələni sonra araşdırarlar. Araşdırarlar ki, məlum olsun ki, görəsən aşıq "gözəl sona hansı dəryada var" deyərkən İlham Əliyevi nəzərdə tutub yoxsa Hadı Rəcəblini. Çünki məlum olduğu kimi Parlamentin sədr müavini Ziyafət Əsgərov və onun kimi tiplər dəfələrlə deyiblər ki, İlham Əliyev kimi lider Avropada da olmadığı üçün onlar Azərbaycana paxıllıq edirlər. İndi olmaya aşıq da Ziyafət Əsgərovdan ilham alaraq ilhamla irəli getməyə çalışıb. Əgər belədirsə doğrudan da çox "irəli gedib". İlham Əliyev demişkən: bəlkə bir az yavaşlayaq. Uzun sözün qısası, aşıq demək istəyib ki, İlham Əliyev bir gözəl sonadır ki, onun kimisi heç bir dəryada, göldə yoxdur. Ya da aşıq elə Hadı Rəcəblini nəzərdə tutub. Bu yerdə rəhmətlik Molla Pənah Vaqif yada düşür. O "Durnalar" şeirində Kür qırağının seyrəngahını vəsf edərək heyfislənirdi. Deyir çox heyif ki, yaşılbaş sonalarımız çatmır. İndi aşıq haray çəkib Vaqifi Kür qırağına çağıra bilməsə də aşıq diliylə Milli Məclisin qabağına çağırıb deyir, Ay Vaqif gəl gör Parlamentimizin nə cəh-cəlalı var. Sonalar burda əl-qol açıb sevincindən uçurlar. Digəl ki, aşığın sonaları yaşılbaş deyil ağbaş sonalardır.
Mərhum şairimiz Vaqif isə "Ucu tər cığalı siyah tellərin, hərdən tamaşası, hayıf ki, yoxdur!" deməklə bu ağbaş sonaları nəzərdə tutmasa da onlara da bu sözün aidiyyatı vardı. Çünki o vaxt Vaqif Kür qırağında siyah (qara) telin olmadığından şikayət edirdisə bu gün də yazıq xalq Milli Məclisdə qara saç, cavan, 30-32 yaşlarında düz-əməlli bir deputat, nazir, məmur, icra başçısı axtarışındadır. Amma tapılmır ki, tapılmır.
Düzdür, zaman-zaman parlamentimizi sirkə, heyvanxanaya, zooparka oxşadıblar. Amma sona deyən olmamışdı. Mən isə bu qənaətdəyəm ki, aşığa şifahi də olsa parlamentin töhmət komissiyası tömət verməlidir. Çünki deputatların parlamentini göllə müqayisə edir. Hadı Rəcəbli hara göl hara! Ola bilər deyəsiniz ki, onun yerini parlament deyil, elə göldür, qoy gedib günortadan sonra balıq tutsun. Nə bilim vallah. Amma mən bilən göldə qurbağa çox olur.
Sonda elə Vaqifdən söz düşmüşkən deyək ki, hər oxuyandan Molla Pənah olmadığı kimi, hər parlamentdə oturandan da millətə vəkil olmaz. İnanmırsız? Hadıya, Mirələmova baxın.

P.S. Gərək balıq Hafiz də orda olaydı, axı onun da sevincinin həddi-hüdudu yoxdur. Özü də dərya elə balıq Hafizlərin yeridir.




591 dəfə baxılıb
در حال ارسال اطلاعات...