Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2018

Namaz: həqiqi təvazökarlığın ecazkar gözəlliyi

Bismilləhir-Rahmənir-Rahim!

Rəcəb ayında yaşayırıq. Çox mübarək bir dönəmdir. Rəcəb ayı ilə bağlı gələn mübarək çatdırışlar o qədər heyrətə gətirəndir ki, bunların özünün qavranılması ayrıca bir prosesdir. İmam Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl buyuruşları var. Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu bilir. Rəcəb ayının ehtiramını qoruyur. Rəcəb ayında oxunulası zikrləri, duaları, görüləsi əməlləri yaşadır. Və o qədər rəcəb ayıyla yaşayır ki, bunlara lrəcəbiyyun» - lrəcəb əhli» deyirlər.

Bu şəxs rəcəbdə olan, rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta bu adam rəcəb əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət günü hamı nigaran, səksəkəli olan bir halda, rəcəb əhlini axtararlar, çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda İmam Sadiq (ə) buyurur: "Qiyamət yetişən zaman İlahi carçı fəryad çəkər: lEynər-racəbiyyun? haradadır rəcəb ayının əhli?". Haradadır o kəslər ki, rəcəb ayını əziz tutdular və ondan bəhrə apardılar?..."

Allahım, bizləri rəcəb əhlindən qərar ver!

Namaz - dinin suyudur

Mübarək dinimizi bir ağacla müqayisə etsək, bu salamat və möhkəm ağacın kökü imandır, şaxələri - zəkatdır. Namaza gəlincə, Həzrət Rəsulullahdan (s) nəql edilən hədisdə bildirilir: "Namaz - dinin suyudur".

Su ilə namazın müqayisəsi bir çox çalarları aydınlaşdırır. Ağacın bitməsi, yaşaması, inkişaf etməsi üçün, ağacın mövcudiyyəti üçün su necə zəruridirsə, namaz da dinin, imanın yaşaması, qalması üçün bir o qədər əhəmiyyətlidir. Dinimiz bəlli edir ki, namazın dinin diri qalması üçün vacibliyi, suyun ağac üçün vacibliyi təkidir. Su bitki üçün əsas qida olduğu kimi, namazsız da insanın həqiqi müsəlman, inanclı olması qeyri-mümkündür. Quran yolu ilə getmək üçün, müsəlman olaraq inkişaf etmək üçün namaz zəruri amildir.

Ağac - təkamülə yönəli, inkişafa doğru gedən bir varlıqdır. İman da daima dinamik inkişafa ehtiyaclı, elmlə, bilgi ilə zənginləşdirilməyə, təkmilləşməyə hazır olan bir kateqoriyadır.

Suyun əhəmiyyəindən yetərincə danışmaq olar. Su - canlı varlıq aləminin həyatının əsasıdır. Quran məntiqində bunun gözəl təsdiqini görürük. "Ənbiya" surəsinin 30-cu ayəsində bildirilir: "Biz hər bir canlı varlığı sudan yaratdıq".

Maraqlıdır ki, digər planetləri tədqiq edənlər də ilk növbədə baxırlar ki, orada su var, yoxsa yox? Əgər su varsa, canlıların, bitkilərin olma ehtimalını vermək olar, bu sahədə araşdırmaları davam etdirməyin mənası vardır. Əks təqdirdə, heç kəs burada həyatın olmasını ehtimal etmir. Burada müəyyənedici amil - suyun mövcudluğudur. Həyatın şərti, diriliyin, canlılığın şərti - sudur.

İman namazsız yaşaya bilmir

Dinimiz namazın su ilə bənzətməsini əbəs yerə verməyib. Namazsız imanın həyatı yoxdur. Namazsız mənəvi yüksəliş yoxdur. Şəxsiyyətin təkmilləşməsi, ruhun zənginləşməsi namazsız yoxdur. Canlı varlıq olmağın yolu sudan keçdiyi kimi, kamil insan olmağın yolu namazdan keçir. Su - canlı həyatın zəruri komponentidir. Namaz da mənəvi həyatın zəruri şərtidir, bəndəçiliyin rüknüdür, daşıyıcı konstruksiyasıdır. Bitkinin yaşaması sudan asılı olduğu kimi, insan şəxsiyyətinin də püxtələşməsi namazdan keçir.

Su təkcə yaşayışın təminatcısı deyil. Su - yaşayışa təravət verən bir amildir. Bitkinin yaşıyışının, həyatının, diriliyinin təravətidir. Namaz da insan mənəviyyatının diriliyi, təravətidir, dinamikliyidir, zinətidir. Namaz - ruhiyyənin salamat, səliqəli durumda qalmasının yoludur.

Suyun digər bir keyfiyyəti də pakedicilikdir. Su - həm pakdır, həm də pakedicidir. Su murdar bir şeyi pak edir. Namaz da qəlbi paklayır, pas atmağa, qaxsımağa qoymur. İnsanlara qarşı zülmə laqeyd yanaşmağa qomur, Vətənin düşmən tapdağı altında olması ilə barışmağa qoymur, dərd-bəlaya seyrçi təki yanaşmağa imkan vermir. İnsanın vücudunda olan bütün çirkinlikləri, çatışmazlıqları pak edər namaz. Su fiziki aləmi pak etdiyi kimi, namaz da insanın mənəvi dünyasının pakedicisidir.

Su həm də yuyucudur. Pak etməkdən əlavə, çirkdən də təmizləyir. Bəşər hələ sudan yaxşı bir təmizləyici icad etməmişdir. Hər nə vasitə varsa - yardımçıdır, əsas təmizləyici - sudur. Namaz da insanı lazımsız, artıq şeylərdən təmizləyir. Qəlbə çirkabın dolmasına imkan vermir.

Namaz - ruhi durumu abadlaşdıran amildir

Su - təbiətin gözəlliyidir. Dağlar, meşələr, çöllər susuz, çaysız, gölsüz çox yeksənək olardı, cazibəsini itirərdi. Su təbiətə gözəl bir estetika verir. Namaz da mənəviyyatın gözəlliyidir, vücudun estetikasıdır.

Su təşnəliyi aradan aparır, susuzluqdan qurtarır insanı. Namaz da qəlbi təşnə olanın suyudur, mənəvi susuzluğu aradan aparan gözəl vasitədir.

Su - quruluğu abad edəndir, abadlığın əsas şərtlərindəndir. İnsan bir yeri əkib-becərmək istədikdə, ilk olaraq orada suyun olub-olmamasını soruşur. Suyu olmayan bağın, əkin sahəsinin perspektivi yoxdur, yetişə bilməyəcək, inkişaf etməyəcək, abad olmayacaqdır. Namaz da ruhun abadedicisidir.

Su olmadıqda, ağac quruyar. Namazsız da din ağacı quruyar. Dinin şaxələri - zəkat aradan gedər, dinin damarları - oruc məhv olar, dinin yarpaqları - gözəl əxlaq quruyar. Meyvə verən amil - iman əsasında olan qardaşlıq qalmaz, qabıq rolunu oynayan həya aradan gedər və ən nəhayət - dinin meyvələri yetişməz, insan özünü haramlardan qorumaz.

Susuz bağın bütün ağacları quruyar. Çəmənliklər susuz qaldıqda quru ota çevrilər, susuz məkandan insanlar qaçarlar, su olan yeri axtararlar. Namazını itirmiş insandan da fəzilətlər, dəyərlər, gözəlliklər qaçar. Təravət namazsız insanı tərk edər. Namazı itirmiş insanın dəyərlərində eroziya yaranar. Qəlp dəyərlər onun qəlbinə hakim olar.

Camaatın malını qəsb edənin namazı qəbul olunmaz

Namaz qəlbə elə bir qida verir ki, heç bir kənar amil insanda belə ruhi dəyişikliklərə səbəb ola bilməz. Amma əsas şərt odur ki, bu namazı azad insan olaraq qılasan, gerçək bir namaz qılasan. Fikir versək namazın müqəddimələrinə, nə qədər mühüm məqamlar ehtiva olunub burada! Namazın səhih olması üçün yer qəsbi olmamalıdır, halal olmalıdır. Bir baxaq bu halallığın nə qədər şərti var. Qazanc mənbələrinin, iş fəaliyyətinin, işin xarakterinin Allah Təalanın məqbul müəyyən etdiyi qaydalara uyğun olması, xalqın haqqının qəsb olmaması, zülmlə, haramla əldə olunmaması - burada müəyyənedici şərtdir. Camaatın malını qəsb edənin namazı qəbul olunmaz.

Ev-eşiyin halal olmasından sonra üstündə namaz qılınan səccadənin, canamazın halal mənşəli olması, geyimin halal olması şərtdir. İnsan camaatın haqqını qəsb edib aldığı pal-paltarda namaz qıla bilməz. Belə namaz mənasızdır, onsuz da İlahi dərgahda qəbul edilməyəcəkdir. Nəinki paltar, məkan - hətta namaz üçün dəstəmaz alınan suyun qəsbi olması yolverilməzdir. Halallığın şərti nədir? Qonşuların haqqından tutmuş, suyun mənşəyinə qədər hər bir şey. Su gələn boru belə qəsbi ola bilməz.

Gördüyümüz kimi, cəmi iki rükətli namaz vasitəsilə cəmiyyətdə ədalətin, qarşılıqlı hüquqların qorunmasının, optimal davranış modelinin tənzimlənməsinin gözəl mexanizmini müşahidə edə bildik.

Cəza aparatının, müxtəlif təhdidlərin bu dünya miqyasında edə bilmədiyini bir sadəcə namaz edir. Bütün dünya baş sındırır qanunçuluğu bərqərar etmək üzərində, insanları necə asayişə riayət etməyə məcbur etmək üzərində, amma önəmli bir nəticəyə gələ bilmir. Amma İlahi məhəbbətdən qaynaqlanan bir durum, hər hansı bir cinayəti, insanların haqqını basmağı istisna edir. Və bu durumun təzahürü olan namaz, eyni zamanda həm fərdi, həm də ictimai baxımdan insanın kamilliyə yönəlməsini müəyyən edir.

Əlbəttə ki, burada sadalananlar həqiqi namaz qılmağa aiddir. Hər hansı formada sünilik, qeyri-səmimilik namaza yapışa bilmir. Bunlar sadəcə əyilib-qalxmalardır, ibadət deyildir. İbadətin zəruri və kafi şərti - İlahi rizayət, razılıqdır. Kamilliyə qovuşmaq istəyidir.

Namaz - mübarək bir qoruyucudur

Bütün göstərilənlərlə yanaşı, namazın bir mübarək keyfiyyəti də vardır ki, bunu qoruyuculuq kimi qeyd edə bilərik. Qurani-Kərimin "Ənkəbut" surəsinin 45-ci ayəsində buyurulur: "Namaz (insanı) böyük günahlardan və xoşagəlməz hallardan çəkindirər".

Necə ki, insanın immun sistemi zəiflədikdə, viruslar asanlıqla insanın daxilinə sirayət edib müxtəlif xəstəliklər yarada bilirlər, eləcə də namaza qarşı süst olanın, namaza yüngül münasibət bəsləyənin nəfsani qərizələrə, rəzil keyfiyyətlərə qarşı müdafiəsi zəif olur. Və əksinə, ixlaslı bir durumda namaz qılarkən, insan öz ruhunu cürbəcür təhlükələrdən xilas etmiş olur. Namaz - daimi, ardıcıl, sistemli bir təmizlənmədir. Namaz kimi ikinci bir əməl yoxdur ki, bu dərəcədə təmizləyici və qoruyucu effektə malik olsun. Hər gün bir neçə dəfə, dünyanın harasında olursa-olsun, xəstə və ya sağlam olmasından asılı olmayaraq, fiziki vəziyyətinə, səhhətinə uyğun surətdə - istər uzanan yerdə, istər oturan, istər duran yerdə, lap çətin məqamda işarə ilə də olsun - amma insan namazı yerinə yetirməlidir. Azan verilir, "namaza tələsin, səadətə, nicata tələsin!" çağırışı olur, və yüzmilyonlarla insan Rəbbləri ilə münacata doğru yüyürür. Dünyanın şimalında da, cənubunda da, şərqində də, qərbində də azan səsi eşitcək, hamı bilir ki, ruhları təravətləndirmə vaxtıdır, lənətlik iblisin şərlərinə sipər düzənləmək vaxtıdır. Günahlardan, xoşagəlməz hallardan qorunmaq üçün ruhiyyələrini möhkəmlətmək vaxtıdır.

İnsan üçün fövqəladə fürsətlər, geniş üfüqlər açılır burada. Məgər insan gündə bir neçə dəfə cismini su ilə yusa, çirkli qala bilərmi?! Namaz da elədir. Sübh çağı qılınan namaz günortayadək insana mənəvi dirəliş verir, sonra günorta vaxtı çatır, yenə namaz qılınır və beləcə gün ərzində cəmi bir neçə dəqiqə ərzində ruhi təkanlar almaqla, insan pak durumda günü başa vurur, günah etməməyə, haqq basmamağa çalışır. Və beləcə, riayət edən insan ömrünün sonunadək pak durumda qala bilir.

Əvəzedilməz ibadət

Namazın əhəmiyyəti o dərəcədədir ki, əvəz olunmayan ibadətlərdəndir - suyun əvəzedicisi olmadığı kimi. Su olmasa, insan təşnəliyini aradan apara bilməz, təmizlənə bilməz. Namaz da elədir. Bu paklığın da məntiqi sonucu İlahi rəhmətə qovuşmaq, əbədi səadətə nail olmaqdır. İmam Muhəmməd Baqirdən (ə) nəql edilən hədisdə bildirilir: "Yalnız pak insan behiştə daxil olacaq".

Beləliklə, cismani və ruhi paklar məkanıdır behişt. İnsanlara zülm edən, özgəsinin haqqını basan, xalqın malını qəsb edən birisinin behiştə varid olması - mümkünsüzlük mövzularındandır. Allaha tapınan, Allahın halallarını halal, haramlarını haram bilən, qırmızı xətləri keçməyən, tövsiyə olunan işlərə əncam verən insanların məkanıdır behişt.

Dinimiz namaza etinasız yanaşanları xəbərdar edir, namazsızlıqdan çəkindirir. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə insanların namaza düzgün yanaşılması istənilir: "Bəndədən soruşulacaq birinci şey - namazdır. Bəs əgər namaz qəbul olunsa, digər əməllər də qəbul olar. Və əgər namaz qəbul olunmasa, digər əməllər də qəbul olunmaz".

Mütəal Allah bizləri də, cəmi iman əhlini də həqiqi namazqılanlardan qərar versin, inşəallah!


515 dəfə baxılıb
در حال ارسال اطلاعات...