Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2018

Cəhllə elmə "cığır açan" cahillər

İnternet saytlarının birində bir video izlədim. Güya azərbaycanlı ateistlər Kristofer Hitçensin "Tanrı böyük deyil" adlı kitabını tərcümə edib, bir masa ətrafında 20-30 nəfər cəmləniblər.
Vallah mən durub desəm ki, az bir qismi çıxmaq şərtiylə qalanları sözün əsil mənasında axmaq insanlar idi, deyərsiz ki, bu təhqirdir. "Axmaq" sözü təhqirdir, yəni alçaltmaq, aşağılamaq, amma alçaq və aşağı insanlara aid edilsə yerində deyilib. Çünki ümumiyyətlə sözlər öz yerini tapmayanda təhqir hesab edilir. Məsələn professora cahil desək, deyərlər bu professor üçün təhqirdir. Cahilə də professor desəniz, bu halda bütün professorları təhqir etmiş oluruq. Amma əslində əsil təhqir olunmuş insan burada cahildir. Çünki bir professoru cahil adlandıranda da təhqir hesab edilir, bir cahilə professor deyəndə də nəinki bir, bütün professorlara təhqir hesab edilir. İndi cahil ölüb yerə girməsin neyləsin. Deməli, məni nahaq yerə qınayırsınız. Mən bu insanlara "axmaq" deməklə səhvə yol vermədiyimi düşünürəm. Axmaqlıqları bilirsiz hardan bilinir? Deməli videoda bir nəfər üzünü kitabı tərcümə yaxud korrektə edən şəxsə tutub deyir: "Ateizm inancdır, yoxsa elm?" Suala diqqətlə qulaq asın ha! Təkrar edirik: "Ateizm inancdır, yoxsa elm?" Videoda cavab olaraq səslər bir-birinə qarışır, o deyir qoy mən deyim, biri elə deyir o biri belə, "qarğa bazarı"ndan bir nəfər tapılıb (çox güman ki, ya tərcüməçidir, ya da korrektor) deyir ki, heç biri deyil, ateizm dünyagörüşüdür. Deməli adam açıq-aşkar etiraf edir ki, ateizm elm deyil. Yaxşı bəs elm deyilsə deməli nədir? Cəhl. Çünki elmin əksi cəhldir. Mümkün deyil ki, bir şey həm elm olsun, həm də cəhl. İşin ən maraqlı və orada dil-dil ötənlərə, təşkilatçılara "axmaq" sözünü layiq görəcək tərəfi budur ki, bu həngamədən, rüsvayçılıqdan sonra kitabın korrektoru Zamin Mürsəlov görün nə "fəlsəfə xırdalayır": "Biz bu gün hansısa ideyanı təbliğ edəndə Azərbaycan gəncliyinin oyanmasını, elmə yönəlməsini istəyirik. Düzdür, təhsil barədə, sosial çətinliklər var, amma bunlar adamı cəhalətə sürükləməməlidir" Baxın, fəlsəfənin atası kimdir bilmirəm, amma onu bilirəm ki, o da bu yerdə olsaydı "tovariş" Mürsəlov kimi qızıl xırdalaya bilməzdi. Zamin Mürsəlov isə fəlsəfənin zərgəri rolunu ifa edir. Deməli, "ateizm inancdır, yoxsa elm" sualına cavab olaraq "heç biri deyil, dünyagörüşüdür" deyən şəxsin kimliyi bilinməsə də görünür Zamin də elə tərcüməçi də bu fikrlər razıdır, yoxsa etiraz edər və səhv olduğu təqdirdə səhvi düzəldərdilər. Adamlar ora ateizmin müdafiyəsindən ötrü toplanıblar, hər halda səhvi düzəldərdilər. Amma düzəltmirlər, deməli cavabla razıdırlar. Yaxşı bəs ateizm elm deyilsə, cəhldirsə cəhl necə olur ki, Azərbaycan gəncliyini oyadır, elmə yönəldir. Görəsən cəhl (cəhalət) nə vaxtdan elmə cığır açmağa başlayıb? Bu küt insanlar görəsən bilirlər ki, "qulağımızın dibində" Rafiq Əliyev – Lütfüzadənin varisi Allaha inanan adamdır, görəsən onlar bilirlər ki, dünya şöhrətli Enişteyn Allaha inanan adam olub? Heç olmasa bir "google"yə müraciət edib dünya dahilərinin inanclı insan olduqlarını araşdırsınlar.
Bu küt insanlara "axmaq" deməyimin bir səbəbi də budur ki, Zamin Mürsəlov deyir ki, bu təqdimat həm də azərbaycanlı ateistlərin birgə keçirilən ilk toplantısıdır. Deməli azərbaycanlı ateistlər əgər 15-20 nəfərdən ibarətdirsə deməli 9 milyonluq xalqın- 15-20 nəfəri xaric – qalanları inanclı kəsimdir. Bu qədər inanclı kəsimə, bütöv bir xalqa cahil demək, aşağılamaq olarmı? Yəni bu qədər camaat cahildir bircə siz ağıllı çıxmısınız?
Utanmazcasına tərcüməçi deyir ki, biz özümüzü cəmiyyətdə, dövlətdə azad şəkildə ifadə etməyi bacarmalıyıq. Bizim dövlətin qanunları da buna icazə verir, inanc, söz azadlığı var. Əgər söz azadlığı varsa və siz də özünüzü cəmiyyətdə azad şəkildə ifadə etməyi bacarmalısınızsa nə üçün ölkədə baş verən haqsızlıqlarla bağlı bir dəfə toplanmamısınız?
Məlum olduğu kimi iclasdan daha çox kino teatrı xatırladan bu yumor otağında təqdim edilən kitabın adı "Tanrı böyük deyil"dir. Kitabı xarici bir nəfər yazıb, bunlar da tərcümə ediblər. Deməli bunların ağlınca elm kitab tərcümə etməkdən ibarətdir. İkincisi kitabın adından məlum olur ki, müəllif bu cür insanlarla məzələnib. Çünki inanclı "Allah var" deyir, inancsız "Allah yoxdur" deyir. "Tanrı böyük deyil" cümləsi Amerikanın təzə kəşfidir.
Amma korrektor və tərcüməçi görün nə qədər düşüncəsiz adamlardır ki, anlamayıblar ki, ateizm dini, inancı kökündən qəbul etmir, deyir "Allah yoxdur", demir "Tanrı böyük deyil". Belə ki, "Allah yoxdur" fikri ilə "Tanrı böyük deyil" arasında yerlə - göy qədər fərq var. Çünki "böyük deyil" o deməkdir ki, yəni kiçikdir. Çünki sifətlər (gözəl, qəşəng, kifir, böyük, dahi və s.) bir vücuda yüklənir. Vücud olmasa sifətdən söz gedə bilməz. "Filankəs böyük adamdır" deyiriksə deməli burada filankəsin vücudu var. Biz isə sifətindən – böyüklüyündən danışırıq. Deməli "Tanrı böyük deyil" deyiriksə tanrının (Allah) mövcudluğuna inanmış oluruq. Ateizm isə dediyimiz və bütün dünyada məşhur olduğu kimi dinsizlik deməkdir, inancı kökündən kəsib atır öz aləmində. Bu isə ateizmin ziddinədir. Beləliklə də "dahi" ateistlər özlərini belə ifşa etmiş olublar, Allah onların iclaslarını öz əleyhlərinə işlədib. Özləri də bilmədən Allahın mövcud olduğunu etiraf ediblər. İkinci mərhələ - "böyük deyil" deməklə isə özlərini gülünc vəziyyətə qoyublar.
Sonda allahpərəstləri, inanclıları bu tədbirdən narahat olmamağı çağırırıq. Baxın ateizmi müasir dünyada yayan Marks, Lenin kimilər idi ki, onları qurduğu o zamankı sovet respublikalarında da azan verilir, "Allahu əkbər" (Allah böyükdür) səslənirdi. İndinin özündə bir zamanların sovet hökümətinin paytaxtı olan Moskvada azanlar səslənir, hər dinin mənsublarının ibadət ocaqları mövcuddur. Hətta ateist, laik kimi tanınan Mustafa Kamal Atatürk belə azanları türkcəyə çevirəndə "Tanrı uludur" sözünü azanlardan silə bilmədi. İndi bunlar meydana çıxıb "Tanrı böyük deyil" deyirlər.
Yəqin bütün bu deyilənlərdən sonra mənə bu insanları "axmaq" adlandırdığım üçün haqq verirsiz.


696 dəfə baxılıb
در حال ارسال اطلاعات...