Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2018

Öləndən sonrakı peşmançılığın faydası

Keçmiş məhəlləmizdə düz iki həftə qabaq məhəllə sakinlərinin birinin yas məclisində molla Hacı Kamil əmi həm bir ata, həm böyük qardaş, həm də din xadimi kimi ikisinə də çağırıb nəsihət etdi. Ruslan və Səlim (adları şərti yazdım) iki qardaş olsa da bir-birini görən gözü yox idi. Hətta məclisə Ruslandan sonra daxil olan Səlim Ruslanın orada olduğunu görüb gedib başqa stulların birində əyləşdi. Mən hiss elədim ki, hacı Kamil əmi mozəsinin bir hissəsini sırf bu məsələ barəsində davam elədi. Bilmirəm, Səlimin hərəkətini gördü ya yox, amma hiss elədim ki, mozəsini daha çox Səlimə eşitdirməyə çalışırdı. Onsuz da orada oturan camaatın başı öz sağında-solunda oturan insanlarla söhbətə qarışmışdı. Çox heyif olsun ki, yas məclislərində yaxınımızla (mərhum) birlikdə mollanı da söhbətləriylə birlikdə gömürük, yəni dediklərinə qulaq asmırıq. Başdaşısının üstünə də özümüzü ağıllı hesab edib dini söhbət ünvanında camaata sırımağa çalışdığımız sözləri yazırıq.
Nə isə. Səlim Ruslandan çox yox, cəmisi bir yaş böyük idi. Hər ikisini yaxşı tanıyıram. Köhnə məhəllədə yaşamışıq. Amma bir-biri ilə uzun zamandır ki, danışmırdılar. Küsülü idilər. Heç nəyin üstündə vallah.
Məclisin axırları idi, ölən ölmüş, qalan da ehsanatı yeyib getmişdi. Geriyə molla hacı Kamil əmi qalmışdı, bir də beş on nəfər adam. O bayıra çıxanda mən də hava almaq üçün bayıra çıxdım. Gördüm Kamil əmi Səlimlə nəsə danışır. Bir ağacın kölgəsində kölgələndim ki, danışdıqlarına qulaq asım. Düzdür, camaatın danışdıqlarına qulaq asmaq yaxşı hal deyil, dində də mentalitetdə də. Amma mənim qulaq asmağım Novruz bayramında qulaq falına çıxanların qulaq asmağına oxşamırdı. Burada din xadiminin nəsihətindən söhbət gedir. O, Səlimə küsülü qalmağın pis olmasından danışırdı. Sanki içəridəki mozə yarımçıq qalmışdı, istədi küçədə, şəxsi olaraq ona moizə eləsin. Bu yandan gördüm Ruslan da yanında bir nəfərlə onlarla yaxınlaşdı. O bir nəfəri hiss elədim ki, elə Kamil əmi göndərmişdi ki, Ruslanı hadisə yerinə çağırsın. Bəlkə yarım saat Kamil əmi onlara moizə edib küsülü qalmağın dünya və axirətdəki zərərlərində danışırdı. Çox dəyərli sözlər idi həqiqətən. O cür savadlı din xadimlərini efirə çıxarıb bu cür problemlərin həllində onlardan kömək istəmək lazımdır. Təəssüf ki, efir məkanı tərbiyəsiz şoularla, dəyərsiz verilişlərlə doludur.
Hacı Kamil əmi kimi insanlar da məcbur qalıb yas məclisindəki mağarlarda, küçədə, tində-dalanda moizə edirlər. Sonra da deyirlər ki, bunlar bozbaş mollasıdır. Sən onu efirə çıxart, gör necə sizə dərs keçəcək.
Nə isə, çox yormayım sizi. Hacı nə qədər bu iki qardaşa moizə elədisə, onları barışdırmağa çalışdısa başa düşmədilər ki. düşmədilər. Əlbəttə onlar orada üç nəfər deyil idi, şeytan da orda idi.
Ruslanla Səlim barışmadılar. Hərəsi çıxıb öz işinin dalınca getdi. Molla isə əlindən gələni etmişdi demək olar ki.
Üstündən bir neçə gün keçdi. Bir yas məclisində Ruslanı gördüm, uşaq kimi hönkür-hönkür ağlayırdı. Demək olar ki, beli sınmışdı qaragünün. Yas məclisinə gəlmişdi. Ölən isə qardaşı Səlim idi. Allahu əkbər. Adam elə ağlayırdı ki, sanki bağrı bu dəqiqə partlayacaq. Bəli, qardaş dərdi ağırdır, amma bu iki qardaş bir-biri ilə danışmırdı. Yadıma düşdü ki, hacı Kamil əminin onlara dediyi sözlərdən biri də ölümü xatırlatması idi. Deyirdi ki, beş günlük dünyada dörd gündür ki, danışmırsız, sabah biriniz ölsə o biri gəlib onun yasında ağlamayacaq ki? Elə indidən barışıb bir-birinizin halına ağlayın da. Onlar isə bu həqiqətlər eşitməmişdilər.
Ruslan isə çox peşman olmuşdu. Çünki peşman olmasaydı bu cür ağlamazdı. Digəl ki, deyirlər sonrakı peşmançılıq fayda verməz. Məncə verər. Məsələn Ruslan da Səlim də elə oradaca barışsaydılar, peşman olub barışmış olacaqdılar. Bu peşmançılıq isə illər sonra baş verəcəkdi. Faydası da bu olacaqdı ki, iki qardaş barışacaq, şeytanın anası onun vayına oturacaqdı. Təəssüf ki, barışmadılar. Fayda verməyən isə öləndən sonrakı peşmançılıqdır. Əlbəttə indi deyərsiniz ki, peşman olmaq diriyə xasdır. İnsan öləndən sonra necə peşman ola bilər ki, axı onun bütün rabitələri qırılıb. O artıq ölüdür. Nə görür, nə eşidir, nə danışır. Düz buyurursunuz, mən isə demək istəyirəm ki, insan gərək öz nəfsini öldürsün və günahlardan çəkinsin. Məsələn, indi uşaq kimi ağlayan Ruslan o gün öz nəfsini, qəzəbini, şəhvətini öldürə bilsəydi, onun peşmançılığı fayda verəcəkdi. Amma etmədi. Nəfsi onu öldürdü.
Çox insanlar bu cürdür, qardşaı, atası, övladı, əmisi, dayısı, bacısı ilə danışmır, amma yas məclisində gəlib elə ağlayır ki, həm inanırsan, həm də inanmırsan. İnanırsan ona görə ki, nə qədər də küsülü olsalar da nəhayət də candan bir parça ayrılır, inanmırsan ona görə ki, axı bir ömür onun bundan, bundan ondan xəbəri olmayıb, nə yeyib, nə içib – xəbər tutmayıb, nə bayramda qapısını açıb, nə dar günündə.
Nə qədər ölməmisiniz, ölmədiyiniz üçün peşman olub nəfsinizi öldürün ki, peşmançılığınız fayda versin.


719 dəfə baxılıb
در حال ارسال اطلاعات...