Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2018

20 Yanvarda və bu gün partladılan televiziyamız

Müasir dünyamızda zülmü dünyaya çatdırmaq üçün ən gözəl vasitələrdən biri televiziya, ümumi mənada qısa olaraq KİV adlandırdığımız Kütləvi İnformasiya Vasitələridir. Əlbəttə təkcə zülmü, haqsızlığı deyil, ümumiyyətlə qəzet, jurnal, sayt, radio, televiziya güclü təbliğat vasitəsidir.
Yadınızdadırsa SSRİ-nın Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Vitali Demidkin 20 Yanvar günü ölkəmizdə informasiya blokadası yaratmaq üçün xüsusi şəkildə Azərbaycana ezam olunması və yerli televiziyamızın enerji blokunun partladılması barədə danışmışdı. O zamanlar "Alfa"nın yerli bölməsi bu işi ona görə etmişdi ki, SSRİ-dan çıxmaq istəyən Azərbaycan xalqının başına gətirilən 20 Yanvar müsibəti ölkəyə və dünyaya çatdırılmasın.
Elə bu günün özündə də yerli alfalar həqiqətlərin xalqa düzgün çatırlmasının qarşısını almağa çalışırlar. O gündən fərqli olaraq bu gün televiziyamızı hər an partladırlar. Üstəlik o zaman "Alfa" əməkdaşları xayin sovet hökümətinin cəsusları olduğu halda bu günkü terrorçular öz insanlarımızın içindən çıxır. Televiziyalarımıza düz-əməlli nəzarət yoxdur. Bütün günü ya yaltaqlığı xalqa təlqin edirlər, ya da şou-biznesə küllü miqdarda pul buraxır, efiri gic-giz veriliş və proqramlarla doldururlar. Efir məkanında təəssüf ki, intellektual, dini-mənəvi verilişlər tapmaq çətindir.
Bəlkə də irad tutub deyərsiniz ki, 20 Yanvar günü bu faciə barədə bütün günü bütün kanallar danışır. Bu, 20 Yanvarı dünyaya tanıtmaq deyil. Hər il bu gün istənilən kanalı çevirəndə canlı efirdən "Şəhidlər xiyabanından" qəmli zurna sədaları altında reportaj efirə verilir. Bu, şəhidləri göstərməkdir. Amma Azərbaycan xalqı hər il İlhamla Fərizənin rəsmlərini həm televiziyadan, həm də "Şəhidlər xiyabanından" çox görüb. Şəhidi göstərmək başqa şeydir, şəhadəti təbliğ etmək başqa bir şey. Başqa vaxt İranı bəyənmirik. Amma İran xalqı bir gün Qasim Süleymanilər yetişdirirsə, sabahı gün şəhid Höcəcilər İran xalqının oksigeninə çevrilir. Təsadüfi deyildir ki, şəhid Höcəcinin kəsilmiş başının pişvazına minlərlə insan çıxmışdı. Bizdə də qəhrəman oğullar çoxdur. Şəhid Mübariz İbrahimov kimi qəhrəmanlarımız bu xalqın üzünü ağ edib. Burada bir sual verilməlidir: Hansı vicdanlı insan etiraf edər ki, şəhid Mübariz İbrahimovu bugünkü yerli televiziya kanallarımız yetişdirib? Hansı insaflı insanı qəbul edər ki, Mübariz İbrahimovu dövlət tərbiyə etmişdi? Onu tərbiyə edən İmam Hüseyn (ə) məktəbi idi. O, dindar, mənəviyyatlı seyyid idi. Bizim xalq ancaq Allaha üz tutmaqla, zəngin mənəviyyatla bu cür oğullar yetişdirə bilər. Amma biz nə edirik? Kanallarımızı mənasız şou verilişlərlə doldurmaqla sanki hər gün televiziyanı bombalayır, ölkədə informaisya blokadası yaradırıq. İstəmirik xalq həqiqətləri eşitsin. Rafael-Coşqunun arvad kimi burcutmaları ilə Qarabağı almaq olarmı? Elgizdən, Zaurdan Mübariz İbrahimov düzəltmək mümkünmü? Mübariz, Fərid kimi mənəviyyatlı insanlar canlarından keçmyib ki, Rafael, Elgiz kimilər efirdə arvad kimi burcutsunlar. Bir dənə şou əhlindən şəhid olan göstərə bilərsinizmi? Bir nəfər şəhidimizin nə vaxtsa şou verilişində iştirak etdiyini görmüsünüzmü? Əlbəttə 20 Yanvardan ildə bir gün yalandan danışan hakimiyyətə Rafael-Coşqun kimi kişidən çox arvad təsiri bağışlayan düşük insanların mənəviyyatdan, kişilikdən uzaq hoqqabazlıqları lazımdır. Bu gün 20 Yanvar efirə ildə bir dəfə verildiyi halda Rafael-Coşqun, Elgiz-Zaur (digər şouçular, müğənnilər də onlar kimi biabırdır) hər gün, hər ay efiri "mazol" edir. Müharibədən bəhs edilən filmlərin yerini ancaq bu cür adamların gic-gic teatrları, bir də lazımsız seriallar tutur. Serialların istehsalı üçün isə İlham Əliyev birbaşa pul buraxıb, sərəncam imzalayır. Buna görə ki, ancaq insanların başı belə şeylərə qarışsın. Əlbəttə vətənpərvər ruhiyyədə filmlər çəkə bilməzlər. Çünki ölkədə nə qəhrəman, nə də vətənpərvər insanlar yetişdirə bilmirlər. Mərd xalqın ruhunu öldürdükcə öldürürlər. Bu dəqiqə 20 Yanvar, Xocalı, Qarabağ kimi faciələri olan xalqımız təəssüf ki, prezidentin gündə bir naziri, icra başçısını, məmuru, bank müdirini, "iti qovan kimi" qovmasına şahid olur. Məmurları oğru, bandit, xayin, ermənidən betər olan bir ölkədə qəhrəman yetişməz, yetişmədikcə olmayan şey haqda necə filmlər çəkilsin. Bununla da meydan Rafael-Coşqun kimi səviyyəsiz insanlara qalır. Belə olan halda isə şəhadət, vətənpərvərlik ruhiyyəsi bilərəkdən öldürülür. Bu gedişlə nəinki intiqam və torpaqlarımızı ala bilmərik, üstəlik 80 faizin itirilməsiylə üzləşə bilərik.


467 dəfə baxılıb
در حال ارسال اطلاعات...