Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

Azadlıq və bəndəlik: paradoksmu?!

Bismilləhir-Rahmənir-Rahim!

Dövrümüzün ən mühüm mövzularından biri - lazadlıq» kimi bir məfhumun mahiyyətini anlamaq, bu anlayışda nəyin ehtiva olunduğunu başa düşməkdir. Bu anlayış bütün dövrlər və zamanlar üçün aktual olmuşdur, bəşəriyyətin bir çox böyük aydınları bu anlayışın açıqlamasına bütün ömrlərini həsr etmişdir, misilsiz qəhrəmanlar bu anlayışa görə həyatlarını belə, qurban vermişlər.

Azadlığın fitri cazibəsi

Qeyd etmək lazımdır ki, "azadlıq" kimi heç bir söz insanların diqqət mərkəzində olmamışdır. Bu sözün özünəməxsus daxili cazibəsi vardır ki, insanları böyük işlər görməyə təşviq edir. Eyni zamanda heç bir anlayışa bunun qədər müxtəlif yozumlar verilməmişdir. Hərə öz dünyagörüşündən, əqidəsindən asılı olaraq, "azadlıq" anlayışını müvafiq məna ilə doldurmağa cəhd etmişdir.

İnsan daxilən, fitrətən azadlığa meyillidir, azad olmaq istəyir. Və bir sıra nəzəriyyəçilər öz baxışlarını məhz bu fenomen üzərində qurmuşlar. Nəticədə ona yetişmişlər ki, hər nə insanı azad edir - yaxşı, hər nə ki, onun azadlığını məhdudlaşdırır - mənfi bir şeydir. Sonradan bu müqəddimə əsasında milyonları birləşdirən məfkurələr yaranmışdır. Əlbəttə, bu məfkurələr nəticədə ya kağız üzərində qalmış, ya da ki, öz müəllifəlrinin gözləmədiyi səmtlərə gedib çıxmışlar.

Beləliklə, azadlıq anlayışına ən ifrat yanaşmanın müəllifləri hesab edir ki, insanın hər nə istəyi varsa, onu yerinə yetirmək imkanına azadlıq deyilir. Bu halda insan üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Buna əks konsepsiyanın tərəfdarları isə insanın iradə azadlığını toplumun ixtiyarına verir. Yəni insanın topluma, cəmiyyətə, mühitə tabe olmağını önə çəkir, onun şəxsi azadlığına isə bu prizmadan yanaşır. Yaxın keçmişimizdə tarixin arxivinə göndərilmiş Sovet dönəminə xas reallıq - məhz bu tipli konsepsiyadan qaynaqlanır.

Əlbəttə, burada "mütləq azadlıq» doktrinasına da toxunmalıyıq. Buna bəzən "bioloji azadlıq» da deyilir. Bu halda insanın iradə ifadəsi qətiyyən heç bir çərçivə qəbul etmir. İnsan nə istəyirsə - edir, heç kəs ona heç bir məhdudiyyət qoya bilməz. Qeyd olunmalıdır ki, heç bir normal təfəkkür sahibi bu nəzəri qəbul edə bilməz. Çünki bu nəzəriyyədə bəşəriyyətin özünüməhv mexanizmi qoyulmuşdur. Canilər, kütləvi qətlllər törədən manyaklar məhz bu mövqedən çıxış edirlər: qurbanlar onlar üçün insan deyil, sadəcə, “azadlıq”larını ödəmək vasitəsidir.

İfratçilar və təfritçilər

Beləliklə, azadlığa baxışın ifrat və təfritinə nəzər saldıqda, görürük ki, təfritçilər insanın azadlığını ona fərd olaraq toplumun müəyyən etdiyi vəzifələri yerinə yetirməkdə görürlər, ifratçılar isə insana, ümumiyyətlə, hər hansı bir çərçivənin qoyulmasını qeyri-məqbul hesab edirlər. Onların nəzərində, insanın iradəsini heç bir şey hüdudlandıra bilməz.

Amma insan yaradılarkən, onun fitrətinə azadlıq hissi ilə yanaşı, dağıdıcılıqdan qorunma hissi də qoyulmuşdur. İnsanın şüuru ona diktə edir ki, əgər onun və digərlərinin azadlığı heç bir şeylə məhdudlaşdırılmasa, bunun nəticəsi çox acınacaqlı olar. Bu hiss də müəyyən mənada qoruyuculuq funksiyasını yerinə yetirir.

İslamın azadlıq konsepsiyası bu nəzəriyyələrin orta həddini özündə ehtiva edir. Ümumi halda azadlığın zəruri və kafi şərti o hesab edilir ki, insanın əqli, şüuru onun iradəsini idarə edir, iradəsinə rəhbərlik edir. Yəni bu şərtlər daxilində azadlığın necəliyinə yaxınlaşmaq olar. Əks təqdirdə, bu azadlıq deyil, nə isə tamam başqa bir şey olacaqdır.

İslamın azadlıqla bağlı ikinci müqəddiməsi mənafe nəzəriyyəsindən qaynaqlanır. Hər nə ki, insanın və ümumilikdə toplumun mənafeyinə xidmət edir - insan bu mövzularda azaddır. Bura qədər çox və ya az misildə hamı ümumi məxrəcə gəlir, İslamın bu doktrinal nəzərini qəbul edir. Əsas ixtilaf bundan sonra başlayır - nəyin mənafe hesab edilməsi mövzusunda.

Mənafe fəlsəfəsi

Mənafe fəlsəfəsinin bazisində isə insanın yaradılış və mövcudiyyət missiyasının aydınlaşdırılması durur. İlk sual ki, burada meydana çıxır: insan özü öz mənafeyini müəyyən etməlidir, yoxsa hansısa digər mənbədən bu barədə məlumat almalıdır?

Tutaq ki, kimsə iddia edə bilər: bəs insan özü düşünüb-daşınıb, özü üçün mənafe preroqativləri müəyyənləşdirə, nəyin mühüm, nəyinsə qeyri-mühüm olmasını təyin edə bilər. Və bu bünövrədən çıxış edərək, özü üçün azadlıq çərçivələrini müəyyənləşdirə bilər. Yaxşı, fərz edək ki, bu fikri qəbul edirik. Amma bu halda öncə gərək baxaq ki, insanın dünyaya gəlişi və dünyadan getməsi kimi əsas, ən taleyüklü məsələlərdə azadlığı varmı, sərbəst müəyyənetmə imkanı varmı? Əgər varsa, demək insan öz yaradılışını da, təbii yolla əcəlinin yetişməsini də özü müəyyən edir və bu kontekstdə onun digər məsələlərdə özü üçün prioritetlər müəyyən etməsi məntiqi və sistemli bir məsələ olardı.

Təbii ki, ümumi məlumdur: insanın yaradılışı və təbii ölümü onun ixtiyarından kənardır. Demək, hansısa kənar bir qüvvə var ki, onun bu əsas məsələlərini tənzimləyir. Bu anlamın ardınca o məsələ gəlir ki, insanı yaradan qüvvə onun üçün vacib və ikinci dərəcəli mövzuları müəyyən etmişdirmi, insanı düzgün təlimlə silahlandırıb, ona zəruri bilgiləri təqdim edib, onun üçün vəzifə müəyyən etmişdirmi?

Burada ikinci mühüm mövzu açılır ki, birincinin məntiqi davamıdır. İnsan əgər özü yaranmayıbsa, onu yaradan qüvvəyə müəyyən məlumatlar üçün müraciət etməlidirmi, yoxsa özü çalışıb-vuruşub bütün məsələlərə təcrübi-empirik yolla gəlməlidir?

Allahın Xaliq və Rəbb sifətləri

Əlbəttə, bütün insanlar bu və ya digər dərəcədə qəbul edir ki, onların yaradılışı kənar amillərin iradəsindən asılıdır. Hətta ateistlər də heç bir alternativ nəzər ortalığa qoymamış, sadəcə inkarçılıqla kifayətlənmişlər. Heç kəs iddia edə bilməz ki, özü özünü dünyaya gətirmişdir. Ümumilikdə kulli olaraq, insanlar Xaliqin mövcudluğunu qəbul edirlər. Amma yalnız bir qisim qəbul edir ki, ona həyat verən həmin qüvvə, onun üçün missiyasını aydınlatdırmalı və bu missiyaya yetişməyin ən optimal yolunu göstərməlidir.

İnsan bir varlıqdır ki, ona iradə azadlığı verilmişdir. Və bu azadlığı tətbiq etmək üçün kifayətedici məlumat verilmişdir. İnsanın bu məlumatdan faydalanmaması - onun şüurlu olaraq etdiyi seçimdir.

Burada biz Xaliq və Rəbb olaraq həmin ulu qüvvənin xüussiyyətlərinə gəlirik. Deməli, hamı qəbul edir ki, Xaliq var, Yaradan var. Dünyaların mövcudiyyəti barədə kiçicik təfəkkür kifayətdir ki, insanda buna dair əminlik yaransın. Dava başqa mövzudadır. Xaliq olan qüvvənin Rəbb olub-olmamasında, idarə edib-etməməsindədir.

Qurani-Kərimin "Loğman" surəsinin 25-26-cı ayələrində bu məsələyə toxunulur: "(Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki, "Göyləri və yeri kim yaratmışdır?". Deyəcəklər: "Allah". (Çünki onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər). De: Həmd olsun (o) Allaha. Əslində onların əksəriyyəti bilmir. Göylərdə və yerdə olanların hamısı Allahın mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək - hamısı Onun istəyinə bağlıdır)".

Demək, Xaliq baxımından insanlarda heç bir çətinlik yoxdur. İnsanlar Yaradan olan, xəlq edən Tanrını rahat qəbul edirdər. Bəhs ondadır ki, insanlar Rəbb olan Tanrını qəbul etsinlər. Çünki əgər insan Rəbbi qəbul etsə, gündəlik həyatında dəyişiklik yaranacaqdır. Yalnız xəlq edən Tanrının insanın oturuşunda-duruşunda, halal-haramında rolu olmur, təsiri olmur. Amma əgər insan Allahı həm də Rəbbil-aləmi - Aləmlərin Rəbbi olaraq qəbul etsə, bu, onun əməllərində müvafiq əsər qoyacaqdır. İnsan deyəcək, baxım görüm filan məsələyə dair mənim Rəbbim nə buyurmuşdur. Və Rəbbinin buyurduqlarına uyğun hərəkət etməyə çalışacaqdır.

İnsanın kamalı - şüurlu seçimindədir

Buradan aydın olur ki, insanlar həyatda hərəkət etmə baxımından iki növə bölünür. Birinci qrup Xaliqi qəbul edir və bunların içərisində elələri də olur ki, müəyyən günlər "öz borcunu» da verməyə meyillidir. Əsasən həftədə bir dəfə - bəzi müsəlmanlar cümə günü, yəhudilər şənbə günü, xaçpərəstlər bazar günü müvafiq olaraq məscidə, sinaqoqa, kilsəyə gedir, bir müddət ibadətdə keçirirlər. Amma məsciddən, kilsədən, sinaqoqdan bayıra çıxdıqda, vəzifəsini bitmiş hesab edir. Gündəlik həyatında onun inancının elə bir təsiri olmur.

Məsələnin fəlsəfəsinə vardıqda görərik ki, insanın digər yaranmışlardan fərqi elə məhz bundadır: Rəbbinin dediyini etməkdə. Daş, dəmir, quş, balıq, heyvan, dağ, dəniz - hər bir yaranmış Xaliqin ona verdiyi durumda bulunur. Daşın kamalı daşlığındadır, yarpağın kamalı - yarpaqlığında. Bir insandır ki, azadlıq almışdır həqiqi kamala yetişmək üçün. İradəsini şüuruna tabe edib, haqqı axtarıb, kamalı müəyyən edib həmin kamala can atmaq üçün.

İnsan - yeganə məxluqdur ki, Allahın yer üzündə nümayəndəsidir, xəlifəsidir və bu baxımdan ən ali məxluqdur, ən əhəmiyyət kəsb edən, qiymətli bir varlıqdır. Aləmlərin Rəbbi insanı çox gözəl bir adla ünvanlayır: "əhsənül məxluqin"; yəni məxluqların, xəlq olunmuşların ən gözəli. Çünki insanı xəlq edəndən sonra, yaradan Rəbbi öz gözəl adlarından ona öyrədib. Allah "əhsənül-xaliqin"dir - xaliqlərin ən gözəli. Nə mübarək və əzəmətlidir o Allah ki, "əhsənül-məxluqin"i yaradıb. Xəlq olunanların ən alisini yaradan, yarada bilənlərin ən alisidir.

Niyə insana belə bir ad verilir? Çünki, insan o biri varlıqlardan fərqli olaraq, quşdan, heyvandan, amöbdan, daşdan, dəmirdən və başqa məxluqlardan və başqa yaradılmışlardan fərqli olaraq - mükəlləfdir. Bu, nədir? İnsanın məsuliyyəti var, insan cavab verəcək. İnsanın üzərində vəzifə var, insanın iradəsi var, insanın ixtiyarı var, insanın seçim qabiliyyəti var, insanın azadlığı var. Ona görə insan "əhsənül-məxluqin"dir.

Azadlıq və bəndəlik: paradoksmu?

İnsanın azadlığı var. Rəbbini qəbul edib, onun deydiyi yolla getsin. Azadlıq nədir? Azadlıq - İlahi bir hökmdür. Azadlıq, hürriyyət bir nemətdir ki, onu Allah Təala Öz bəndəsinə verib. Buradan belə bir nəticə alınır ki, azadlığın realizəsi bəndəlik fəlsəfəsini anlayıb, ona riayət etməkdən keçir.

Qeyd etdik ki, azadlıq bir nemətdir ki, insanın mənafeyinin diktə etməsi vasitəsilə nemətliliyə yetişir. Yəni yalnız o zaman azadlıq qiymətlidir ki, insanın özünün və toplumun, bəşəriyyətin həqiqi mənafeyinə xidmət etsin. İnsan istəsə özünü öldürsün, digərinə ziyan yetirsin - bu, onun azadlığının təzahürü deyil.

Yeni bir müstəvi ki, azadlıq bəhsinə aid olur - ədl və zülm sistemidir. Hər bir şey ki, İlahi dəyərlər sistemində öz yerindədir - ədl, bunun ziddinədirsə - zülm olur. Demək, insanın azadlığı, ədllə həmahəng olan yerdədir. Beləliklə, pis əməl sahibi əslində azad deyildir. Ədl müstəvisində insanın azadlığı özünə də, sosiumun digər üzvlərinə də yalnız fayda verə bilər. Əks təqdirdə, insan zülm etmiş olur.

Öncə bir nöqtəyə də toxunduq ki, azadlıq yalnız bəndəlik müstəvisində ola bilər. İlk baxışda paradoksal bir tezisdir: bəndəlik və azadlıq. Amma mahiyyətcə, insanın həqiqi azadlığının kamala tapınmağı ilə olduğunu nəzərə alsaq, heç bir paradoksun olmadığını görürük. Görürük ki, özlərini azad hesab edənlərin çoxu, əslində öz komplekslərinin, bütlərinin, stereotiplərin köləsidir, həqiqətdə azad deyillər. Amma Allaha bəndəlik edən - sözün əsl mənasında azaddır. Çünki bütün işlərində ən düzgün, ən kamil seçim edir. Seçimin düzgünlüyü onun azadlığını şərtləndirir, səhv və azmalardan, zillətə düşməkdən, zülmə boyun əyməkdən sığortalayan amil olaraq onun durumunu təsdiqləyir.

İnsanın Allahın bəndəsi olaraq yerinə yetirdiyi bütün əməllər - ibadətdir. Əgər insan Allaha yaxınlaşmaq qəsdi ilə hərəkət etsə, nə edirsə-etsin - ibadətdən sayılacaq. Çünki, yaradılışının fəlsəfəsinə uyğun davranmış olur.

Hər məxluqun bir kamalı var. Torpaqddan, sudan, amöbdən tutmuş balinalaradək. Bunların arasında seçim qabiliyyətinə malik olan yeganə insandır ki, kamalı ibadətdədir, yəni həyatını Allah dediyi kimi yaşamaqdadır. Allah Təala bütün insanları yaradılışının fəlsəfəsinə varıb, həqiqi azad olanlardan qərar versin!

Allahım! İnsanları lənətlik iblisin məkrindən xilas et!

Allahım, bütün bəşəri azadələrədən qərar ver!

Allahım, zülmün, komplekslərin buxovlarını insanlardan uzaqlaşdır!

Allahım, iman əhlini Peyğəmbər (s) və Əhli-Beyti (ə) məhşur et!

Allahım, 12-ci İmam - Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu təcili et! AMİN!


399 dəfə baxılıb
در حال ارسال اطلاعات...