Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2017

Cənab prezident, mən sizi sabah təbrik edəcəyəm, Həzrət İsanın (ə) gəldiyi gündə

Cənab prezident, 61-ci ildənsiniz, 56 yaşınız olur.
"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!" ("Məryəm" 33)


Cənab prezident, 61-ci ildənsiniz, 56 yaşınız olur.

56 yaş az ömür deyil, demək olar ki, normal insanın ömrünün üçdə bir hissəsidir. Ad gününüzün fotoları paylaşılır, internet saytları sizin dünya liderləri tərəfindən təbrik edilmənizdən yazır. Amma mənə elə gəlir ki, bütün dünya liderlərini bir yerə yığsanız, xalqın sadə vətəndaşından, qara camaatdan gələn təbrikin yerini verməz.

Sizin bir fotonuzu paylaşıblar. Siz, arxanızda oğlunuz, sağ və sol tərəfinizdə nəvələriniz. Deməli, siz babasınız. Amma illər öncə sizin nəvələrinizin yaşında oğlunuz var idi. İndi o da böyüyüb lap boyda sizi ötüb. Qocalmısınız cənab prezident! Başınızdan bir tük də tökülüb, digəri isə ağarıb. Gedin evinizdəki xatirə albomunu vərəqləyin, atanız Heydər Əliyevin kölgəsində fırlandığınız rəsmlərə baxın. O kişini özünüz əllərinizlə qəbirə qoymadınızmı? Yoxsa ölümün haqq olduğuna inanmırsınız?

Siz evinizdə rahat oturub qabağınızdakı tortun şamlarını füləyib söndürürsüz, nə bilim, sizə "habby birthday to you", "iyi ki doğdun İlham" filan oxuyurlar. Amma uzun illərdir ki, şərləyib həbsə atılan insanların ad günləri olanda sizin nəvələriniz yaşda olan onların gül balaları bu təbriki deməyə adam tapa bilmirlər. Onların stolunun yuxarı başında tort olsa da o tortun yiyəsi soyuq zindanda olur.

Vallah, dünya beş gündən ibarətdir. Qəbul edirik, Müsavat-AXCP məhv olub gedib, Milli Şura çoxdan çezib, ölkədə yüz faiz hamı savadlıdır, siz prezident, xanımınız I vitse prezident, balalarınız sizdən sonra xalqın ən üstün insanlarıdır. Axı, bütün bunlar dünya həyatındadır. Bəs axirət barədə düşünmürsünüz?

Sizin ad gününüzün (24 dekabr) sabahı günü Həzrət İsa peyğəmbərin ad günüdür. Birbaşa diktənizlə danışan, işləyən, hətta dindarlıq edən Mübariz Qurbanlı "əgər peyğəmbərlər zamanımızda yaşasaydı Azərbaycanı özlərinə yaşamaq üçün vətən seçərdilər" deməsi sizi yoldan azdırmasın. Ona Rusiyada, Türkiyədə, Almaniyada, Ukraynada yaşamaq, işləmək üçün məskunlaşan soydaşlarımız, vətəndaşlarımız "yalançıya Allah lənət eləsin" deyib peyğəmbərlərin sayı qədər lənət yağdırıb.

Cənab prezident, mən sizi ad gününüzün sabahı günü, 25 dekabrda təbrik edəcəyəm. Çünki o gün məşhur nəzər var ki, Həzrət İsanın (ə) doğulan günüdür. Həzrət İsa (ə) qeybdədir. Azərbaycanda, sizin sərəncamınızla təyin edilən harın, qudurmuş məmurlardan heç də yaxşı olmayan adamlar Həzrət İsanı (ə) çarmıxa çəkdilər, Allah isə onu ucaltdı və lazım olanda O (ə) zühur edəcək.
Yazım hidayət xarakterlidir cənab prezident, o dünyada desələr ki, onun ətrafına yığılıb onu alqış edən mollalar – şeyx də başda olmaqla – qafil idilər, bəs sən niyə xatırlatmırdın? Cavab olaraq bu yazım mənə şahid dayanacaq.

Quranın "Məryəm" surəsini oxuyun. 33-cü ayədə Həzrət İsanın (ə) belə buyurduğu zikr edilib: "Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!" Xoş onun halına ki, onun doğulduğu gün sevincdir, salamatçılıqdır, kədər və fəlakət deyil. Xoş onun halına ki, onun öldüyü gün qəmdir, sevinc deyil. Xoş onun halına ki, bir gün qəbirdən qaldırılacağını gözəl bilir.
Cənab prezident, sonda... Bir gün qeyb müddəti başa çatacaq, Həzrət İsa (ə) gələcək. Bu o deməkdir ki, şərr varsa, onun sabahı mütləq bir xeyir gələcək. Buna inanmaq lazımdır. Həzrət İsa (ə) nəinki sizin kimi üzünə neft sürtən varlı, vəzifəli atanın oğlu deyil, ümumiyyətlə dünyaya atasız gəlib, Allahın nuru anasında təcəlli edib. Deməli dünyaya hakim olarkən də, bu hakimiyyəti hazıra nazır mənimsəməyəcək. Zülmlə mübarizə aparacaq, şərrin, fitnənin, fəsadın kökünü kəsəcək, cahanı ədalətlə dolduran Allah ordusunun rəhbəri olan Həzrət Mehdinin (əc) "sağ əli" olacaq. Onun yenidən cahana göndəriləcəyi gün salam və salamatçılığın məzlumların üzərinə nazil edildiyi gündür. O gün sizi təbrik edəcəyəm cənab prezident!

Müntəzir Məhdi


717 dəfə baxılıb
در حال ارسال اطلاعات...