Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2017

İblis (lən) kimlərə bata bilmir?

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-səfər əyyamının bir hissəsi artıq arxada qalmışdır və insanların dünyagörüşündən asılı olaraq, onların bu günlərdən bəhrələnmək imkanları da müxtəlif olmuşdur. Kimisi heç bu məqama diqqət yetirməmiş, gündəlik qayğılarının burulğanında dövr etməklə kifayətlənmişdir, kimisi isə durumuna nəzər salmış, Kərbəla salnaməsini müxtəlif müstəvilərdən təhlil edərək, ruhi-mənəvi islahatlara cəhd etmişdir, kimisi də böyük mənəvi yüksəliş əldə etmiş, axirətini zənginləşdirmiş, İlahi vəzifəsinə yenidən yanaşmışdır. Uca Allahdan duamız budur ki, cəmi insanları mənəvi yüksəlişlərə doğru yönəltsin və işlərinə müvəffəqiyyət əta etsin!

Fitnə nədən başladı

Kərbəla vaqiəsi insanlara bir çox şeyi öyrədir və bunların arasında ən mühüm nöqtə odur ki, ümmət, camiə, toplum özünü fitnələrədən qoruyub saxlamalıdır. Mahiyyətcə, Kərbəla faciəsinin yer almasının səbəbi, Həzrət Peyğəmbərin (s) dünyasının dəyişdikdən sonra ümmətin fitnələrə sinə gərməməsi, İlahi seçimə sayğı ilə yanaşmamasıdır.

Ümumilikdə götürsək, fitnələr - insan toplumunun üzləşə biləcəyi ən böyük təhlükədir. Fitnə həm təsir qoyma baxımından, həm təsirin dərinliyi və çətin aradan qalxması baxımından, həm də zərbənin gözlənilməz və buna görə də, xüsusilə sarsıdıcı xarakterə malik olması baxımından daha təhlükəli xarakterilə səciyyələnir. Zira, xarici təhlükə nə qədər güclü və əzici ola bilsə də, əks təsir doğurma xüsusiyyətinə malikdir və toplumu birləşdirərək, müdafiə olunma durumuna yönəldir. Amma fitnə - sırf daxili bir şeydir və bu səbəbdən də, onu aradan aparmağın, ondan müdafiə olmağın yolları son dərəcədə çətin olur; belə ki, bir sıra hallarda fitnələr hətta məhvedici səciyyə də daşıyır.

Tarixə nəzər salaq. Yazmağı-oxumağı bacaranların sayı barmaqla hesablanacaq qədər məhdud olan Ərəbistan yarımadasında durum birdən-birə köklü surətdə dəyişir. Rəsuli-Əkrəmin (s) və ixlaslı səhabələrinin misilsiz əziyyəti və zəhməti sayəsində nəcib bir İlahi təlim yayılmağa başlayır. İllər ötür və onlarla müsəlmandan ibarət olan kiçik bir qrup, yüzminlərin camiəsinə çevrilir. Yer üzündə yeni bir sivailizasiya meydana gəlir.

Həzrət Rəsulallahın (s) dəvəti sayəsində hisslərin tərbiyəsində əsl bir vücudi təkamül baş verir, böyük sayda insan İlahi dəyərlərə, fitrətindən gələn əxlaq və mənəviyyatına sahib çıxır, cahanda yeni bir estetika və gözəllik duyğularının anlamının nuru şölələnir.

Lakin qısa bir müddət keçir və vəziyyət birdən-birə dəyişilir. Müsəlmanlar əldə etdikləri uğur və nailiyyətlərin böyük bir hissəsini itirirlər. Səbəbi də sadədir və üzdədir - ümmət daxilində müəyyən ünsürlər tərəfindən - əsasən ən axırıncı məqamda İslamı "qəbul edən" Məkkə əyanlarının və düzgünlük, bərabərlik, ədalət kimi prinsiplər üzərində bərqərar olan icmanı imperiya kimi görmək istəyən nadanların hesabına daxildə gizlədilən fitnə-fəsad planları gözərməyə başladı, sonra genişlənib, vüsət alıb alova çevrildi, sonrakı mərhələdə bidətlər rəsmiləşdi və fitnə üstün gəldi.

Bu proseslərin mahiyyətini dərk edib, səbəblərini təhlil etmək - günümüz üçün də fitnələrdən müdafiə olunma mexanizmlərinin qurulmasına xeyli yardım edər.

Kimlərə iblis (lən) bata bilmir?

Ümumiyyətlə, hər bir fitnə əvvəlcə fərd səviyyəsində baş verir, yalnız sonradan qruplaşır, firqələşir, təşəkkül tapmış olur. Odur ki, bir an da olsun süstlük bilməyən lənətlik iblisin insanı haqq yoldan sapdırmaqda, bəşər nəsli ilə düşmənçiliyində güzəşti, keçəcəyi yoxdur.

Bəs iblisin kimə gücü çatmır?

İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə bu mətləb gözəl surətdə açıqlanmışdır: "İblis dedi: 5 kəs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar:

(birincisi) xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalananlardır;

(ikincisi) gecə-gündüz Allaha çox təsbih deyən;

(üçüncüsü) özü üçün bəyəndiyi şeyi mömin qardaşı üçün də bəyənən;

(dördüncüsü) başına müsibət gəldikdə səbrsizlik etməyən;

(beşincisi) Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir.

Ancaq qalan bütün insanlar mənim ovcumun içindədirlər».

Əslində sadalanmış bu beş qrupun kimliyini, necəliyini insan anlasa, nicat durumuna gəlib çata bilər, lənətlik şeytanın şərindən amanda qala bilər. Əvvəla, insanın yalnız Allaha tapınmağı istənilir. İnsanın yalnız Allaha sığınmağı, bütün işlərdə Ona arxalanmağı tövsiyə edilir. Bununla yanaşı, ixlaslı durumun gözəllikləri təqdir edilir. İnsan edə bilər ki, çoxlu-çoxlu gözəl işlər yerinə yetirsin, amma niyyətində azacıq qarışıq olsa - məsələn, bir balaca özünü göstərmək kimi - əməlinin dəyəri itmiş olur. Və əksinə, insan kiçik bir əməl yerinə yetirə bilər, amma bu zaman niyyəti tam xalis olsa - qədərinə baxmadan, əməli Allah dərgahında çox qiymətli hesab ediləndir.

Hədisdə digər amanda qalan qrup kimi gecə-gündüz Allah zikrini edənlər, Allahı xatırlayanlar göstərilmişdir. Bunlar səhər də, axşam da, pis günlərində də, yaxşı günlərində də - hər bir zaman haradan gəldiklərini, harada olduqlarını və haraya gedəcəklərini bir an da belə olsun, unutmayırlar.

Bu sifətlərin - təvəkkül və ixlasın, Allah zikrinin vəhdəti insana nə verir? Xalis niyyətlə Rəbbinə bağlı olan və Rəbbini bir an da olsa unutmayan insan, öz yaradılışının, mövcudiyyətinin, öz təyinatının fəlsəfəsini tam olaraq anlayır və insan olaraq öz vəzifəsini hər zaman həyata keçirir. Rəbbi ilə olmayan insan isə, qəlbində bir boşluq yaradır və lənətlik şeytan bu zəiflikdən istifadə edərək, insanın daxilinə yol tapa bilir.

Çətinlikdə səbr edənlər

Mübarək hədisdə vurğulanır ki, özünə rəva bilmədiyini digərinə rəva bilmək - lənətlik iblisin daxil olduğu qapılardandır. Yalnız özünə qıydığını digərinə qıyan insan, mənəvi və əxlaqi durumunun kamilliyini təzahır edir və iblisin qarşısında sipər çəkir.

Daha sonra diqqətçəkən məqam - insanın həyati sınaq və imtahanlar zamanı təzahır etdirdiyi durumdur. Mahiyyətcə, insanın sınaqlar qarşısında depressiv duruma düşməsi, sınması - onun təvəkkülünün, nəticə etibarilə, imanının zəifliyinə dəlalət edir. Deməli, məhz buradan iblis insana yol tapa bilir, onu çətinliklərin və məşəqqətlərin qarşısında geri çəkilməyə, öz vicdanı və məsləkini sınaqlar qarşısında qurban verməyə sürükləyir. Amma insan çətinliyə düşdükdə, vəziyyətdən çıxmaq üçün var gücünü sərf edib, qalanında da Allaha pənah aparsa - iblisin burada axtaracığı bir şey yoxdur.

Deməli, çətinliklər insanın həqiqi durumunu büruzə verən bir katalizator rolunu oynayır - iman əhlində mövcud olan durum bir qədər də xalisləşir və əksinə - şəkk-şübhə içində olanın ruhiyyəsi daha da acınacaqlı vəziyyətə düşür.

Qismət olan ruzi ilə kifayətlənmək məsələsi də çox önəmlidir. Lənətlik iblisin insana təsir edə bildiyi mövzulardan biri də naşükürlükdür. İslam insanı çalışqanlığa, halal yolla dövlətlənməyə təşviq edir, lakin eyni zamanda mal-dövlət dalınca qaçmağın hədəfə çevrilməsini də çox pisləyir. Burada sağlam özünütənqidlə - öz tənbəlliyindən, səriştəsizliyindən giley-güzar etməklə ruzidən naşükürlüyü fərqləndirmək lazımdır. Dinimizin nəzərində məqbul olan model budur ki, insan dolanışığı üçün əlindən gələni edir, sonrasını da Allahına təvəkkül edir. İlahi məsləhət necə olsa, bunu şükür-nemətliklə qarşılamalıdır.

Bir də önəmli odur ki, bəzən insan ruzinin nə olduğunu unuda bilir. Axı ruzi - Allah tərəfindən qismət edilən bir şeydir. İnsan, əlbəttə, özünü aldada bilər, onun-bunun malını çapıb-talaya, rüşvət ala, haqq basa bilər, bu işlərini "qismətimdir", lruzimdir» deyərək pərdələməyə çalışar - amma bundan mahiyyət dəyişməyəcək ki! Şeytana (lən) uyaraq harama sürüklənən insanın əldə etdiyinin "ruzi" anlayışı ilə heç bir ümumiliyi yoxdur.

Əqidəni necə qorumalı?

Rəsuli-Əkrəm (s) məhz fitnələrin ümmətə edə biləcəkləri təsirilər barədə daima ehtiyatlanmışdı. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbir etdiniz. Ancaq dünya şirin və gözoxşayandır".

Dinimiz dünyanın aldadacı cazibərdarlığı barədə iman əhlinə xəbərdarlıq edir. Çətinlik və sınaqlar bir çoxlarını bərkitdiyi zaman, firavanlıq şəraitində insanda unutqanlığa və xudpəsəndliyə, təkəbbürə, cılızlıq kimi xislətlərə qarşı qəlbi zəiflik yarana bilir, intriqalara doğru meyillənmə əmələ gəlir.

Vaxtilə öz cazibəsilə dünyaları fəth edən İslam sivilizasiyası, "xəlifə" adlandırılan şahənşah qəsbkarların Peyğəmbərin (s) tövsiyələrinə xəyanət etməsi nəticəsində əsaslı şəkildə deformasiyaya uğramaq təhlükəsi ilə üz-üzə qaldı. İş o yerə çatdı ki, qısa bir zamanda ümmətin böyük bir hissəsi həqiqi müsəlmanlıqdan çox-çox uzaq düşmüş, İmamların (ə) təqib olunmasına, şəhid edilməsinə belə laqeyd münasibət bəslənməyədək tənəzzülə uğramışdı. Bu əlaqədə Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar".

Çox acınacaqlı məqama toxunulur mübarək hədisdə. Böyük-böyük sərvətlər ələ keçirib vicdanının ayaq altına atanlar bir yana, bir çoxları azacıq tör-töküntüyə görə zatlarını, əqidələrini hərraca qoyurlar. Günümüz də əfsus ki, belə nümunələrlə boldur. Hətta əqidəsini satmağının müqabilində insana dünyaları versələr də, xəyanət etdiyi təqdirdə uduzmuşlardan olur, çünki Mütəal Allah dünyanı keçid xarakterli bir məkan qərar vermişdir və müvəqqəti 10-15 illik "firavanlığa" xatir əbədi zillətə düşmək - ən azı ağılsızlıqdır.

İblisin vəs-vəsələrinə təslim olaraq, əqidəsini azacıq mal müqabilində tapdamamaq üçün, insan haradan gəldiyi, harada olduğu və haraya gedəcəyi barədə düşünməli, ötəri mövzuların bataqlıqtək özünə çəkə bilən təhlükəsindən qorunmalıdır. İnsan unutmamalıdır ki, Allah Təala onu azad yaradıb və azadəliyini heç nəyə qurban verməməlidir.

Qaranlıqları yaran insanlar

Buna rəğmən, elə qrup insanlar var ki, dənizdə mayak tək insan toplumunun yolunu işıqlandırır, fitnələri əridirlər. Peyğəmbəri-Əkrəm (s) belələri barədə buyurmuşdur: lXoş olsun muxlislərin halına! Onlar doğru yolun çırağıdırlar və hər bir qaranlıq fitnə onlardan götürülür».

İxlaslı insanlara nəinki iblis lənətlik bir şey edə bilir, onlar özlərini qorumaqla yanaşı, digərləri üçün də həqiqi yolu göstərir, fitnələrin aradan getməsinə vasitəçi olurlar.

Eyni zamanda dinimiz həqiqi elmin də fitnənin qarşısını alan möhkəm bir amil olduğunu vurğulayır. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı kimi çıxacaq və gündüzünü kafir kimi axşama çatdıracaq. Yalnız Allah Təalanın elmlə diri saxladığı şəxslərdən başqa".

Cahil qəlblər fitnə üçün ən münbit zəmin olduğu halda, dinimizin elmlənmək barədə tövsiyələrinə riayət edən insan, bu mərəzlərə sinə gərmək iqtidarında olur.

Digər bir hədisdə Həzrət Rəsulullahdan (s) nəql edirlər: "Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onun üçün fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar".

Dinimiz bildirir ki, təqva yolunu tutan - günah və eybəcərliklərdən çəkinən və gözəlliklərə doğru can atan insan fitnə burulğanında boğulmaz, mütləq nicat yolunu tapar. Allah Təala cəmi insanları təqva yolunu seçənlərdən qərar versin, inşəallah!

Allah