Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2017

Arxiv, seçki, nazir, bir də Mübariz müəllimin nəzir qutuları

Adi vaxtlarda jurnalistin "aparatından" qorxan məktəb müəlliməsi seçki günündə jurnalistin üstünə elə bağırır ki, doğrunun bağrı yarılır.
Xəbərdə deyilir ki, DQDK sədri Mübariz müəllim jurnalistləri başına toplayıb konfrans iyi verən bir şey düzəldib. Özü də Şeyxülislama deyiblər ki, gəlin bundan sonra nəzir qutularını jurnalistlərlə birlikdə açaq. Məqsəd odur ki, qoy hamı görsün ki, nəzir qutularına əslində pul yığılmır və imamlar (məscid axundları) maaşla dolanmalıdır. Yəni, qısası, nəzir qutularının ümidinə qalsa onda gərək mollalar ac qalsın.
Əlbəttə, Mübariz Qurbanlı kimi bir adam bundan artıq nə etməlidir ki? Adamın dini savadı yoxdur ki, hərdən bir nazirlərə moizə eləsin, yaxud oturub samballı bir kitab yazsın. Ondan elə çıxsa-çıxsa bu cür işlər çıxar.
Bu iş Şeyxülislama hər tərəfli sərf edir. Nəzir qutusundan nazirin "qutusundan" çıxan qədər pul çıxsa, Şeyxülislam rahatlıqla deyəcək ki, baxın mən o pulların bir qara qəpiyinə də dəymirəm, hamısı qalıb qutuların içində, di buyurun gəlin gedək kasıblara paylayaq. Yox əgər nəzir qutusundan bir qara qəpik də çıxmasa yenə şeyxülislam deyəcək ki, ə bə nooldu, şeytana uyub suyi-zənn edib deyirdiz ki, QMİ nəzir pullarını xımır xımır yeyir, kasıblar acından ölür. Necə oldu bə? Heç qutuda pul var ki? Doğrudan da, kasıb camaatda pul var ki, hələ bir nəzir də atsın? Bir də ki, Mübariz Qurbanlıya deyən lazımdır ki, siz nə vaxt nəzir-niyaz haqda camaata efirdən təbliğat apardınız ki, camaat bilsin, nəzir atsın?
Hər iki halda Şeyxülislama şəxsən bu iş sərf edir, o, bununla itirmiş olduğu etibarını qismən də olsa qazana biləcək. (Deyəsən Mübariz Qurbanlı elə Şeyxülislama işləyir. Doğrusu onunla yola getsə yaxşıdır)
Amma Mübariz müəllim bilməlidir ki, bu ölkədə açılmalı o qədər qutu var. Məsələn, dövlətin arxiv qutusu açılsa, çox adamın başı ağrıyacaq. Arxiv idarəsi bəlkə bu qutunun açarını Xəzərdə balıqlara yem edib. Etsin də, onsuz balıq bilməsə də onu Xaliq bilir. Uzağı ölənə qədər Xaliqdən qaça biləcəksiz. Seçki qutusu da var, amma onu da Məzahir Pənahov həmişə aparıb evində açır. Nazir, məmur qutuları da var. Əgər hörmətli məhkəmə bacarsa metro Tağının yerin altında gizlətdiyi və Akif Çovdarovun onu qazıb çıxarmağa çalışdığı qutunu gətirərlər məhkəmə salonuna. (Mən hələ hələlik "zibillərini" qutularda gizlədən o biri nazir və məmurlardan danışmıram. Məsələn, Kəmaləddinin fövqəladə bir qutusu var, gəl görəsən)
Mübariz Qurbanlısa fikirləşib ki, onsuz da məmurlar məhkəmələrdə sandıqları açıb pambıqları tökürlər. Akif Çovdarov, metro Tağı, nə bilim bank müdiri və s. Mübariz müəllimə qalan nəzir qutularını açmaq olub. Özü də işə bax ki, qutunu jurnalistlərlə birlikdə açırlar. Əcəb ölkədə yaşayırıq, seçki qutusunu jurnalistlərlə açmağa "duxları" çatmayan ünsürlərin gücü mollalara çatır. Onsuz da məlumdur ki, QMİ xalq qarşısında etibarını itirib, heç onların qutusuna inanmıram nəzir atan olar. Bir də ki, benzin bahalaşandan sonra heç bir faiz ehtimal da qalmır. Deməyin ki, benzinin nəzirə nə dəxli var? Dəxli var, özü də çox böyük dəxli var. Məsələn, Sumqayıtdan basa-basa Bakıdakı Bibiheybət ziyarətgahına maşınla gəlməyə hazırlaşan vətəndaş əvvəl nəzir qutusuna pul atırdısa, indi o pulu bahalaşan benzin pulunun üstünə qoyacaq ki, yazıq gedib yari yolda benzini qurtarıb qalmasın.
Hər şey bir yana, jurnalistlərə lap yazığım gəldi. "Dördüncü hakimiyət" adlandırılan insanlar görün nə gündədir bizim ölkəmizdə. Bunları seçki məntəqələrinə buraxmırlar ki, gedib oradakı "karusel" əməliyyatlarını çəkib xalqa göstərərlər, üstəlik seçki qutuları açılan zaman heç qutunun həndəvərinə də buraxmırlar. Adi vaxtlarda jurnalistin "aparatından" qorxan məktəb müəlliməsi seçki günündə jurnalistin üstünə elə bağırır ki, doğrunun bağrı yarılır. Belə də ki, əcəb olur bu jurnalistlərə, getməsinlər, iştirak eləməsinlər, boykot eləsinlər Mübariz müəllimin sərsəm təklifini. Amma nə etsin Bəxtiyar Sadıqov, Rauf Arifoğlu (tədbirdə iştirak da ediblər) kimi "İftira" cəridəsinin (qəzetinin) məşhur mühərriri (yazarı) olan Mirzə Mahmud ("Ac həriflər" tamaşasındakı iftiraçı, rüşvətxor personaj) təsiri bağışlayan jurnalistlər? Yazıqlar sonra dövlətdən jurnal-qəzetləri, yazarları üçün pul ala bilməyəcəklər. (Deyirlər Bəxtiyar Sadıqovun şor xiyar iyi verən qəzetinin cəmi-cümi bir dənə işçisi var, o da özüdür) Dövlət də bunların pulu kəssə onun əvəzinə Şeyxülislamdan Allahın bir qara qəpiyini də qopara bilməyəcəklərini də yüz fazi bilirlər. Ona görə də salamatı "ayıya dayı deginən işin keçsin" məsələsidir.

P.S. Əslində yaxşı təklifdir, gərək Bəxtiyarla Arifoğlu öz qəzetlərinin şüarını belə qoysunlar: Ayıya dayı deginən, işin keçsin. Onsuz da bu prinsiplərlə yaşayırlar.


433 dəfə baxılıb
در حال ارسال اطلاعات...