Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2017

Bəşər Əsədi lənətləyən Zamin Hacının sonrakı ağlı

Müsavat qəzetində demək olar ki, hər gün məqaləsi çap olunan yeganə Zamin Hacıdır. Qəzetin saytındakı xəbərlərə göz atanda qarşıma “Bu pişik qara pişik” yazısı çıxdı. Yadıma bu barədə köhnə meyxanaçıların bir meyxanası düşdü. Qafiyəsi eyniylə bu cür idi: bu pişik qarə pişik.
Zamin Hacının məqaləsi imiş sən demə, 7 iyulda çap olunub. Necə deyərlər isti-isti, yenicə zavoddan çıxıb. Bir qədər oxudum. Kişi məqaləsində açıq-aşkar Bəşər Əsədi lənətləyərək yazır: “Ətrafımıza baxın, görün Suriya nə gündədir. Balaca uşaqları öldürürlər. Bəşər Əsədə lənət olsun.” Əlbəttə, Zamin Hacı isti evində oturub Bəşər Əsədi ürəyi istədiyi qədər lənətləyə bilər. Buna cürəti çatar. Deməzdim o YAP-dan qorxur, heç İlham Əliyevin ünvanına ən yüngül tənqid belə söyləyə bilməz. Adamın Allahı var (deyərkən, Zamin Hacını nəzərdə tutmuram), kişi “yapistlər” sözünü çox işlədib, bəlkə mənim yaşım qədər də dövlət idarələrinə “nəsihətə” çağrılıb. Bu gün Müsavat qəzetini 100 faiz yaltaq qəzet kimi tanımırlarsa, bəlkə də Zaminin cəsarətli yazılarına görədir.
Amma açığı deyim ki. Zamin Hacının gündə çap olunan yazılarının heç də hamısı o qədər də dəyərli deyil. Adam yumor yolunu tutub, felyetona oxşar yazılarıyla xalqın dərdindən yazır. Bəlkə də özünü Mirzə Cəlil, Müsavat qəzetini “Molla Nəsrəddin” hesab edir, bilmirəm, amma onu bilirəm ki, bir insanın gündə yazısı çap olunursa görünür maddi sıxıntısı var. Yoxsa gündə çap olunan yazıların heç olmasa tən yarısı sadəcə söz yığını ola bilər. (Elə Zaminin məqalələri fonunda biz bu iddiamızı sübut edə bilərik) Ya da ki, kişinin fövqəladə təbi, dünyagörüşü var. Başqa ehtimal da budur ki, adam gündə yazı çap etməklə özünü müalicə edir, ürəyi doludur, ürəyini sətirlərə boşaldır, camaatın baş-beynini aparır, təki ürəyində qalıb qaxsımasın. Lap əcəb edir.
Amma Bəşar əsədlə bağlı ona bir-iki sual vermək istərdim. Əgər məqaləni oxuyacaqsa deməyə sözü olacaqsa buyursun. Məlumdur, Müsavat qəzeti qərbpərəstdir, Qərb dövlətlərindən daha çox Müsavat qəzeti Əsədin devrilməsini istəyir. Amma Zamin müstəqil fikirli adamdır. Ona qəzet tərəfindən yaxud elə öz tərəfindən yazılarında müəyyən senzura qoyula bilər. Amma yazdığı fikirlərdə müstəqil olması açıqdır. Bəşəri sevməməkdə də azaddır. Kimsə ona gəl Bəşəri sev deyə bilməz. Suallara gəlincə elə də çətin deyil.

1. Zamin Hacı görəsən nə fikirləşir? Vahhabi İŞİD əleyhinə Bəşər Əsəd dəstəklənməyə layiq deyilmi? Heç olmasa pisdir-pisdir, İŞİD-dən də pisdir? Axı İŞİD bəlasına qarşı təkcə Bəşər vuruşmur, sizin gecə-gündüz öydüyünüz Türkiyə də İŞİD-ə qarşı vuruşur. (Hətta güya sözdə bütün dünya İŞİD-ə qarşı vuruşur)

2. Suriyada uşaqlar ölürsə və bu işdə Bəşər Əsədin günahı varsa, İŞİD heçmi günahkar deyil? Əgər günahkardırsa niyə tez-tez Bəşər Əsədi yad etdiyiniz halda bir dəfə İŞİD-i yad etmirsiz.

3. Yox əgər İŞİD-i də yad edirsinizsə nə üçün eyni məqalədə Bəşəri lənətləyərkən İŞİD-in də ünvanına bir şey yazmırsız?

4. Bəşər Əsəd nə üçün torpaqlarını, hakimiyyətini avropalılara qapdırmalıdır. Məgər siz səmimi inqilabın tərəfdarı deyilsiniz? Yoxsa istəyirsiniz inqilablar Azərbaycana Avropadan gəlsin. Əgər belədirsə onda nə fərqi var sizin üçün ya Avropa, ya Rus, nəhayətdə heç biri milli ünsür deyil.

5. Bəşər Əsədə qarşı ilk əvvəl bəzi yerli insanlar etirazlar etdi. Bunu danmırıq. Özü də danmır. Daha sonra Suriya bayrağının üst rəngini yaşıl edib güya İslam dövləti qurma kimi bir xəyallara qapılmalar, ondan sonra vahhabi-ərəb müftilərinin ABŞı-ın əmriylə verilən fətvaları, daha sonralarda güya cinlərin Əsədin üzərinə göndərilməsi, indi də bu İŞİD oyunu sizə onu deməyə əsas vermirmi ki, Bəşər Əsədi devirmək istəyənlər xalq deyil, yadellilərdir.

6. Bu gün Bəşəri devirmək istəyən İŞİD-dirsə - Allah eləməsin - devirdikdən sonra “İslam dövləti” yaradacaqlar. Hansı ki, şəxsən sən Zamin Hacı İslam dövləti olan İranın əleyhinəsən. Onda elə İŞİD-i də məhkum elə də. Yox əgər devirmək istəyənlər Avropadırsa, görmürsən ki, onlar islamın dostu deyillər, olsalar İranın çöküşünü arzu eləməzdilər.

Suallar hələlik bu qədər bəsdir. Amma demək istədiyim bir məsələ ondan ibarətdir ki, yazımın başlığının Bəşərə dəxli yoxdur. (Hərçənd Bəşər mövzusunda da Zamin Hacı sonralar düşünəcək) İndi gələk başlıq məsələsinə. Deməli, deyirlər bəzilərinin dilinə düşən “müsəlmanın sonrakı ağlı” misalını ermənilər icad edib. Bilmirəm dəqiq. Amma məqsəd budur ki, yəni müsəlman tez tələsib qərar verməsəydi, sonradan düşünüb daha yaxşı qərar verə bilərdi. Dini terminologiya da buna səbr də deyirlər ki, İslamın insanları dəvət etdiyi mövzulardandır.
Zamin Hacının əqidəsiylə işim yoxdur, amma gərək böyük ziyalımız, dahi alimimiz Rafiq Əliyevin öz elmi məqalələrində dini motivlərə yer verməsindən narahat olub ona “ilişəndə” hərdən bir öz yazılarına da baxsın. Yaxud dini kitablar oxumur, onları mövhümat hesab edirsənsə heç olmasa bu sualı özünə ver: yəni sənin yazılarından da dəyərsiz oldu?
Məqaləmin başlığını niyə belə qoydum? Çünki sözü gedən “pişik” yazısında Zamin Hacı bir idarəyə zəng vurduğundan yazır. Yazıb da gileylənir və yazının bir yerində işlətdiyi cümləyə baxın: “Əlbəttə, xanım qəşəng anlayır ki, adını desə, mən bunu sabah hardasa adıyla yazıb tənqid edərəm... Ad yox, bilinmir qanunu pozan, zəhmətkeşi qapılara salan kimdir.” Bu sözləri yazmazdan öncə adam deyir idarəyə zəng vurmuşam. İdarədən 10 rəqəmli nömrə veriblər mənə. Ora zəng vururam dəstəyi götürmürlər. Zamin Hacının sonrakı ağlı olsaydı, yəni bir qədər səbr edib düşünsəydi, məqaləyə mövzu olsun məqsədiylə tələsik yazı yazmasaydı, oturub düşünər, heç olmasa bu qərara gələrdi ki, zəng vurduğu ilk idarənin, adını verməyən xanımın danışdığı yerin nömrəsini və zəng vurduğu günün tarixini, saatını qeyd edərdi. Sonra həmin on rəqəmini yazardı. Yəni zülmü ifşa etmək istəyən bunları ən azından edib xalqın vicdanına, yaxud dövlətin ixtiyarına qoyardı. Ya da məqaləni yazıb qurtarandan sonra bu işin üstünə düşərdi. Amma onun bəlkə də hazırkı ağlı ona bu qədərini düşünməyə imkan vermir. Hə, əgər qorxuram, utanıram, istəmirəm deyirsə, onda məqalədə özünü göstərməyə nə hacət var? Və bu cür bir insan Bəşər Əsədi niyə lənətləyir anlamıram.
Burada yeni bir atalar sözü qoşmaq olar (özü də Zamin Hacı özündən atalar sözləri uydurmaqda da mahirdir): Zamin Hacının sonrakı ağllı!


2530 dəfə baxılıb