Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2020

General-polkovnik Şəhid Qasim Süleymaninin dini-siyasi vəsiyyətnaməsi




















Mərhəmətli və Rəhmli Allahın adı ilə

Dini inanclar
Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur! Şəhadət verirəm ki, Məhəmməd (s) Onun elçisidir! Şəhadət verirəm ki, möminlər əmiri Əli ibn Əbu-Talib və məsum övladları on iki məsum imamımız və Allahın höccətləridir.
Şəhadət verirəm ki, qiyamət haqdır; Quran haqdır; cənnət və cəhənnəm haqdır; sual və cavab haqdır; məad, ədalət, imamət və nübüvvət haqdır.

İlahi, nemətlərinə görə Sənə şükür edirəm
İlahi! Sənə şükür edirəm ki, məni əsrlərlə bir beldən digərinə köçürdün, elə bir zamanda yaşamama icazə verdin ki, məsumlara yaxın olan ən görkəmli övliyalarından biri olmuş saleh bəndən Böyük Xomeynini görmək, onun əsgəri olmaq imkanı qazandım. Böyük peyğəmbərin Məhəmməd Mustafanın səhabəsi olmaq mənə qismət olmasa da, Əli ibn Əbu-Talibin, onun məsum və məzlum övladlarının məzlumluq çağında yaşaya bilməsəm də, mənə elə bir yol nəsib etdin ki, onlar dünyanın və yaranışın canı olan canlarını məhz həmin yolda qurban vermişdilər.
İlahi! Sənə şükür edirəm ki, saleh bəndən əziz Xomeynidən sonra məni məzlumluğu salehliyindən də böyük olan başqa bir saleh bəndənin - İslamın, Şiəliyin, İranın və siyasi İslam dünyasının bugünkü hikmət sahibi olan əziz Xameneinin - canım ona fəda olsun – yoluna yönəltdin.
İlahi! Sənə şükür edirəm ki, məni ən yaxşı bəndələrinə yoldaş etdin, mənə bu yolun mücahid və şəhidlərinin cənnət yanaqlarından öpməyi, ilahi ətirlərini duymağı qismət etdin.
İlahi! Ey Məğlubedilməz, Qüdrətli! Ey Ruzi verən, Rəhmli! Xəcalətli şükür alnımı dərgahında yerə qoyuram ki, məni Şiə məzhəbinə - pak Fatimənin (ə) övladlarının yoluna, həqiqi İslam ətrinə yönəltdin, Əli (ə) və Fatimənin (ə) övladları üçün göz yaşından bəhrələndirdin. Bu, ən böyük və ən dəyərli nemətindir. Bu nemətdə nur və mənəviyyat var, daxilində ən yaxşı rahatlıq olan qərarsızlıq, hüzur və mənəviyyat olan kədər var.
İlahi! Sənə şükür olsun ki, mənə yoxsul, amma dindar, Əhli-beytə aşiq və həmişə təmiz yolda olmuş ata və ana nəsib etdin. Səndən aciz şəkildə istəyirəm ki, onları cənnətində öz övliyalarına yoldaş edəsən, axirətdə onları görməyi mənə nəsib edəsən.

İlahi, Sənin əfvinə ümid bəsləyirəm
Ey əziz Allah! Ey hikmətli və bənzərsiz Xaliq! Əlim boş, səfər çantam azuqəsiz halda, Sənin əfv və kərəm ziyafətinə ümidlə gəlirəm. Özümlə heç nə götürməmişəm; çünki yoxsul çox səxavətli birinin yanına gedirsə, azuqəyə nə ehtiyacı var?!
Boğçam Sənin lütf və kərəminə ümidlə doludur. Özümlə iki bağlı göz gətirmişəm, bütün günahlarına baxmayaraq, dəyərli bir cəvahirləri var və o, Fatimə Hüseyninə tökdüyü göz yaşlarıdır - Əhli-beyt üçün, məzlumu və yetimi müdafiə üçün, zalımın caynağında qalmış zavallı məzlumu müdafiə üçün axan göz yaşlarından ibarət gövhərdir.


İlahi! Əllərimdə heç nə yoxdur; nə verməyə bir şeyi var, nə müdafiəyə gücü. Lakin gətirdiyim bir şeyə ümidim var və o, həmin əllərin həmişə Sənə doğru uzanmasıdır. Onları bəzən Sənə sarı qaldırmışam, bəzən Səndən ötrü yerə və dizimə qoymuşam, bəzən dinini müdafiə etmək üçün onlarla silah tutmuşam. Əllərimin sərvəti bunlardır, ümidvaram ki, qəbul edəsən.
İlahi! Ayaqlarım gücsüz, taqətsiz, cəhənnəmdən keçən körpünü qət etməyə cəsarətsizdir. Adi körpüdə ayaqlarım əsir, vay olsun mənə, sənin Siratın tükdən nazik, xəncərdən itidir. Lakin bir ümid mənə təskinlik verir, xilas olacağıma ehtimal yaradır. Mən bu ayaqlarımla Sənin hərəminə qədəm qoymuşam, evinin ətrafına fırlanmışam, övliyalarının məqbərəsində, Hüseyn və Abbasının beynəl-hərəmeynində ayaqyalın gəzmişəm. Uzun səngərlərdə bu ayaqları bükmüşəm, dini müdafiə etmək üçün onlarla qaçmışam, hoppanmışam, sürünmüşəm, gülmüş-güldürmüş, ağlamış-ağlatmış, yıxılıb-qalxmışam. Ümidvaram ki, o hoppanmalara, sürünmələrə və o məqbərələrin hörmətinə onları bağışlayasan!
İlahi! Mənim başım, ağlım, dodağım, burnum, qulağım, qəlbim - bütün bədən üzvlərim bu ümidlə yaşayır. Ey Rəhmlilərin rəhmlisi! Məni qəbul et; pak qəbul et; elə qəbul et ki, görüşünə layiq olum. Sənin görüşündən başqa bir şey istəmirəm. Mənim cənnətim Sənin dərgahındır, ey Allah!

İlahi, dostların karvanından geri qalmışam
İlahi! Ey Əziz! Mən illərdir bir karvandan geri qalmışam. Həmişə bəzi şəxsləri ona göndərmişəm, amma özüm geri qalmışam. Lakin bilirsən ki, onları heç vaxt unutmamışam, həmişə yad etmişəm, adlarını beynimdə yox, hətta qəlbimdə, gözlərimdə göz yaşlarımla və sızıltımla yad etmişəm.
Mənim əzizim! Cismim əlil olmaq üzrədir. Necə ola bilər ki, 40 il qapında dayanmış birini qəbul etməyəsən?! Mənim Xaliqim! Mənim sevimlim! Mənim eşqim! Həmişə istəmişəm ki, bütün vücudumu Özünə eşqlə doldurasan. Məni öz firaqınla yandır və öldür!
Əzizim! Mən geri qalmağın qərarsızlığından və rüsvaylığından çöllərə üz tutmuşam. Mən yay-qış ümidlə bu şəhərdən o şəhərə, bu səhradan o səhraya gedirəm. Kərim! Həbib! Kərəminə könül vermişəm. Bilirsən ki, Səni sevirəm. Yaxşı bilirsən ki, Səndən başqa bir şey istəmirəm. Məni özünə qovuşdur!
İlahi! Qorxu bütün vücudumu bürüyüb. Nəfsimi ram etməyə qadir deyiləm. Məni rüsvay eləmə! Hörmətlərini özünə vacib etdiyin şəxslərin hörmətinə, onlara toxunan bir hörmət sındırmazdan öncə məni Sənə doğru getmiş karvana yetir.
Mənim məbudum! Mənim eşqim və məşuqum! Səni sevirəm. Səni dəfələrlə görmüş, hiss etmişəm. Səndən ayrı qala bilmirəm. Artıq yetər. Məni qəbul et, amma Sənə layiq olduğum halda.

Mücahid qardaş və bacılarıma
Bu dünyadakı mücahid bacı və qardaşlarım! Başlarını Allaha birovuz vermiş, canlarını ovuclarında tutmuş və eşq bazarına satışa çıxmış şəxslər! Diqqətli olun: İslam Respublikası İslamın və Şiəliyin mərkəzidir. Bu gün Hüseyn ibn Əlinin (ə) qərargahı İrandır. Bilin ki, İslam Respublikası hərəmdir və bu hərəm qalsa, digər hərəmlər də qalacaq. Əgər düşmən bu hərəmi sıradan çıxarsa, daha hərəm qalmayacaq; nə İbrahim hərəmi, nə Məhəmməd hərəmi.
Qardaş və bacılar! İslam dünyasının həmişə rəhbərliyə ehtiyacı var; şəriət və fiqh nöqteyi-nəzərindən məsum tərəfindən təyin olunan və məsuma birləşik olan rəhbərliyə. Yaxşı bilirsiniz ki, dünyanı silkələmiş və İslamı dirçəltmiş ən pak din alimimiz, yəni böyük və pak Xomeynimiz vilayəti-fəqihi ümmətin yeganə xilas nüsxəsi adlandırmışdır. Ey ona şiə kimi dini baxımdan, ya da sünni kimi əqli baxımdan inananlar! Hər bir ixtilafdan uzaq halda, İslamın xilası naminə vilayət çadırını tərk etməyin. Çadır peyğəmbər çadırıdır. Dünyanın İslam Respublikasına qarşı düşmənlikdə əsas planı bu çadırı yandırmaq, uçurmaqdır. Onun ətrafında olun. And olsun Allaha! And olsun Allaha! And olsun Allaha! Bu çadır xəsarət alsa, Allahın müqəddəs evi, Allah rəsulunun evi olan Mədinə, Nəcəf, Kərbəla, Kazimeyn, Samərra və Məşhəd qalmaz, Quran xəsarət alar.

İranlı qardaş və bacılarıma
Mənim əziz iranlı qardaş və bacılarım! Ey şərəfli və başıuca xalq! Mənim canım kimi minlərlə can sizə fəda olsun! Necə ki, siz yüz minlərlə canı İslama və İrana fəda etmisiniz. Prinsiplərinizi qoruyun. Prinsiplər fəqih rəhbərdən, xüsusən də bu dahi məzlum, dində, fiqhdə, irfanda və mərifətdə öncül şəxsdir. Əziz Xameneini canınızın əzizi bilin, hörmətini müqəddəslərin hörməti sayın.
Mənim qardaş və bacılarım, ata və analarım, əzizlərim!
Bu gün İslam respublikası özünün ən əzəmətli dövrünü yaşayır. Bilin ki, düşmənin sizə necə baxması önəmli deyil. Düşmən Peyğəmbərə necə baxırdı, Allahın rəsulu və övladları ilə necə rəftar edirdi, ona necə böhtanlar atır, pak övladları ilə necə rəftar edirdilər?! Düşmənlərin məzəmməti, rişxəndi və təzyiqi sizi bir-birinizdən ayırmasın! Bilirsiniz ki, əziz Xomeyninin ən mühüm hünəri bu idi: O, əvvəlcə İslamı İranın köməyinə gətirdi, sonra İranı İslama xidmətçi elədi. İslam olmasaydı, bu xalqa İslam ruhu hakim olmasaydı, Səddam yırtıcı canavar kimi bu ölkəni parçalayardı; Amerika quduz it kimi həmin işi görərdi. Lakin imam İslamı dayaq etdi, aşura, məhərrəm, səfər və fatimiyyə bu xalqa arxa durdu, inqilabda inqilablar yaratdı. Bu səbəbdən hər dönəmdə minlərlə fədakar can özünü sizə, İran xalqına, İran və İslam torpağına qurban vermiş, ən böyük maddi gücləri xar etmişdir. Əzizlərim! Prinsiplərdə ixtilafa getməyin.
Şəhidlər hamımızın şərafət və başucalığı səbəbidır. Onlar həmişəlik Uca Allahın sonsuz dəryasına birləşmişlər. Öz gözlərinizdə, ürək və dillərinizdə onları böyük görün, olduqları kimi. Övladlarınızı onların adları və şəkilləri ilə tanış edin. Hamınızın yetimləri olan şəhid övladlarına hörmətlə baxın, onların həyat yoldaşarına, ata-analarına hörmət edin. Öz övladlarınızın səhvlərinə göz yumduğunuz kimi, ata-analarının, həyat yoldaşlarının və övladlarının yoxluğunda onlara xüsusi diqqət ayırın.
Bu gün sizi, məzhəbinizi, İslamı və ölkəni müdafiə etdiklərinə görə fəqih rəhbərin Baş komandanlıq etdiyi silahlı qüvvələrinizə hörmət edin. Silahlı qüvvələr xalqı, onların namusunu öz evlərini qoruduqları kimi qorumalı, dəstəkləyib hörmət etməlidirlər. Təqvalılar mövlası Əmirəlmömininin (ə) buyurduğu kimi, silahlı qüvvələr xalqın şərəf və ucalıq amili, məzlumların və xalqın qalası, sığınacaq yeri, ölkənin zinəti olmalıdırlar.

Əziz Kirman əhalisinə
Əziz Kirman əhalisinə bir məqamı xatırladacağam. Onlar sevimli insanlardır, səkkizillik müqəddəs müdafiə zamanı ən böyük fədakarlıqları göstərmiş, İslama çox dəyərli komandir və mücahidlər təqdim etmişlər. Mən həmişə onlardan xəcalətli qaldım. Onlar İslama görə səkkiz il mənə inanıb övladlarını Kərbəla-5, Vəlfəcr-8, Qüds yolu, Fəthülmübin, Beytülmüqəddəs və digər ağır döyüşlərə yollamışlar, məzlum İmam Hüseyn ibn Əlinin eşqilə Sarəllah adlı böyük və dəyərli bir diviziya yaratmışlar. Bu diviziya kəsərli qılınc kimi dəfələrlə xalqımızın və müsəlmanların qəlbini sevindirmiş, kədərini aradan qaldırmışdır.
Əzizlərim! Mən artıq ilahi təqdirlə sizin aranızdan getmişəm. Mən sizi öz ata-anamdan, övladlarımdan, bacı və qardaşlarımdan çox sevirəm. Çünki onlardan çox sizinlə bir yerdə olmuşam. Üstəlik, mən onların, onlar da mənim ürəy parçam olsalar da, varlığımı sizə və İran xalqına nəzir etdiyimi qəbul etmişlər.
Kirmanın həmişə, sonadək vilayətə sadiq qalmasını istəyirəm. Bu vilayət Əli ibn Əbu-Talibin vilayəti, bu çadır Fatimə Hüseyninin çadırıdır. Onun başına dolanın. Sizin hamınızlayam. Bilirsiniz ki, həyatda siyasi rənglərdən çox insanlığa, duyğu və fitrətlərə fikir vermişəm. Məni özünüzdən bildiyinizə, qardaşınız və övladınız saydığınıza görə hamınıza müraciət edirəm.
Vəsiyyət edirəm ki, bu dönəmdə İslam inqilabı və İslam respublikasında tərənnüm olunmuş İslamı tənha qoymayın. İslamı müdafiə üçün xüsusi diqqət və sayıqlığa ehtiyac var. Siyasi məsələlərdə mövzu İslam, İslam Respublikası, müqəddəslər və vilayəti-fəqih olduqda bilin ki, bunlar ilahi rənglərdir və ilahi rəngi hər bir rəngdən üstün tutun.

Şəhid ailələrinə müraciət
Övladlarım! Qız və oğullarım! Şəhid övladları! Şəhidlərin ata və anaları! Ey ölkəmizin nurlu çıraqları! Şəhidlərin vəfalı və dindar bacı-qardaşları və həyat yoldaşları! Bu dünyada Quran səsi kimi rahatlıq tapdığım, özümə ən böyük mənəvi dayaq bildiyim səs bəzən hər gün ünsiyyətdə olduğum şəhid övladlarının, vücudlarında ata-anamı hiss etdiyim şəhid valideynlərinin səsi idi.
Əzizlərim! Nə qədər ki, bu xalqın öncüllərisiniz, öz qədrinizi bilin, şəhidinizi özünüzdə yaşadın. Qoy sizi görən hər kəs şəhidin özünü - mənəviyyatını, möhkəmliyini və digər xüsusiyyətlərini hiss etsin!
Xahiş edirəm haqqınızı halal edin və məni bağışlayın. Mən çoxunuzun, hətta şəhid övladlarınızın da haqqını tam ödəyə bilmədim. Tövbə edir və əfv diləyirəm.
İstəyirəm ki, cənazəmi şəhid övladları çiyinlərinə götürsünlər. Bəlkə onların pak əlləri sayəsində Allah Öz lütfünü mənə şamil edər.

Ölkə siyasilərinə müraciət
Ölkə siyasilərinə qısa bir sözüm var; həm özlərini islahatçı adlandıranlara, həm də mühafizəkar adlandıranlara. Həmişə əziyyət çəkmişəm ki, biz ümumilikdə bəzən Allahı, Quranı, dəyərləri unudur, hətta qurban veririk.
Əzizlərim! Bir-birinizlə rəqabət apararkən, mübahisə edərkən əməliniz, sözünüz, diskussiyanız hər hansı şəkildə dini və inqilabı zəiflətsə, bilin ki, əziz İslam Peyğəmbərinin və bu yolun şəhidlərinin qəzəbinə gəlmisiniz. Sərhədləri ayırın. Bir olmaq istəyirsinizsə, birliyin şərti prinsiplər üzərində açıq konsensusa gəlməkdir. Prinsiplər çox deyil, bir neçə əsas məsələdən ibarətdir:
1 – Onların biri vilayəti-fəqihə əməli etiqaddır; yəni onun nəsihətlərini eşidin, əsl dini və elmi təbib kimi tövsiyə və tapşırıqlarına ürəkdən əməl edin. İslam Respublikasında vəzifə qəbul etmənin əsas şərti vilayəti-fəqiqə etiqad və əməldir. Mən nə təndir vilayəti deyirəm, nə də qanuni vilayət. Bunların heç biri vəhdəti həll etmir. Qanuni vilayət müsəlman və qeyri-müsəlman olan bütün xalqa aiddir. Əməli vilayət isə ölkənin, özü də şəhid vermiş bir İslam ölkəsinin mühüm bir yükünün altına girmək istəyən məsul şəxslərə aiddir.
2 – İslam Respublikasına, onun əxlaq və dəyərlərdən tutmuş xalq və İslam qarşısında məsuliyyətlərə qədər bütün əsaslarına həqiqi etiqad;
3 – Bir kəndə başçı təyin olunan kimi keçmiş mülkədarların xatirəsini canlandıranları yox, əlitəmiz, inanclı və xalqa xidmətçi şəxsləri işə götürmək;
4 – Fəsadla mübarizəni, korrupsiya və dəbdəbədən uzaq durmağı həyat tərzinə çevirmək;
5 – Vəzifəsindən asılı olmayaraq, xalqa hörmət və xidməti ibadət bilmək, özünü əsl xidmətçi, dəyərlərin təbliğatçısı saymaq, əsassız bəhanələrlə dəyərləri boykot etməmək. Məsul şəxslər cəmiyyəti ata kimi tərbiyə və mühafizə vəzifələrinə diqqət yetirsinlər, laqeydliklə, hisslərə görə və səs qazanmaqdan ötrü cəmiyyətdə təlaq və fəsadı yaymasınlar, ailələri dağıdan xarakterləri dəstəkləməsinlər. Hökumətlər ailələrin möhkənməsində və dağılmasında mühüm amildirlər. Əgər prinsiplərə əməl olunsa, hamı rəhbər, inqilab və İslam respublikası yolunda olar, daha layiqlini seçmək üçün həmin prinsiplər ətrafında sağlam rəqabət baş tutar.

Korpusdakı qardaşlara müraciət
Korpusdakı əziz və fədakar qardaşlara və ordudakı pasdarlara qısa xatırlatmam var: Komandir seçərkən böhranı idarəetmə cəsarətini və qüvvəsini meyar seçin. Təbii ki, vilayət məsələsinə toxunmuram. Çünki silahlı qüvvələrdə vilayət məsələsi xırda məsələ deyil, onun varlığının əsası və toxunulmaz şərtdir.
Başqa bir məsələ düşməni, onun məqsəd və siyasətlərini vaxtında tanımaq, vaxtında qərar qəbul edib, vaxtında hərəkətə keçməkdir. Bunların hər hansı biri vaxtında baş tutmasa, qələbənizə ciddi təsir edəcək.

Din alimlərinə və böyük təqlid müctəhidlərinə müraciət
Cəbhələrin qırxillik əsgərindən böyük din alimlərinə, cəmiyyətin maariflənməsinə, qaranlıqların aydına çıxmasına səbəb olan dəyərli təqlid müctəhidlərinə qısa bir mesaj var. Əsgəriniz müşahidə qülləsindən gördü ki, bu quruluşa xəsarət toxunsa, bütün din və elm hövzələrində uğrunda əzab-əziyyət çəkdiyiniz dəyərlər sıradan çıxacaq. Bu dönəmlər bütün dönəmlərdən fərqlidir. Əgər bu dəfə hakim olsalar, daha İslamdan heç nə qalmayacaq. Doğru yol inqilabı, İslam respublikasını və fəqih rəhbəri heç nəyi nəzərə almadan dəstəkləməkdir. Hadisələr zamanı İslamın ümidi olan sizləri nəyisə nəzərə almağa heç kim vadar edə bilməməlidir. Hamınız imamı sevir, yolunun doğruluğuna inanırdınız. İmamın yolu Amerikaya qarşı mübarizə, İslam respublikasını və imperializmin zülmü altında qalmış müsəlmanları fəqih rəhbər bayrağı altında dəstəkləməkdir. Mən nöqsanlı ağlımla görürdüm ki, bəzi şeytanlar haqq donu geyinərək təqlid müctəhidlərini və nüfuzlu alimləri öz sözləri ilə sükuta və nəyisə nəzərə almağa vadar etməyə çalışırdılar və çalışırlar. Haqq aydındır: İslam respublikası, dəyərlər, İmam Xomeyninin irsi olan vilayəti-fəqih. Bunları ciddi şəkildə dəstəkləmək lazımdır. Mən həzrət Ayətullah Xameneini çox məzlum və yalqız görürəm. Onun sizin köməyinizə, dəstəyinizə ehtiyacı var. Siz böyük alimlər sözlərinizlə, dəstəklərinizlə, onunla görüşlərinizlə cəmiyyətə mesaj verməlisiniz. Əgər bu inqilaba xəsarət toxunsa, hətta məlun şahın dövrü kimi də olmayacaq, hegemon qüvvələr xalqı mütləq dinsizliyə və dönüşü olmayan dərin azğınlığa sürükləyəcəklər.
Mübarək əllərinizdən öpür, bu sözlərə görə sizdən üzr istəyirəm. Bunu hüzurunuza gələrək söyləmək istəyirdim, amma imkan olmadı.
Əllərinizdən öpən əsgəriniz

Hamıdan əfv diləyirəm
Qonşularımdan, dostlarımdan və həmkarlarımdan bağışlanma və əfv diləyirəm. Sarəllah diviziyasının döyüşçülərindən, düşmənin gözünə tikan, yoluna sədd olan əzəmətli Qüds qüvvələrindən, xüsusən də qardaşcasına mənə kömək edənlərdən halallıq və əfv istəyirəm.
Mənə xeyirxahlıqla, qardaşcasına, övladı kimi kömək edən və qardaşlarım kimi sevdiyim Hüseyn Purcəfərinin adını çəkməyə bilmərəm. Onun ailəsindən, bütün döyüşçü və mücahid qardaşlarımın əziyyətə saldığım ailələrindən üzr istəyirəm. Əlbəttə, Qüds qanadındakı bütün qardaşlar məni öz qardaşları kimi istəyib kömək etmişlər; o cümlədən mənə səbir və mətanətlə dözmüş əziz qardaşım Sərdar Qaani.




316 بازدید
در حال ارسال اطلاعات...