Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2019

İlham Əliyevin Mehmana təşəkkür borcu və ya Corc gəncdir, Mehman qoca?

Mehman Hüseynov İlham Əliyevin hiylələrinə aldanıb seçkidə iştirak etsə də etiraf etmək lazımdır ki, ölkədə heç bir seçkiyə xalqın rəğbəti olmadığı halda bircə Mehmana görə ən azından Qaraçuxura aid olan seçki xəbərlərini bəziləri izləyirdi.

Bilirsiniz ki, xəbis, yaramaz, rüşvətxor, saxtakar bir hakimiyyətin sayəsində xalqın heç bir seçkiyə rəğbət və inamı yoxdur. Əlbəttə bu dediklərimizin bir əsası vardır. Məsələn, “karusel” əməliyyatı, bir nəfərin neçə yerdə səs verməsi, məktəbdən şagirdlərin valideynlərini zorla çağırıb səs vermələrini istəmək, bulletenleri toplu halında atmaq və başqa saxtakarlıqları qeyd edə bilərik. İndiyədək Azərbaycanda nə ata nə də bala Əliyevin vaxtında şəffaf seçki olmayıb. Bu ailəni mitinq meydanlarında polislər saxlayırsa seçki məntəqələrində müəllimələr “uzunömürlü” edir. Elə ən böyük qanunsuzluq bitərəf olmalı olan polisin Əliyevləri qoruması, ən böyük şərəfsizlik də şərəfli peşənin mənsubları olan müəllimələri saxtakarlığa cəlb etməkdir.

Azərbaycanda heç bir seçki şəffaf olmayıb, saxtakarlıqla müşayət olunub və beynəlxalq təşkilatlar da seçkini tanımayıb, saxtalaşdırıldığını qeyd ediblər. Bu və bundan doğan boykot nəticəsində İlham Əliyev dünyada nüfuzdan daha çox düşmüşdü. Amma bu Bələdiyyə seçkilərində etiraf etmək lazımdır ki, bir faiz seçkiyə maraq oldusa onu da Mehman yarada bildi. Deməli, Əliyev əslində Mehmana təşəkkür borcludur.
Bu yerdə qeyd edək ki, Mehmanın məntəqəsindən “seçilən” Corc adlı bir nəfərin anası oğlunun seçilməsi üçün prezidentə təşəkkür edib. O deyib ki, təşəkkür edirik ki, prezident gənclərə şərait yaradıb. Bəli, Corc gəncdir, amma Mehman da gəncdir. Məhz Mehmanın udmasını hamı umduğu halda heç qaraçuxurluların belə tanımadığı Corc təyin olunmuşdur. Deməli, olmayan islahatın “fatihəsi” elə indidən verilib. Heç kim deyə bilməz ki, Corc şəffaf seçilib. Zahirən görünən budur ki, saxtalaşdırma olub və deputat seçkilərində olduğu kimi burda da prezidentin aparatında hazırlanan siyahilər təyin edilib. Bu miskin insanlar da külli miqdarda rüşvət verib seçilməyə məruz qalırlar. Ən azından Azərbaycandakı ümumi mənzərə budur. Yoxsa qaraçuxurluların belə tanımadığı adam necə olur ki, Respublikada tanınan bir adama qalib gəlir. Üstə gəl Mehman indiyədək məmurları ifşa etdiyi üçün daha çox sevilirdi. Məhz buna görə də onun seçilməsi zatən mümkünsüz idi.


222 بازدید
در حال ارسال اطلاعات...