Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2019

Ramil Üsubovlar, Bəylər Əyyubovlar, Artur Rəsizadələr də UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmalıdır

UNESKO gərək bizim hökümətin 40 ildən yuxarı vəzifədə olan məmurlarını da siyahıya salardı
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycan "Xan Sarayı ilə birgə Şəkilinin tarixi mərkəzi" Unesko Ümumdünya İrs Siyahısına daxil edilib. İlham Əliyev də bu münasibətlə xaqı təbrik edib. Bu nəyə görə edilib, çünki Şəki qədim şəhərdir, bu şəhərin qədim tarixi keçmişi vardır. Qədimliyə, tarixə qalanda UNESKO gərək bunlarla kifayətlənməməli, bizim hökümətin 40 ildən yuxarı vəzifədə olan məmurlarını da siyahıya salardı. Baxın məsələn, Artur Rəsizadə, Novruz Məmmədov, Ramil Üsubov, Bəylər, Abid Şərifov və başqa nə qədər məmurlarımız, hətta qoca deputatlarımız var ki, bunların yaşında meşələrdə ağaclar qalmayıb. Bunlar əsil əntiqdir, unikal abidlər onların yanında çox cavandır.

Əslində bütün xalqlar, dövlətlər Azərbaycandan ibrət almalıdır. Bunu dəfələrlə deputatxanada Siyavuş Novruzovlar, Ziyafət Əsgərovlar deyib amma saqqalları olmadığı üçün sözləri keçmir. Baxın, Siyavuş Novruzov dəfələrlə deyib ki, gəlib Azərbaycandan seçki sistemini, demokratiyanı öyrənsinlər. Ziyafət dəfələrlə deyib ki, Avropada İlham Əliyev kimi lider olmadığı üçün onlar bizə paxıllıq edirlər.
Bununla belə UNESKO təkcə bu işlərlə məşğul olmamalıdır. Məsələn, gəlib bir azərbaycanlının İlham Əliyevin ayağının dəymədiyi uçulması an məsələsi olan daxmalarına baxsınlar, Şəkinin xan sarayından daha qədimdir.

Əlbəttə ki, UNESKO-nun bu addımları xalqda onun səmimiyyətinə inam yaratmır. Ümumiyyətlə Azərbaycan xalqı o qədər zədələnib ki, bu saat heç kimin səmimiyyətinə inanmır. Təsəvvür edin ki, "dünyada bütün məzlumların himayədarıyıq" deyib Suriyada, Fələstində, Yəməndə haqqı tapdanmışlara yardım edən İrana da bizim inamımız yoxdur. İndi bu xalq deyirsiniz ki, durub UNESKO-ya bel bağlayacaq. Hamı gözəl bilir ki, UNESKO rəhbərliyi yenə Azərbaycana yağlı tikə kimi baxır, bu səbəbdən yenə də nəsə qopartmaq üçün hökümətimizi şirnikləndirir. Axı hökümət belə məqamlarda özünü tərifləyir, deyir ki, bu qədimliyi, unikallığı dövlət, hakimiyyət qoruyub. Buna görə də ona beş vermək lazımdır.

Elə xalqın psixologiyasının məhv olmasının, onda kimsəyə inamın qalmamasının bir, bəlkə ən böyük səbəbi də hakimiyyətin sevincidir. Bu dəqiqə xalq üçün çox gözəl bir meyar vardır. Xalq bir işdən ötrü sevinib sevinməmək üçün hakimiyyətin ağzına baxır. Əgər hakimiyyətin dodağı qaçdısa, sevindisə deməli yüz faiz xalqın xeyrinə bir iş olmamışdır. Elə bu dəfə də belə oldu. Niyə? İnsaflı danışaq da. Nəyimizə lazımdır ki, Xan sarayı UNESKO-nun ÜİK-ə daxil edilib. Gözlərimiz aydın. Doktor Rəşidin sözü olmasın, mən neynirəm o uca binaları, qızıl qabı ki, ora qan qusuram. Təpənizə dəysin sizin alov qüllələriniz də, Xan sarayınız da. Milləti bir parça çörəkdən ötrü Rusiyada, Gürcüstanda, türkiyədə, Kanadada, Ukraynada min cür əzab-əziyyətə salırlar, bu tərəfdən də Xan sarayını məşhurlaşdırırlar. Xalqın qarnının aclığı, evinin bərbad gündə olması rekordlar kitabına düşməlidir. Xalqı qul kimi yaşayan ölkənin divarlarının, Xan sarayının dünyada şöhrət tapması kimə lazımdır? Bir xalqın mədəniyyəti Zaurdan, Əli Mirəliyevdən, Bayramdan və s. şouçulardan ibarət oldusa bu xalqın dünyada tanınan mədəniyyəti daşdan, divardan, saraydan, karvansataydan ibarət olacaqdır. Bir ölkədə insana qiymət verilmirsə təbii ki, o ölkənin insana qiymət verməyən hakimiyyəti UNESKO-nun bu kimi qərarlarına diş ağardacaqdır.


160 بازدید
در حال ارسال اطلاعات...