Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2019

Bəlkə bu da türkün xəstəliyidir

Özgə vaxt "bir millət iki dövlət deyib" baş-beynimizi aparırlar. Biz Allahdan istəyirik ki, bir millət iki dövlət olaq. Hətta nəinki bir millət iki, üç, beş, on, on beş, nə olardı bütün müsəlman dünyası birləşib vahid ümmət olduqlarını sübut edərdilər.
Amma bu dəfə mövzu tamam başqadır. Bizdə bir çox insanlar "bir millət iki dövlət" deyib aləmə car çəkirlər. Məqsəd Azərbaycan və Türkiyədir. Biz qardaş, dost, sirdaş, həmkar ölkələrik. Amma çox təəssüf ki, bəzi vaxtlarda sanki bunu unuduruq.
Bilirsiniz ki, bizim efir məkanı telekanalizasiya adına çoxdan layiq görülüb. Bu telekanalizasiyada aparıcılardan biri var, bir dəfə verilişində dizi üstə sürünərkən hansısa aparıcı bir qızı da belinə "eşşək kimi" mindirib aparırdı. İndilərdə həmin aparıcı (yəni belində eşşək kimi yük aparan insan) topa tutulub. Yadıma gəlmir ki, o zaman telekanalizasiyada eşşəklik edəndə onu topa tutmuşdular ya yox. Əsas odur ki, bu dəfə topa tutublar, özü də deyiblər ki, Azərbaycanı təhqir edib. Zatən Azərbaycan telekanalizasiya toplu və külli bir şəkildə Azərbaycana təhqirdir. 

Məsələ isə bundan ibarətdir ki, bu aparıcı telekanalizasiyada başlayıb Türkiyədə yaşayan türklər kimi danışmağa. Normalda Sabir Rüstəmxanlı kimi nə etdiyini bilməyən insanlar bu cür adamları müdafiə etməli idi. De gəl ki, ondan da hələ ki, səs-soraq yoxdur. Çünki bu adam qəribə bir xəstəliyə tutulub. Harda ərəb-fars sözləri görür götürüb Anadolu türkcəsinə çevirir. Güya biz heyif yerinə, yazıklar olsun, səadət əvəzinə mutluluq, asan əvəzinə kolay sözləri işlətməliymişik. Çünki birincilər ərəb-farsdan keçən sözlərdir, ikincilər isə türk sözləridir.
Bəli, bizdə bu xəstəlik vardır. O dəfə bekarçılıqdan bir türk kanalına baxırdım, gördüm türkiyəlilər gəlib Azərbaycandan reportaj hazırlayıblar. Bir ailə yemək bişirir, bacardıqları qədər də Anadolu türkcəsində danışırdılar. Öz azərbaycanlılarımız ha, türklər yox. Bu yerdə isə qulaqlarımızı "mazol" edən bir cümlə vardır fəqət – gör heç türk gəlib azərbaycan şivəsində danışarmı?
Bu, bir xəstəlikdir, bizdə çoxdandır ki, mövcuddur. Səhiyyəmiz də bərbad gündə olduğu üçün bu xəstəliyə çarə tapa bilmir. Gərək üz tutaq İrana.
Bundan daha xəstəsi bilirsiniz kimdir? "Gör heç türklər azərbaycanca danışar?" deyənlər. Əgər bir millət iki dövlətdirsə onda gərək Anadolu türkcəsində danışan xəstələrimizi qınamayaq. Bəs biz də türkük, onlar da türkdürsə nə üçün bir azərbaycanlının Anadolu şivəsində danışmasını nöqsan tutursunuz? Onda elə icazə verin danışsın da.

Zavallı insanlar, deməli sözü gedən eşşək aparıcının min bir tərbiyəsizliyi bəzilərinin gözünə girmir, amma türkcə danışanda əsəbləşirlər. Mən şəxsən razıyam ki, bütün Azərbaycan xalqı Anadolu türkcəsində danışsın, hətta dövlətin dili türk dili olsun, İlham Əliyev rəsmi çıxışlarında Ərdoğan kimi, "ediyorum", "nasılsın" və buna oxşar sözlərdən istifadə etsin, amma telekanalizasiyamız telekanalizasiya olmaqdan çıxsın, abırlı olsun, eşşəklər yox, insanlar görünsün. Bu da türkün xəstəliyidir ki, 100 qram dilə "hörmətsizlik" olanda etiraz edir, amma dil sahibi olan insanlar telekanalizasiyadan təhqir ediləndə bir söz demirlər. Əcəb olur sizə. Deyirlər su aydınlıqdır, ağzınıza su alıb oturun.


432 بازدید
در حال ارسال اطلاعات...