Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2019

Sultanlıqdan daha şirin

Can güdən insanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi ya tərpəndi?

Sabirin yadigarı

Keçmişdə bir kral olurmuş, bu kral dünyanın yarısından çoxuna sahib olurmuş. Bir gün krala deyirlər ki, cənab kral, əlahəzrət, zatialiləri, bilirsinizmi, bizim məmləkətdə bir kişi peyda olub, dünya-aləm vecinə deyil. Küçə-bazarda özünü elə aparır ki, elə bil Babaxan Sərdarın bacısı oğludur. Kral deyir ki, gedin gətirin onu yanıma. Kralın adamları gedib gəlib krala deyirlər ki, bu adam bədbəxtin biridir, ona dedik ki, kral səni hüzuruna əmr edir, heç vecinə də almadı. Sizin yanınıza gəlməkdən imtina etdi. Kral çox təəccüblənir. "Kortec" hazırlayırlar və nəhayət kral gəlib görür ki, Babaxan Sərdarın "bacısıoğlu" sahildə qum üstündə uzanıb. Kral üzünü ona tutub deyir ki, qalx ayağa, kralın hüzurundasan. Adam isə heç vecinə almır. Kral daha sonra deyir dilə məndən nə dilərsən? İstəyirsən səltənətimin yarısını verim sənə? Adam kefini pozmadan krala deyir ki, nə istəsəm edə bilərsən? Kral deyir bəli. Adam deyir ki, onda zəhmət olmasa çəkil kənara, günəşin qabağını tutursan özümü günə verə bilmirəm. Kralın adamlarından biri deyir ki, gördünüzmü cənab kral, mən sizə demişdim ki, bu adam bədbəxt adamdır. Siz ona səltənətin yarısı hədiyyə edirsiniz, o isə imtina edir.

Əslində isə həmin adam bədbəxt yox, xoşbəxt adamdır. Əsir deyil, azaddır. Sıradan bir vətəndaş deyil, paşadır, kefinin kəhyasıdır, paşa könlü nə istəyir onu da edir.
Əksər krallarda elə tamah olur ki, onlara günəşi də versəniz gözləri doymaz. İstəyərlər günəşi alsınlar, ətrafına hasar çəksinlər, turizm açsınlar orda. Sadə insan isə günəşi heç zaman tutmağa qadir olmayan bir krala günəşin qabağını tutduğunu deyir və əmr edir ki, kənara çəkilsin.
Bəli, krallıqdan, sultanlıqdan daha şirin şeylər var həyatda. Məsələn, elə götürək Nur Sultan müəllimi. Kişi adından əlavə özü də sultanlıqla məşğul idi. Otuz ilin sultanı idi. Nəfsinin sultanı ola bilməyən xalqın ölkələrində sultanların sözü sözlərin sultanı olduğu üçün Nur Sultan müəllimin də sözünün qabağında söz deyən olmurdu. Nəhayət o, öz milli papağını qarşısına qoyub fikirləşdi. Onu fikirləşdi ki, ölkədə birinci adamdır, süfrəsində bir dənə quş südü çatmır, bir də başqa nəsə çatmır ki, başqasında var amma onda yoxdur. Sonra bunun cavabını tapdı. Ona əyan oldu ki, çatışmayan azadlıqdır. Dedi ki, bir "prob" eləyim görüm azadlıq necə olur? Nəhayət otuz ildir özünü həbs elədiyi kreslodan qurtuldu. Zarafat deyil a, baxın görün dünyada neçə diktator kişi oğlu olub iki kəlmə sözü – "İstefa verirəm" sözlərini dilinə gətirə bilir. Mən şəxsən qarşıma çıxan diktatora deyərəm ki, mən səndən daha cəsarətliyəm, niyə? Çünki mən "istefa" sözünü dilimə gətirə bilirəm, amma sən isə yox. 

Mən dediklərimi gözlərini qanını içdiyi xalqın qanı tutan diktatorlar başa düşməz. Mən isə özüm şahidi olmuşam. Deməli, bir dəfə bir dükana girmişdim. Yadımda qalmayıb nə üçün? Boylu-buxunlu, geyimli-keçimli bir kişi də gəlib yanımda durdu. Deyəsən satıcının tanışı idi. Satıcıya nə desə yaxşıdır? Dedi ki, qardaş, həyatda öz səviyyəmdə çatmaq istədiyim hər şeyə çatmışam. Amma yenə də görürəm ki, nəsə çatmır. Görəsən nə çatmır? Satıcı da təmbəllik eləməyib kişiyə dedi ki, ibadət çatmır müəllim! Yəni mənəviyyatda boşluqlar olanda nəsə çatmadığını hiss edirsən.

Nur Sultan müəllim barəsində dediklərimi əhəmiyyətsiz hesab eləməyin. Kişi istəyib bir dəfə Astanada, üzür istəyirəm, Nur Sultan şəhərində cangüdənsiz gəzsin. Amma bu mümkün deyildi. Kresloda oturduğu müddət ərzində bu mümkünsüz idi. O istəsə də onu qoymazlar. Deməli, bir saat paytaxtın küçələrində sərbəst, cangüdənsiz, azad, rahat gəzmək üçün istefa vermək lazım idi. Çünki Nur Sultan müəllim cangüdənlərin əsarətində gəzmək istəmirdi. Onsuz da realist insan gözəl bilir ki, cangüdənin öz canının hayında olduğu məqamlar var. Belə məqamlardan biri onun qarşısına çıxsa nə olacaq? Hələ mən burada fəlsəfi nöqtələrə işarə etmirəm. Hər mühüm insana can güdən lazımdırsa onda cangüdən də mühüm insandır. Çünki mühüm insanın canını güdür. Əgər cangüdən mühümdürsə deməli onun üçün də cangüdən lazımdır. Əgər onun üçün cangüdən lazımdırsa deməli o cangüdənə də bir cangüdən tutmaq gərək. Bununla da gərək Nur Sultan müəllimə bayıra çıxanda bütün xalq cangüdən olub bayıra çıxsın. O, isə bu məsələni birdəfəlik həll edib. Sağ əli o biri sultanların başına.


834 بازدید
در حال ارسال اطلاعات...