Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2019

Eldar Namazov demək istəyir ki, Heydər Əliyev siyasətdən xəbərsiz adam olub – yenə İran söhbəti

Eldar Namazov prezidentin xoşuna gəlməyə istiqamətlənmiş "Heydərnamələr" oxumaqdansa bir qədər İranın vaxtilə Azərbaycana olan köməklərindən danışsın
Heydər Əliyevin köməkçisi vəzifəsində bir vaxtlar çalışmış Eldar Namazov bu yaxınlarda İran əleyhinə müsahibə verərkən çox müəmmalı danışıb. Bir yandan danışdıqlarından belə çıxır ki, Heydər Əliyevi "bir köpüklük" siyasətçi hesab etmir, ya da o zamanlar köməkçisi vəzifəsində çalışdığı Heydər Əliyevin bəzi görüşlərindən, danışıqlarından xəbərsizdir. Heç olmasa internetdə axtarışa verib fotolara bir nəzər salsın.

"Müqayisə edin" deyirsiniz, amma öz müqayisəniz yanlışdır

Eldar Namazovun müsahibəsini başdan ayağa oxumağa ehtiyac görmədik, zatən mövqeyi bəllidir, amma bir-iki kəlmə yazmaqla ona bəzi həqiqətləri xatırlatmaq gərək.
Keçmiş prezident köməkçisi əvvəla orda səhvə yol verib ki, müsahibə alan şəxs ondan İran prezidenti Həsən Ruhaninin Azərbaycanın ərazibütövlüyü əleyhinə səsləndirdiyi fikirlər barədə sual verəndə ona münasib şəkildə cavab verib. Cavab belədir: "İran prezidentinin o sözləri çox şeydən xəbər verir. Azərbaycan prezidenti çıxışlarında hər zaman deyir ki, biz ərazimizdən İrana qarşı istifadə edilməsinə imkan vermərik. İran prezidenti isə bizə qarşı ərazi iddiası ilə çıxış edir. İki prezidentin yanaşmasını müqayisə edin." Əvvəla cavabda İlham Əliyevə müəyyən mənada simpatiyanın izlərinə rastlanırıq. Təbii ki, ehtimal versək ki, İlham Əliyevin və yaxud yaxınlarının qulağına bu müsahibə az da olsa, məzmun etibarilə də olsa çatacaq və o, müsahibədə Eldar Namazovun atası Heydər Əliyevi təriflədiyini görəcək, təqdir edəcək, məsələ bir qədər məlum olur.

İkincisi, cənab Namazova üz tutub deyirik ki, sizin kimi bir siyasətçi nə əcəb bu cür "təkərə düşüb." "Müqayisə edin" deyirsiniz, gəlin edək.

Əvvəla Həsən Ruhani harda Azərbaycan əleyhinə ərazi iddiası edib, onu dəqiq olaraq deyin və əsaslandırın.

İkincisi, fərz edək ki, deyibsə də o, ancaq bir İran vətəndaşı kimi tarixə əsaslanaraq fikir bildirə bilər. Onun bu mövqei İranın dövlətinin rəsmi mövqeyi deyil.

Üçüncüsü, siyasətdə doğrudur ki, prezidentin hər sözü sensasiyaya çevrilir, amma İran dövlətinin bu mövzuda rəyi məlumdur.

Dördüncüsü, İranda prezident Azərbaycandakı baş nazir kimi bir şeydir, əsas söz sahibi isə Ali Dini Liderdir ki, "Qarabağ İslam torpağıdır" deyib. Əgər İran dövlətinin və Ali Dini Liderin Azərbaycana qarşı ərazi iddiası olsaydı, deyərdi ki, Qarabağ İran yaxud erməni torpağıdır.

Beşincisi və ən əsası, əgər siyasəti bir kənara qoyub, tarixi vərəqləsək tarix boyu bütöv bir ərazi olan İran-Azərbaycan torpaqları barədə hər kəs bir mövqe bildirməlidir. Təbii ki, İlham Əliyev də, ondan qabaq Heydər Əliyev də, elə hazırda Eldar Namazovun özü də ya deyəsidir ki, İran torpaqları Azərbaycanın olub, ya da deməlidir ki, Azərbaycan İranın bir parçası olub. Üçüncü söz demək mümkün deyil. Çünki bu iki ərazi tarix boyu vahid torpaqlar və vahdi dövlət sayılıblar. İndi desək ki, İlham Əliyev və Eldar Namazov Azərbaycanın İran torpağı olduğuna inanır, elə Həsən Ruhani də onu demək istəyir. Yox desək ki, Əliyev və Namazov İranın Azərbaycan torpaqları olduğuna inanır, deməli belə çıxır ki, hər ikisi İrana qarşı ərazi iddiası ilə çıxış edir? Eldar Namazov kimi bir siyasətçi burda kobud səhvə yol verib.

Altıncısı, "müqayisə edin" deyirsiniz, amma öz müqayisəniz yanlışdır. Çünki Həsən Ruhaninin "ərazibütöblüyü" barədə rəyi ilə İlham Əliyevin "Azərbaycandan İran əleyhinə istifadə edə bilməyəcəklər" cümləsini yanyana qoyursunuz. Heç dəxli var? Hiyləgərlik edirsiniz. Halbuki yaxşı olardı ki, Həsən Ruhaninin fikir bildirdiyi məsələ barədə İlham Əliyevdən də soruşardınız. (O zaman məlum olardı ki, İlham Əliyev hansı ərazisi hansı ərazinin tərkibi hissəsi bilir) İlham Əliyevin "Azərbaycandan İran əleyhinə istifadə edə bilməzlər" deməsinin müqabilində İranın da rəyi belədir. Məgər İran Ermənistana icazə verir ki, İrandan Azərbaycan əleyhinə istifadə eləsinlər?

Məgər Heydər Əliyev Köçəryanla görüşəndən sonra əllərini yuyurdu?

Başqa bir məsələ isə odur ki, Eldar Namazov Heydər Əliyevdən bir xatirə paylaşır: "Mən xatırlayıram, həmin dövrdə Azərbaycan Prezidenti Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri ilə görüş zamanı bütün bu faktları açıq şəkildə ona deyirdi və İranın XİN rəhbəri cavab verə bilməyib, susurdu. Axırda Heydər Əliyev son nöqtəni qoyaraq ona dedi ki, mən soruşmuram siz bunları niyə edirsiniz? Məni bir məsələ maraqlandırır, siz Azərbaycan torpaqlarını işğal edən, Azərbaycanın dinc əhalisini qıran ermənilərə dəstək verəndən, onlarla görüşəndən, salam verəndən sonra əlinizi gedib yuyursunuz, yoxsa yox? Burada heç bir cavab olmadı. İran XİN rəhbərini çox aciz vəziyyətdə gördüm." Görünür Namazov o zamanlar Heydər Əliyevin Ermənistanın o zamankı prezidenti Köçəryanla, daha sonra İlham Əliyevin Sərkisyanla olan görüşlərindən, gülüşlərindən, xizək sürmələrindən, ayağını ayağının üstünə aşırıb (Heydər Əliyev) səmimi deyib-gülmələrindən xəbərsizdir. İnternetdə axtarış versəniz Əliyevlərin erməni başçılarıyla deyib gülmələri İran prezidentlərindən heç də az deyil. Hətta Ermənistanla Türkiyənin də əlaqələri mövcuddur. İnternetdə Ərdoğanın da, Abdulla Gülün də erməni liderləriylə görüşlərinə, gülüşlərinə rast gələ bilərsiniz. Bunun isə bir cavabı var ki, İran XİN naziri də bunu bilirdi: Siyasət və maraq.

Heydər Əliyev yaxşı siyasətçi olmayıb?

Eldar Namazov kimi bir siyasətçi bilməli idi ki, siyasətdə maraq söhbəti vardır dost söhbəti demək olar ki, yoxdur. Adlarını çəkdiyi Türkiyə və Pakistan da Emrənistanla sərhədlərini maraqlara görə bağlayıblar. Yəni Azərbaycanla dost olmaqda maraqları var ona görə belə ediblər. Bu siyasətdə aydın bir şeydir və normal qəbul edilir. Eldar Namazovdan soruşmaq lazımdır ki, Heydər Əliyev nə zaman İranın daxili işinə qarışıb, onları Ermənistanla münasibətlər qurmamağa çağırıb. Axı Əliyev bilirdi ki, siyasətdə belə şeylər məqbuldur. Yox əgər məqbul saymırdısa buyurub Ermənistana qucaq açan bütün dövlətlərlə əlaqələrini kəsərdi. Yəni Namazov demək istəyir ki, Əliyev yaxşı siyasətçi olmayıb?

Namazov Stepan Şaumyana əl çalan şəxsin komandasında

Namazov nə tez unudur ki, komandasına çalışdığı Heydər Əliyev sovet hökümətində baş katib olan zaman rus zamanında 31 mart soyqırımını törətmiş "26 Bakı komissarı"nın rəisi Stepan Şaumyana heykəl qoyub, alqışlayıb, onu qəhrəman övlad hesab edib. Namazov nə tez unudur ki, bu komanda həmin komandadır ki, sovetlərin ölkəmizin bütöv olaraq (nəinki bir hissə) işğalına göz yumub bu dövlət uğrunda canla-başla çalışıb, yüksək kürsüləri əldə edib. İndi İran rəhbərləri Azərbaycanın kiçik bir hissəsini işğal edən Ermənistan başçılarıyla görüşəndə pis olurlar? Əlbəttə bütün bunlara Namazovun da bir cavabı var: siyasət və maraq. Bu cavabı isə İran XİN başçısının bilmədiyini iddia edir və ya iranlılardan bu cavabı eşidəndə qıcıq olurlar.

İranın dəstəyini niyə unduursunuz?

Son olaraq qeyd edək ki, Eldar Namazov prezidentin xoşuna gəlməyə istiqamətlənmiş "Heydərnamələr" oxumaqdansa bir qədər İranın vaxtilə Azərbaycana olan köməklərindən danışsın. Özü də bu köməkliklər elə Heydər Əliyevin vaxtında və onun vasitəsilə həyata keçib. Nə üçün bu barədə Eldar Namazov bir-ki kəlmə danışmır.


109 بازدید
در حال ارسال اطلاعات...