Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2019

Mehman Hüseynov kimi gənclər ölkəmizə sərf edirmi?

Əgər xırda haqsızlıqlara qarşı danışanda, yazanda, çəkəndə yaxşı olur, böyük haqsızlıqları lentə alanda pis olur?
Biz bacardığımız qədər nahaqdan həbsə atılan insanlar üçün dua etmişik, bu ədalətsiz qərarı pisləmişik, haqlı yerə həbs edilənlər üçün də Allahdan hidayət arzu eləmişik. Orasına şübhə ola bilməz ki, ölkəmizdə bəzi məmurlar o qədər nahaqdan insan həbs edirlər ki, haqlı yerə həbs edilən olanda da insan şübhə ilə baxır məsələyə. Digər tərəfdən də bəzi vətəndaşların həqiqətən də islah olunmağa ehtiyaclı olduğu halda haqlarında heç bir tədbirin görülməməsi qeyd edilən ehtimalı yəqin məqamına qaldırır. Məsələn, bir də görürsən ki, efirdə hansısa bir tanınmış narkoman haqda deyirlər ki, filankəs pis vərdişlərə qurşanıb. Üstəlik bu filankəs azadlıqdadır. Haqqında da tədbir görülmür. Biz demirik ki, həmin adam həbs edilsin. Heç olmasa dövlət onu müvəqqəti olaraq cəmiyyətdən təcrid eləsin, xəstə, uyuşdurucu aludəçisi adıyla müalicəsinə başlanılsın. Tezliklə həm özü pis vərdişlərdən qurtulsun, həm də bundan daha artıq başqasının balasını da zəhərləməsin. Bu cür adamların barəsində dövlət tədbir görməyəndə, amma əksinə olaraq ölkədə qanunsuzluqları ifşa edənləri nahaq yerə həbsə atanda vətəndaşların zehnində bir sıra suallar yaranır.

Nahaqdan həbsə atılanlardan biri də Mehman Hüseynov idi. Bütün Respublikanı qarış-qarış gəzsəniz, sorğu keçirsəniz görərsiniz ki, hamı Mehmanı haqlı bilir. Əslində hər kəsin ürəyindən keçib də edə bilmədiyi işi Mehman edirdi. Məqsəd onun bəzi qudurğan məmurları ifşa etməsidir. Ona bu məlumatlar necə verilirdi, hardan belə məlumatlara sahib olurdu – bu məsələlər o qədər əhəmiyyətli deyil. Əsas odur ki, bir əsası olmasaydı həbs edilməzdi. Deməli, ifşa etdikləri doğru idi, oğrular buna dözməyib onu həbs etdilər. Əslində, dəqiq araşdırılanda görürsən ki, Mehmanın şəxsən prezidentlə heç bir işi yoxdur. Prezidentin və xalqın edə bilmədiyini edirdi. Bu dəqiqə sorğu keçirsəniz, xalq qorxmasa açıq-aydın məmurları lənətləyər, məmurlarımız onların əlinə düşsələr onları didərlər. Hətta prezident özü də bu məmurlar əlindən boğaza yığılıb. Məmurlar da elə kök atıblar ki, onları yerindən tərpədə də bilmir. Bundan başqa hamının bir-birinin yanında "zibili" olduğu üçün məsələnin üstündən müşavirədə göz ağartmaq, barmaq silkələmək, zaldan çıxandan sonra da bir stəkan su içməklə keçirlər.
Mehman Hüseynovun azadlığa çıxması müsbət haldır. Adını belə qoyublar ki, güya onun məktubda yazdıqlarına kimlərinsə mərhəmət hissi coşub. Mehman yazıb ki, azadlığa çıxıb atama baxmaq istəyirəm. Elə bundan qabaq da bütün mübarizəsi bundan ötrü idi. Yəni çəkdikləri, ifşa etdikləriylə demək istəyirdi ki, məmurlar haramdan xalqın malını oğurlamasalar, prezident bütün bu oğurluqlara göz yummasa atalarımız yaxşı yaşayar, işləyər, evə çörək gətirə bilər.
Bu məqamda belə bir sualla müraciət edirik. Hər biriniz vicdanınızla üz-üzə qalıb bu suala cavab tapmağa çalışın. Mehman Hüseynov kimi gənclərə ölkəmizdə yer var yoxsa yox. Belə gənclər ölkəmizə sərf edirmi? Baxın, çox sadə bir müqayisə aparmaq istərdik. Mehman Hüseynov Azərbaycan hakimiyyəti kimi bir əzazil, diktator hakimiyyətin məngənəsindən keçib. Özü də bəzilərinin dediyi kimi heç də sınmayıb. Yenə də üzü ağdır. Qısa və dolayı yolla da dövlətə səslənib deyir ki, əgər istəmirsənsə xalqın büdcəsini oğurlayan məmurları ifşa edim, istəmə, gözlərim aydın. Qoy məmurlar akula kimi dövlətin sərvətlərini xaricə daşısınlar. Cəhənnəmə ki.

Mehman həbsdən əvvəl də fəaliyyətlərinə görə belə bir ölkədə həbs edilməsini 99 faiz ehtimal edə bilirdi. Deməli, bunun özü şir ürəyi tələb edir. Gərək şir ürəyi yeyəsən ki, Stalin repressiyalarını xatırladan YAP hakimiyyətinin məmurlarını tənqid edəsən. Halbuki nə qədər gənclərimiz var ki, yaltaq kimi tərbiyə edilirlər, uşaqlıqdan onları öyrədirlər ki, prezident, yaxud hansısa icra başçısı meydana gələndə qabağına çıxıb şeir desin, əl çalsın, gül versin, mahnı oxusun. Mehman isə mərd oğuldur, bu cür oğullar düşmənin önündə də dayana bilərlər.
Mehmanın fəaliyyətləri arasında diqqət çəkən bir məsələ də bundan ibarətdir ki, adam ölkədə hüququn aliliyinə müəyyən qədər güvənirdi. Təkcə işi hakimiyyətlə deyildi. Məsələn, aparatını əlinə alıb avtobuslara yaxınlaşırdı. Görürdü ki, avtobus sürücüsü vətəndaşla yaxşı yola getmir, yaxşı xidmət etmir, onu vadar edirdi. Dövlətə şikayət edəcəyini bildirirdi. İnsafən, neçə nəfər insan bu gün bu işi görür? Həmin avtobusda, onun ətrafında neçə nəfər vətəndaşa haqlızlıq edildiyini görür və dinmir? Amma Mehman dinir. Camaat "əşşi, cəhənnəmə ki, ölkəni mən düzəldəcəyəm, az aşım, ağrımaz başım" dediyi halda Mehman mübarizə aparırdı. Onun atası ya babası Əli Həsənov deyil ki, ona güvənib gedib cəmiyyətdə haqsızlıqlara qarşı mübarizə aparsın. (Halbu ki Əli Həsənov kimi birinin balası olsaydı bu işləri görməsi çətin idi) Sadə bir vətəndaşdır, amma az-çox bilir ki, ölkədə bir qanun var və əgər o qanuna riayət edilmədiyi vəziyyətlərdə çəkiliş aparıb müvafiq orqanlara şikayət etsə nəsə etmək olar. Bu da ölkədəki hüququn aliliyinə güvəncdən irəli gəlir. Sadəcə bu işi bir qədər geniş çapda – məmur savəiyyəsində edirdi. İndi nə olur, əgər xırda haqsızlıqlara qarşı danışanda, yazanda, çəkəndə yaxşı olur, böyük haqsızlıqları lentə alanda pis olur?

Allahdan arzu edirik ki, digər haqsız yerə tutulan insanlarımız da həbsdən azad edilsin, o cümlədən əziz, dəyərli ruhani və dindarlarımız.


514 بازدید
در حال ارسال اطلاعات...