Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2019

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür? – üç məsələyə izah verin!

Bir dəfə də olsa Rusiyada, Ukraynada, Gürcüstanda işləyən Azərbaycanlılarla maraqlanın da. Axı onlar bir para çörək qazanmaqdan ötrü durub burdan basa-basa hətta Kanadaya qədər gedirlər.
Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür? – üç məsələyə izah verin!
Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlıya açıq məktub!

Sabir bəy, şəklinizin də dərc edildiyi bir yazı oxudum, başlıq bu cür idi: Rejim qorxuya düşüb.
Dedim yəqin müxalifətin "Məhsul" stadionunda keçirdiyi sonuncu və çox insanın toplaşdığı mitinqi nəzərdə tutub iqtidarın qorxuya düşməsini nəzərdə tutmusunuz. Əlbəttə sizin əbədi olaraq qeyri-rəsmi iqtidarın tərəfinə keçməyinizi qəti olaraq bildiyimiz halda yenə də düşündük ki, mümkündür kişi fikrindən dönüb, azərbaycanlılara ürəyi yanıb və bir anlıq ötən illəri – liderlərindən biri olduğu Milli Azadlıq Hərəkatı xatirələrinə qayıdıb. İnanın Allaha ki, sizin kimi insanlar bu günlərdə yenə həmin meydanlara gəlsələr xalqda bir qədər də sizə görə ruh yüksəlişi baş verər.

Amma təəssüf ki, xəbəri oxuyanda məlum oldu ki, yenə İrandan danışırsınız. Baxın, indi bizim haqqımızda "İran agentidir" deyə də bilərsiniz. Necə ki, biz, sizin qeyri-rəsmi olaraq Azərbaycan iqtidarına "işləməyinizi" düşünmürük, dəqiq bilirik, siz də bizim haqqımızda İran agenti ifadəsi işlədə bilərsiniz. Buna şübhəmiz yoxdur. Siz bir azərbaycanlı, türk, atatürkçü, nə bilim "osmanlı torunu" olduğu kimi necə ki, öz həmyerliləriniz üçün can yandırırsınız, biz də bir müsəlman, xüsusən şiə müsəlman olduğumuz üçün dünyada hegemonlar tərəfindən təklənən və ilahi qüvvə sayəsində məğlub olmayan şiə dövlətini dəstəkləyirik. Sizin bizim haqqımızda fikriniz nədir, bu da bizi zərrə qədər maraqlandırmır.
Amma bizim sizin dedikləriniz haqda sizin maraqlanmağınız yerində verilmiş bir qərar olardı. Necə? Deyim, bilin.

Baxın, bizi qınamayın, istəsəniz heç günü sabahdan sizin İran əleyhinə danışdıqlarınızı "vozdux" kimi qəbul edib heç oxumayaq. Amma bizi aldada bilməzsiniz. İndi Cəlil Məmmədquluzadənin dövrü deyil ki, şeyx Nəsrullah (məsəli sizdən uzaq) gəlib bizi aldatsın. İndi ibtidai sinif şagirdləri vatsaplı, selfili telefonlar işlədir. Gəlin səmimi danışaq. Üç məsələni bizim üçün açıqlayın, sonra sizin müridlərinizdən olmasaq bizə nə deyirsiniz deyin. Sözümüz kişi sözüdür.

Birincisi budur ki, siz gözəl bilirsiniz ki, İranı məhv eləmək istəyənlərin başında ABŞ dayanıb. İrandakı mövcud hakimiyyəti (dini dövləti) aradan aparıb devrilmiş şahın oğlunu hakimiyyətə gətirmək istəyəcək. Nə fayda? Onsuz da elə şahın atası İranda hakimiyyətdə idi, xalq bezdi və qovdu. Xalqın başına at təpməmişdi ki, yaxşı rəhbəri qovsun. Siz gözəl bilirsiniz ki, ABŞ-ın nəfəsi belə zərərdir. Gözəl bilirsiniz ki, ABŞ İranda məqsədinə çatsa heç də böyük Azərbaycan, ulu Turan, türk dünyası filan – bu cür işlərlə məşğul olmayacaq.

İkincisi budur ki, sizin adınızın yanında həmişə "Dünya Azərbaycanlıları Konqresinin həmsədri" yazırlar. Biz isə sual veririk, məgər dünya azərbaycanlıları ancaq İrandakı türkdilli insanlardan ibarətdir? Ya birdəfəlik konqresin adını dəyişib "İran azərbaycanlıları" qoyun, ya da gedin bir dəfə də olsa Rusiyada, Ukraynada, Gürcüstanda işləyən Azərbaycanlılarla maraqlanın da. Axı onlar bir para çörək qazanmaqdan ötrü durub burdan basa-basa hətta Kanadaya qədər gedirlər. Niyə bir dəfə onlar barədə danışmırsınız? Yaxşı, bildik ki, Azərbaycan hakimiyyətindən qorxursunuz, gözəl bilirsiniz ki, hazırkı hakimiyyət şairə, yazıçıya baxmır, qabağına çıxanı kəsib-doğrayır. Demirik ki, Azərbaycan iqtidarının pis vəziyyətə saldığı ailələrdən danışın. Heç olmasa xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verin, onardan danışın. Erməni əsirliyində dad eləyən əsirlərə olan işgəncədən danışın.

Üçüncüsü və bəlkə də ən əsası: bəy, İranda Abbas Lisani adlı birinin həbsindən yazırsınız. Üç gündür ki, öz həmyerliniz və vətəndaşınız (hansı ki, İrandakı türkdillilər sənin vətəndaşın deyil) Abbas Hüseyn həbsxanada aclıq aksiyası keçirir, bəs niyə o Abbas yadına düşür, bu Abbas yadına düşmür. Niyə sizi İrandakı azərbaycanlıların talehi maraqlandırır, hacı Tale sizə maraqlı deyil? Hər iki Abbas hakimiyyət əleyhinə danışıb deyə həbs edilibsə, ordakı hakimiyyəti tənqid etmək asandır, hünəriniz varsa burda bir söz danışın.

Müsahibənizdə elə də danışırsınız ki, sanki gedib İrandak həbsxananı görmüsünüz. Deyirsiniz ki, həbsxanada işgəncələrə məruz qalıb, dəfələrlə tutulub, sınmayıb. Hacı Taledən də danışın. Dəfələrlə tutulub, əziyyət edilib, sındıra bilməyiblər. Abbas Hüseyndən də danışın. Azərbaycandakı həbsxanaların vampir rəislərin əlində olmasından da danışın. Abbas Lisanini görən gözünüz var, Abbas Hüseyni görən gözünüz yoxdur? Deyirsiniz ki, Abbas Lisaniyə əziyyət verirlər, siz bilirsinizmi camaata "can Allah əmanətidir, qəsd eləmək olmaz" deyən ruhaninin, dindarın aclıq aksiyasına başlaması nə deməkdir? Deyirsiniz ki, orada camaatı dilindən, məktəbindən məhrum ediblər. Baxın görün Azərbaycanda neçə faiz dərs oxuyur, məktəblərdəki rüşvətləri müqayisə edin. Bunlardan danışın da. Güya şah vaxtında azərbaycanlıların məktəbi, dili var idi? 

Baxın Sabir bəy, bu üç suala tutarlı cavab verin, sonra bizdən sizin səmimiyyətinizə inanmağı tələb edin. Yoxsa xeyri yoxdur, İsrail dəyirmanına su tökən insan kimi yaddaşlarda qalacaqsınız.


458 بازدید
در حال ارسال اطلاعات...