Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2018

Fransadan ilhamlanaq - Fransa etirazçılarından Azərbaycan xalqı üçün fləşmöb

Sanki Fransa xalqı demək istəyir ki, Azərbaycan xalqının oyanması üçün biz özümüzü fəda edirik
Fransa (paytaxt Paris) Avropa mədəniyyətinin beşiyi sayıldığı kimi bəlkə Avropa inqilabının da beşiyi sayılır. Bu məmləkətdə o boyda kralı qorxmadan qovublar. İndi Makron həmin inqilabçı kişilərin nəvə-nəticəsi üçün kimdir ki? Fakt faktlığında qalır. Fakt isə bundan ibarətdir ki, Makronu makaron kimi yumşaldıblar. İndi güzəştlərə getməyə can atır. Görün bu ölkədə nə qədər insan, xalq kütlələri etirazlara başlayıb ki, 6000-dən çox insan həbs edilib. Bu işdə şeytan Amerikanın rolunun olduğu da deyilir. Fransa rəsmiləri isə şeytandan buynuzunu dürtməməsini tələb edirlər.

Fransa inqilabçıları Azərbyacan xalqı üçün fləşmöb düzəldib

Mənə elə gəlir ki, belə məqamlarda bütün xalqların gözü məhz Azərbaycan xalqına tikilir. Ən sakit, səssiz-səmirsiz xalq. Sanki əslində elə Fransa xalqı da Azərbaycan xalqından ötrü inqilaba qalxıb. Sanki Fransa xalqı demək istəyir ki, Azərbaycan xalqının oyanması üçün biz özümüzü fəda edirik. Başqa sözlə desək sanki fransızlar Paris küçələrində əslində fləşmöb düzəldiblər. Makronu da razı salıblar ki, o da bir neçə günlük bu hadisələrə dözsün, təki Azərbaycan xalqı oyansın.

"Fransız xalqı kef edir". Yenə də Azərbaycana çata bilməz

Azərbaycan filmində qeyd edildiyi kimi, bəli fransız xalqı kef edir. Bu xalq ürəyi istəyən zaman deyə bilir ki, cənab kral, cənab prezident çaşma, biz sənin üçün Azərbaycan xalqı deyilik ha... Bu xalq bilir ki, kefi nə vaxt istədi birini götürüb o birini qoya bilir. Bu mənada bu xalq hər gün kef çəkir. Amma reallıq budur ki, Azərbaycan xalqına yenə də çata bilməz. Rəhmətlik Hacı Pünhan demişkən: AZTV-də dərdsizik, amma ki, əhli dərdlərik. AZTV kanalında hərdən bir "şərhsiz" sloqanı ilə Avropanın dağıldığını xalqa göstərir. Demək istəyir (yox, elə deyir) ki, baxın, görün Avropa nə gündə yaşayır, heyif deyil Azərbaycan. Bu ölkədə əmniyyət var, xalq hakimiyyəti dəstəkləyir, prezidentin arxasındadır. Bu dəfə də təbii ki, belə etməklə məşğuldur. Hər gün də eyni yalanı danışıb deyirlər ki, Avropada xüsusən də Fransada bizdə olduğu kimi bir lider olmadığı üçün Fransa batıb gedir.

Fransa xalqı deyir ki, müxalifət lideri neynirəm, mən özüm liderəm

Liderə gəldikdə isə bu xalqın, yəni fransızların lideri çoxdan var. Fransa xalqı o xalqlardandır ki, deyir mənə müxalifət lideri lazım deyil. Mən özüm liderəm. Bəli, əziz oxucu, bu xalqın hər etirazçısı bir liderdir. O bizdədir e, iqtidarın yaltaqları bar-bar bağırır ki, bizdə müxalifət yoxdur, çürüyüb gedib, öz aralarında belə müxalifətçilik edirlər və s. Deyəndə ki, a bala, gəl sən müxalifət ol, görək necə olursan, yoxa çıxırlar. Bəli, inqilab, rifah içində yaşamaq istəyi və bu istəyi reallaşdırmaq üçün nə siyasi müxalifət lazım deyil, nə də ona lider. Xalqın özü liderdir.

Jurnalist Paşinyan və bizim mövqey dəyişən jurnalistlərimiz

Əqidəsini vəzifəyə satan bəzi saxtakar, jurnalist adına ləkə olan jurnalistlərimiz vardır ki, hər dəfə müxalifətin mitinqlərini öz qələmləriylə vurmağa çalışırlar. Onların bir bəhanəsi var: Müxalifət etibardan düşüb. Bunlar o qədər dardüşüncəli jurnalistlər idi ki, Paşinyan belə gəlib bunların qəflətinə maneə ola bilmədi. Əslində Paşinyan inqilab etməklə, müxalifəti, xalqı arxasınca aparmaqla bizim yaltaq, əqidəsini satan vicdansız jurnalistlərimizə demək istədi ki, oturub ana müxalifətdən niyə bir şey gözləyirsiniz. Sizdən yaxşı müxalifət? Buyurun özünüz müxalifət olun.

Saakaşvili örnəyi

Saakaşvili də bizim xalqı oyatmaq qəsdiylə fəaliyyətə başlamışdı. O isə bizim xalqdan əlavə həm də məmurlara demək istəyirdi ki, adam kişi olar, noolsun ki, illərdir kürsüyə yapışıb qalmısınız. Baxın, görün mən Ukraynada qubernator olduğum halda necə haqsızlıqlara etiraz edirəm. Noolsun ki, höküməti təmsil edirdim, hökümət rüşvətə, qanunsuzluğa qurşananda etiraz etməyi bacarıram. Sizin xalq ki, bu qədər yatıb, dərin yuxuya gedib, siz barı bir iş görün, nümunə olun.
Təəssüf ki, Saakaşvili də bu mənada bizim xalqa və məmurlara nümunə ola bilmədi.

Fransadan necə ilham alaq?

Yaxşı, indi biz "sarı jiletlilərdən", fransa inqilabçılarından necə ilham və ibrət alaq? Bəli, cavabı çox sadədir. Fransa xalqı zalım hesab etdiyi Makronun qarşısında bir yumruq kimi dayanıb. Artıq Makronu vergiləri azaltmağa məcbur ediblər. Makron hər gün xalqın qabağında üyüdür, geri çəkilir, razılaşır. Çünki xalqın bir yumruq olan zaman ona qalib gələ biləcəklərini gözəl bilir. Çünki bu xalq illər əvvəl kralı qaçırdan xalqın nəvə-nəticəsidir. Artıq Makron fövqəladə vəziyyət elan etməyə məcbur olub. Azərbaycan xalqı da balaca xalq deyil ha. Ola bilər Azərbaycan balaca dövlət və millət olsun. Amma bu xalq həmin xalqdır ki, 70 ilin qüdrətli Sovet imperiyasına ilk dəfə dağıdıcı zərbə vurmuşdu. Bu xalqı bu gün falçı Bayramlara, alçaq Elçin Əlibəylilərə, səviyyəsiz Əli Mirəliyevlərə, bir qəpiyə dəyməyən Coşqunlara, Rafaellərə baxmağa məcbur edirlər. Amma bu xalqın şanlı keçmişi var. Bu xalqın məhz Fransada oturub cumhuriyyət qurmaq haqda düşünən beyinləri olub. Bu xalq birləşsə onun qabağında nəinki çürük bir iqtidar, heç qüvvə dayana bilməz.


1050 بازدید
در حال ارسال اطلاعات...