Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2018

İnsanın yaranışının mərhələləri

“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.”
Qurani-kərim insanın nədən və necə yaranışı barədəki suallara geniş şəkildə cavab vermişdir. Bundan istifadə etməklə demək olar ki, insanın yaranışı üç mərhələdə baş tutmuşdur.

İlkin mərhələ: Haldan hala dəyişən torpaq

1. Torpaq; 2. Palçıq; 3. Yapışqan palçıq; 4. Qara rəngli palçıq; 5. Süzülmüş palçıq; 6. Kuzə və saxsı kimi bir şeyə toxunduqda səs verən qurumuş palçıq.
Sözü gedən bu alt; hal, bir şeyin müxtəlif hallarıdır və onların hamısında bir həqiqi maddə vardır. Qurani-kərimdən hər altı hala işarə edən bir ayə qeyd edirik:

1. Torpaq
Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (“Ali-İmran” surəsi, ayə 59)

2. Palçıq
“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.” (“Səcdə” surəsi, ayə 7)
Bu mövzuda “Ənam” surəsi, ayə 2; “Əraf “surəsi, ayə 12; “İsra” surəsi, ayə 61, “Sad” surəsi, ayə 71 və 76-ya müraciət edin.

3. Yapışqan palçıq
“Axı Biz onları yapışqan kimi bir palçıqdan yaratdıq.” (“Saffat” surəsi, ayə 11)

4. Qara rəngli palçıq
“Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) qoxumuş qara palçıqdan yaratdıq!” (“Hicr” surəsi, ayə 26)
Bu haqda yenə “Hicr” surəsinin 28 və 33-cü ayələrinə baxa bilərsiniz.

5. Süzülmüş palçıq
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.” (“Mumunun” surəsi, ayə 12)

6. Qurumuş palçıq
“O, insanı saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.” (“Rəhman” surəsi, ayə 14)
Bu məzmun “Hicr” surəsinin 26, 28 və 33-cü ayələrində də gəlmişdir.
Bu ayələr Adəmin ilkin yaranışı və bir növ bütün insanların yaranışının maddəsinin izahıdır. İnsanın maddəsi bu altı halda keyfiyyət baxımından dəyişsə də cövhər və bir növdən digər bir növə keçmə baxımından dəyişməmişdir.
Quran təbiət elmləri kitabı olmasa da, tərbiyə məqsədilə ilk maddə üzərində həyata keçən altı dəyişikliyi qeyd etmişdir ki, insan Haqqın rəhmət və qüdrət əlinin onu necə aşağı hallardan ən yüksək hallara çatdırdığını görsün.

İkinci mərhələ: Surət verilməsi
Qurani-kərim Adəmin surətinin yaradılmasını insanın yaranışının ikinci mərhələsi adlandırır:
“Sizi yaratdıq, sonra sizə surət verdik.” (“Əraf” surəsi, ayə 11)
İndi görək, xilqətdən sonra surət vermək dedikdə, məqsəd nədir?
Bunun izahı ayədə xilqətin mənasının hansı olmasına bağlıdır. Çünki “xəlq” sözü bəzən yaratmaq, vücuda gətirmək mənasına işlənir, bəzən də təqdir və ölçü götürmək mənasınadır. Məsələn ərəb deyir: “Xələqəl-xəyyatus-səvb” yəni dərzi parçanı ölçdü. Bu məna qeyd olunan ayədə gəlmiş “xəlq” sözü barədə düzgün deyil. Çünki ayədə məqsəd vücuda gətirmək və yaratmaqdır. Sözümüzün sübutu odur ki, “xələqnakum” cümləsindən sonra “summə səvvərnakum” (sonra surət verdik) cümləsini gətirmişdir. Aydındır ki, surət vermək ilkin maddənin yaranması ilə uyğun gəlir.

İndi görək surətdə məqsəd nədir?
Surət, digər bir ayədə gəlmiş “təsviyə” mənasınadır:
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman.” (“Hicr” surəsi, ayə 29)

Üçüncü mərhələ: Ruhun üfürülməsi
Üçüncü mərhələ insanın bədəninə ruhun üfürülməsidir. Onun üstün mövcud olması bu mərhələyə görədir. Bu mərhələdə insan bir tərəfdən onu mələklər səviyyəsinə çatdıran əql və düşüncəyə, digər tərəfdən də mötədil saxlamadığı surərdə onu yüksəklikdən zillətə süqut etdirə bilən nəfsi istəklərə sahib olmuşdur.
Quran yaranışın bu mərhələsi haqda belə buyurur:
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (“Hicr” surəsi, ayə 29)
“Sad” surəsinin 72-ci ayəsində də eyni məzmun gəlmişdir.
Əlbəttə, hamımız bilirik ki, Allah nə cismdir, nə də ruh. Allah insanın ruhunu onun əzəmətinə görə Özünə nisbət verir. Necə ki, Kəbə Evini onun əzəmətinə görə Özünə nisbət verərək buyurur:
“Evimi (Kəbəni) təvaf edənlər... üçün təmizləyin!” (“Bəqərə” surəsi, ayə 125)
Mənbə: Cəfər Sübhani Təbrizi, “Mənşuri cavid”, c. 11, səh. 18-24; c. 4, səh. 199-204.
Cəfər Sübhani Təbrizi, “Əndişehayi cavid”, c. 2, səh. 44.


1605 بازدید
در حال ارسال اطلاعات...