Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2018

Ərbəinə gedənlər və israfçılıq

Gedən razı, İmam (ə) razı, siz niyə yuyulmamış çömçə kimi özünüzü ortalığa atıb ürək bulandırırsınız?
Ərbəin astanasındayıq deyə bəzi dairələr fəallaşmağa başlayıb. Məlumdur ki, qurban bayramında, Kərbəla ziyarəti zamanı, ərbəin günü və s. tarixlərdə bir dəstə adamlar peyda olub ağıl öyrətməyə başlayır. Elşad Miri, Fazil Gəzənfər kimi mahiyyətini anlamadıqları şeylər barədə danışanlar azmış kimi bu yandan da israfçılığın günah olduğuna dair "fətva verən müftilər" meydana çıxıb. Adamlar çox qəribədir, rahatlıqla qalxıb sənə-mənə deyir ki, nə üçün pul xərcləyib Kərbəla ziyarətinə gedirsiniz? Üstə gəl başqa vaxt dini kitabın, müqəddəs Quranın üzünü açmayanlar bu kimi günlərdə gedib "araşdırma" aparırlar və gəlib sənə deyirlər ki, əsil imanlı insan ixlaslı olsa yerindən İmama salam versə salamın cavabını eşidər. Bu haqda rəvayət də gətirib sənə nəyisə sübut etməyə çalışırlar. Deyirlər ki, siz niyə bu qədər xərc çəkib ziyarətə gedirsiniz, həmin pulu aparın kasıblara, xəstələrə, imkansızlara, uşaqlar, qocalar evinə verin, məktəblərdə ehsan edin. Həcc sezonunda deyilən bütün iradlar burada da deyilir. Həm də Elşad Miri kimi insanların timsalında bu tip suallar məhərrəm-səfər əyyamlarında ikiqat çoxalır. Nə üçün ehsan süfrələri açırsınız, məscidlərdə ehsanlar verirsiniz, ərbəinə, ziyarətə pul xərcləyirsiz və s. və i.a. Təbii ki, əziz alimlərimiz, din böyüklərimiz, hörmətli ilahiyyatçılarımız çox dəqiq və elmi cavablarla bu cür nadanları yerində oturdublar. Mənim qeyd etmək istədiyim məsələ isə bundan ibarətdir ki, şablon sözləri söyləyənlər arasında hansısa saytda redaktorluq edən bir sıra insanlar da var. Yazır və təbii ki, yazdığını yazanadək bəlkə səksən nəfərə deyib, səksən nəfər də yazısını oxuyacaq, o səksən nəfər də gedib başqa səksən nəfərə bu cür nadancasına deyilmiş sözləri intiqal edəcək. Amma bu insanların anlamadıqları bir məsələ vardır ki, indi deyəcəm aydın olacaq.
Məsələ bundan ibarətdir ki, bu cür düşünən nadan insanların redaktor olduqları sayta daxil olursan, görürsən ki xəbərdə deyilir: "Filan müğənni pişiyini filan müğənninin itinə ərə verdi." "Filan müğənni klipdə filan müğənniyə eşq elan etdi." "Filan müğənni toya filan qiymətə gedir" Bu cür saytların ən "xod gedən" xəbərləri ancaq bu cür milli-mənəvi mentalitetdən uzaq olan xəbərləridir. Redaktora yazırsan ki, ay israfın haram olduğunu deyən, Ərbəin üçün, məhərrəm-səfər günlərində ehsan süfrələrinə pul xərcləmənin israf olduğuna dair "fətva verən qazi", cənabınızın rəyinə görə saytınızda işıqlandırılan namussuz-qeyrətsiz xəbərləri dərc etmək, oxucunun vaxtını belə şeylərlə almaq, bu xəbərləri işləyib hazırlayıb dərc etmək, işləyib hazırlayana pul vermək, bu xəbərlərə görə elektrik xərcləmək, işıq pulu ödəmək və daha nələr-nələr israfçılıq sayılmırmı, haram deyilmi? Bundan başqa nə üçün ərbəin ziyarəti hər il gözünüzə girir, amma bu xəbərlərin anti-qəhrəmanlarının etdikləri sizcə israf deyilmi? Niyə itirdiyiniz vicdanınızın hayqırtılarını eşitmirsiniz? Niyə bir dəfə it-pişik toylarına, müğənnilərin baha qiymətə toya getmələrinə, qeyrətsiz klip çəkənlərə etiraz edib demirsiniz ki, bütün bunlar israfçılıqdır. Nə üçün bu faciələri bir dəfə reklam etməmək şərtiylə işıqlandırıb bu haqda internetdə məqalə, köşə yazıb bildirmirsiniz ki, bütün bunlar israfdır və israfçılıq haramdır. Niyə bu insanların müqabilində diliniz qarnınıza girir. Yoxsa bu insanlardan pul alıb bu işləri görürsünüz? Yoxsa bu insanlar olmasa sizin də bazarınız ölür deyə belə şeylərdən yazmırsınız.
Ola bilər saytınıza reytinq, reytinq üzərindən pul qazanmaq üçün bu cür alçaqlıqlara gedirsiniz. Heç olmasa murdar dilinizə ərbəin sözünü alıb insanlarda çaşqınlıq yaratmayın. Sonra da bizə deməyin ki, sərt tənqid edirsiniz. Axı ola bilər biz jurnalistik və obyektiv yanaşmalı, tənqid edərkən də emosiyaya qapılmamalı, qəzəbimizi cilovlamalıyıq. Üstəlik biz mənəviyyat adamlarıyıq, bu cür cahillərə səbrlə yanaşmalıyıq. Bütün bunları qəbul edirik. Amma hər şeyin də bir həddi var axı. Həm də bu deyilənlər bizə aiddirsə sizə bizdən qabaq aiddir. Mahiyyətindən xəbəriniz olmadığı işə niyə başınızı soxursunuz. Bir də ki, axı sizə nə gəlib? Siz ki, ərbəinə gedən deyilsiniz, İmam Hüseyn (ə) məclislərinə bir qəpik belə xərcləyən deyilsiniz. Sizə nə gəlib, kim zəncirinizi tərpədib ki, başlamısınız danışmağa? Gedən razı, İmam (ə) razı, siz niyə yuyulmamış çömçə kimi özünüzü ortalığa atıb ürək bulandırırsınız? Zibilliyə atılmış qarın-qursaq üztünə yığılan milçək olmaq sizəmi qalıb. Niyə ölkədə məzhəb qırğını salmağa çalışırsınız. İş başınıza qəhətdirmi? Gedin səviyyələrinə endiyiniz müğənnilərin fəaliyyətlərindən yazın da. Ərbəin adını dilinizə almayın.


191 بازدید
در حال ارسال اطلاعات...