Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2018

Hüseyniyyə uşağı, Sovet uşağı və "tərbiyəsiz uşağı"

Məktbələrdəki ədəbiyyata gəldikdə isə bu işi törədənlər elə həmin adamlardır ki, hüseyniyyəyə, İmam Hüseyn (ə) məclislərinə uşaqların buraxılmasını istəmir
Son günlərdə sosial şəbəkələrdə ibtidai və orta məktəb şagirdlərinin ədəbiyyat kitablarında əxlaqsızlığın, tərbiyəsizliyin, şablon və jarqon söz yığını olan materialların dərc olunması kəskin müzakirə və tənqid edilir. Bir kitabda kiminsə analığı tərbiyəsiz obraz kimi qələmə verilir, digər yazıda bir başqa əxlaqsız motivlərdən ibarət yazılara rast gəlirik. Yadıma düşdü ki, Azərbaycandan yerli dibli rədd olub gedən erotik yazanlardan biri bu yaxınlarda yazırdı ki, biz erotik yazdığımıza görə qınandıq, indi demək olar bütün bu cür yazarlar Azərbaycandan gedib, indi hanı Azərbaycanın düz-əməlli yazarları? Yəni demək istəyir ki, biz yoxuq ölkədə, di indi buyurun əxlaqlı bir şey ərsəyə gətirin. Əlbəttə, bu sözlərin müəllifi elə də tanınmış bir adam deyildi, heç orta məktəb dərsliklərində yazıları da çap olunmurdu. Belələrinin qələmini qıran xalqın balalarına indi məktəblərdə rəsmi şəkildə tərbiyəsiz yazılar, məqalələr, hekayələr oxutdururlar.
Sovet höküməti zamanında uşaqlar böyüyüb 11-ci sinifdə oxuyanda biologiya dərslərində insanın cinsiyyəti haqqında bəhs edən mövzular ortaya çıxanda qız-oğlan bir-birindən və müəllimədən utanıb həya edərək dərs oxuyurdu. Hətta fikirləşirdin ki, bu cür dərsləri "daskaya" çıxıb necə danışasan. Amma allahsız bir hökümətin məktəbində vəziyyət belə olduğu halda görün müstəqil Azərbaycanımızda uşaqlarımıza nələr təlqin edilir.
Əlbəttə, bunun iki səbəbi vardı. Birincisi bundan ibarətdir ki, bəhanə edib deyirlər ki, müasir dövrdə yaşayırıq. Məsələn "Sovet uşağı" əgər o vaxt hətta universitetə belə mobil telefon gətirə bilmirdisə (çünki o vaxt müasir cihazlar yox idi) bu gün ibtidai sinif şagirdi ayfonla gəlir dərsə. Zaman dəyişib, nəsillər dəyişib, kitablar niyə dəyişməsin. Bunlar demək istəyir ki, bu cür fikirləri, oğlan-qız, sevgi, ailə, cinsi yaxınlıq və s. kimi məsələləri gərək uşaqlar indidən öyrənsin.
İkincisi budur ki, bunlar demək istəyir bütün bunlar reallıqdır. Əgər bu gün uşaq küçədə, bazarda, evdə, ailədə dostlarıyla danışarkən "alə", ata-anasıyla danışarkən "uff", "bəsdi də", "mazgi eləmə də" və s. buna oxşar ibarələrdən istifadə edirsə niyə bu kimi jarqon sözləri məktəblinin dərsliyinə salmayaq. Elə tərbiyəsiz yazıb-oxuyanlardan (postmodern roman və şeir mənasında) biri bir dəfə efirdə şeir oxumağa başlayanda gördük ki, şeirinin sonrakı cümlələri əxlaqsız səhnələri insanın gözü önündə canlandırır. Aparıcı dərhal onun sözünü kəsib dedi ki, "bu kimi şeirləri çayxanada dostlarınla oxuyarsan, bura efirdir". Yaxşı da elədi, əgər bu oxucu öz ata-anasına hörmət qoymursa bunu yeri efir yox, heç çayxana da yox, beləsinin yeri zibilxanadır.
Bu əxlaqsız insan da sonralar sosial şəbəkələrdə səsini başına atıb deyirdi ki, bu gün cəmiyyət bundan ibarətdir, bu gün xalq belədir, ay nə bilim bu reallıqdır. Məsələn şeirdə ifadə etməyə çalışdığı kimi rayondan gələn pak-təmiz qız universitetə girir və Bakıda "zibili çıxır". Əlbəttə, dediyimiz kimi aparıcı sözünü kəsdi, davam etməyə fürsəti olmayan əxlaqsız "şair" də zalı tərk etdi. Amma o gedəndən sonra xanım iştirakçılardan biri çox gözəl söz dedi: "Biz demirik belə şeylər yoxdur, amma gərək biz belə halların olmaması üçün çalışaq, mənəviyyatı reklam edək"- dedi.
Yuxarıda qeyd edilən iki səbəbə gəlincə, birincisi budur ki, uşaqlara cinsi münasibətləri öyrətmənin öz yaş həddi var ki, istər dinimizdə istərsə də psixologiyada bu kimi məsələlərə yer verilib. Bir də cinsi münasibət öyrətmək istəyən məgər kitabda yazıldığı kimi kiminsə analığından əxlaqsız qadın obrazı yaratmalıdır? İkincisi isə elə hörmətli iştirakçının dediyi kimidir; biz demirik ki, belə hallar cəmiyyətdə yoxdur, bəli vardır, amma bir az da biz belə şeyləri ifşa edib xalqı daha da bədbəxt etməməliyik.
Heç uzağa getmirəm, Ramazan ayında mənəviyyat adamları yaxşılıq etməklə bağlı qısametrajlı bir film çəkmişdilər. Filmdə göstərilir ki, bir kişi dükana girib bütün borcluların borcunu sildirir. İndi bunu dardüşüncəli adamlara danışsaq deyəcək ki, belə bir şey bu günkü zamanda yoxdur. Gərək olmayan şeydən deyil, reallıqdan yazaq. Əvvəla belə reallıqdan yazansansa niyə ölkədəki zülmlərdən, nahaqq həbslərdən, gənclərin narkotika qurşanmasından, spirtli içkilərin ailələri dağıtmasından yazmırsan. İkincisi də lap elə reallıqdır. And içərəm ki, yaxşı tanıdığım bir insan şəxsən dükana borcunu ödəməyə gedəndə satıcı deyib ki, bir kişi gəlib borcluların borcunu sildirdi. Bu da sizə reallıq. İndi əlinizə qələm alıb yazın bu barədə. Özü də yazın ki, islam dini inanclı şəxsi bu işə vadar etdi.
Məktbələrdəki ədəbiyyata gəldikdə isə bu işi törədənlər elə həmin adamlardır ki, hüseyniyyəyə, İmam Hüseyn (ə) məclislərinə uşaqların buraxılmasını istəmir. Amma hansısa pozğunun konsertinə girişi az qalırlar azyaşlı uşaqlar üçün pulsuz etsinlər. Bir həyalı, imanlı, mənəviyyatlı hüseyniyyə uşağına baxın, bir də gəncliyimizi, gələcəyimizi, balalarımızı hüseyniyyədən ayırmaq istəyən "tərbiyəsiz uşağının" etdiyi hərəkətlərə...


304 بازدید
در حال ارسال اطلاعات...